İnsanlara hürriyət, millətlərə istiqlal!

Media qanunu jurnalistikanı dirçəldə biləcəkmi - ideal deyil, amma...

759 11.12.2021 14:40 Gündəm A A

"Media haqqında" yeni qanun layihəsi hazırlanıb. Müvafiq açıqlamada qeyd edilib ki, sənəd media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.

Qanun layihəsinin tam mətni ilə aşağıdakı linkdən tanış ola bilərsiniz: https://musavat.com/news/azerbaycanda-jurnalistlerin-fealiyyetini-tenzimleyecek-yeni-qanun-layihesi-tam-metn_851146.html

Qanun layihəsi parlamentin komissiya iclasında dünən media nümayəndələrinin iştirakı ilə müzakirə edilib. Dekabrın 14-də parlamentin plenar iclasında ilkin oxunuşda müzakirə olunacaq.

16391299405867728227_1000x669jpg-1639130280.jpg (79 KB)

Sirr deyil, bu məsələ elan olunandan sosial şəbəkələrdə, mediada dartışmalar başlayıb. Tənqidçilər də xeyli var və olmaması təəccüblü olardı.
Əlbəttə, dünyada heç nə ideal olmadığı kimi, bu qanun layihəsini də ideal hesab etmək yersiz olar. Bütün qanunlarda, xüsusən yeni(dən) formalaşan qanun layihələrində, norma və qaydalarda hansısa boşluqlar da olur. Zaman keçdikcə, praktikada bu çatışmazlıqlar müəyyən edildikcə əlavə və dəyişikliklər edilir... 

Hələlik isə sənədlə ilkin tanışlıq heç də pis qənaət formalaşdırmır. Düzdür, bir sıra məhdudlaşdırıcı normalar düşünməyə vadar edir, ancaq onların ciddi neqativlər, fəsadları olacağı qənaətində də deyiləm. Beynəlxalq praktikaya söykənən bəndlər daha çoxdur.
Xüsusən onlayn media ilə bağlı məhdudlaşdırıcı normaların ortaya çıxması üzərində dayanılır. Bu məhdudlaşdırıcı normalar düşünürəm ki, son 10-15 ildə formalaşmış xaotik, jurnalistikanın nüfuzunu zədələmiş məsələlərdən qaynaqlanır. Bəli, etiraf etməliyik ki, cəmiyyət, hökumətlə yanaşı, jurnalistlər özləri də “reket media”, “şantajçı media” adlandırdığımız bir şəbəkənin çiçəklənməsindən, dələduzluq məqsədilə sayt açanların günbəgün artmasından çox əziyyət çəkir. Jurnalistikanın nüfuzunu “jurnalist” adı ilə onlayn media meydanına soxulmuş - tərcümeyi-halında belə 5-10 səhv edən, cümlə qurmaq nədir, elementar imla da yaza bilməyənlər, məqsədləri “dələduzluq biznesi” qurmaq olanlar ciddi şəkildə zədələyiblər. Jurnalistikanın çox yox, 20 il öncəsində bizlər jurnalist olmağımızla hər yerdə fəxr edirdik. Bizə həsədlə baxırdı bir çoxları cəmiyyətdə. İndi isə... Məsələn, bir şərti nümunə - kiçik bir mağaza sahibindən bir “reket” gəlib pul tələb edib. O biznesmen, dükançı da sağlam jurnalistika ilə “reketliyin” fərqini ayırd edəcək qədər araşdırmaçı deyil və buna borclu da deyil. Beləliklə, bir nadürüstün qanunsuz əməli səbəbindən jurnalistika və jurnalistlərlə bağlı yanlış təsəvvür formalaşır.
Bir neçə ay öncə biz gördük ki, hətta şəhid ailələrindən dələduzluq yolu ilə pul alanlar tapıldı. Araşdırıldı, kim idi onlar? Bazarda dükanı iflas olmuş biri sayt, internet tv açaraq dələduzluğa başlamışdı. 

Biz çox deyək ki, onlar jurnalist deyil, jurnalistikaya aidiyyəti olmayan adamlardır. Ancaq belə həyasız tiplər özlərini hara gəldi soxmağı bacarırlar. Beləcə, cəmiyyətdə çoxları sanır ki, jurnalist elə budur...

Amma hansı ki, ölkədə düşünən, başı çalışan, təhlil edə bilən, ölkəyə fayda verən, informasiya müharibəsində dövlətin, xalqın mənafeləri uğrunda döyüşən zümrələr içərində sağlam jurnalistlər ön sırada dayanır.

Media, jurnalistlər cəmiyyətdə rəy, fikir formalaşdırır. Odur ki, jurnalistikanın və jurnalistlərin nüfuzunun yüksəldilməsi dövlət və cəmiyyət üçün çox vacib bir məsələdir. Bunun üçün təbii ki, bəzi sərt qaydalar da tətbiq edilməlidir, eyni zamanda qanunvericilik bazası elə formalaşdırılmalıdır, elə təbii şərtlər, şərait mövcud olmalıdır ki, mümkün qədər qısa müddətdə jurnalist adı ilə jurnalistikaya soxulmuş “şantaj şəbəkəsi”, dələduzluq məqsədilə yaranan saytlar sıradan çıxsın, zəifləsin. Düzdür, bu, çox da asan olmayacaq. Çünki belə şantajçı saytların arxasından bəzən hansısa rüşvətxor, korrupsioner məmur baxışları da “boylanır”... 

Bir vaxtlar “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun da yoxa bərabər idi. Bir də görürdün məhkəmədə tərəflərdən birinin nümayəndəsi kimi oturub. Nə qanunları bilirdi, nə hüquq təhsili vardı, eləcə həyasız biri idi, “reket” qaydaları üzrə məhkəmədə haray salırdı.
Sonra nə oldu? Qanun sərtləşdirildi və tədricən vəkil adına ləkə olanların hüquq “cəngavərliyinə” son qoyuldu.
Ümumiyyətlə, dələduzluqla məşğul olmaq “dəbi” təkcə mediada deyil, bütün sahələrdə mövcud olub və mövcuddur. Nə qədər rast gəlmişik bank, tibb, təhsil və s. sahələrdə dələduzluq edənlərə. Hətta bir neçə il öncə iki “qoçaq” əyninə yol polisi forması geyinib, Bakı-Quba yolunda sürücüləri saxlayıb, hədə-qorxu gələrək pul alırdı. 

Media adından dələduzluq etmək isə daha asan idi. Çünki media qanunu demək olar, yox idi və biriləri özlərini burada daha rahat hiss edə bilirdi və yenə də bilməkdə davam edənlər çoxdur... 

Bu boşluq aradan qalxmalıdır, media belə “cəngavərlər”dən nəhayət xilas olmalıdır. 

Qanundakı məhdudlaşdırıcı, sərt normaların əsasən buna yönəldiyi qənaəti formalaşıb məndə. Tətbiqi gözləyək, əgər gözləntilər özünü doğrultmasa, yenidən müzakirələrə başlamaq mümkünsüz deyil. 

Müzakirələr demişkən, sosial şəbəkələrdə belə fikirlərə də rast gəldim ki, media qanunu media nümayəndələri ilə məsləhətləşilmədən, mütəxəssislərin rəyləri alınmadan hazırlanıb. Ədalət naminə deyim, dərhal xatırladım ki, axı belə müzakirələr olub. İctimaiyyətə verilən açıqlama: “Sentyabrın 6-da Medianın İnkişafı Agentliyində (MEDİA) “Media haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinin müzakirəsi keçirilib. Müzakirələrdə Medianın İnkişafı Agentliyinin rəhbərliyi və əməkdaşları, Parlament Jurnalistlər Birliyinin üzvləri iştirak ediblər...” 

Link: https://musavat.com/news/meda-rehberliyi-ve-parlament-jurnalistleri-media-haqqinda-qanun-layihesini-muzakire-etdile-r-fotolar_827349.html

ee929a2da6d1.jpg (119 KB)

Qısa dəqiqləşdirmələr apardım, bəlli oldu ki, qanun layihəsinin hazırlanması zamanı birbaşa bu sahəyə aidiyyəti olan, habelə hüquqi mexanizmlərin tətbiqi məqsədilə 800-ə yaxın ekspertlə fikir mübadiləsi aparılıb, onların bir çox təklifləri, tövsiyələri nəzərə alınıb. Habelə, aparıcı redaksiyaların da təklifləri yazılı şəkildə alınıb. 

Bir sıra həmkarlar qanunun jurnalistlərin müstəqil fəaliyyətinə əngəllər yaradacağı barədə narahatlıqlarını ifadə edirlər. Habelə, gileylənirlər ki, qanun layihəsi hazırlanarkən niyə bütün jurnalistlərlə məsləhətləşilməyib. Gərək hamıdan tövsiyə alınaydı. Arzu olaraq əladır. Ancaq müqayisə edək, məgər Cinayət Məcəlləsi hazırlananda ölkədəki bütün hüquqşünasların, vəkillərin, prokurorların, hakimlərin hamısı ilə söhbət edib fikirlərini alırlarmı? Yaxud da Mülki Məcəllə hazırlananda ölkədəki bütün mülk sahiblərindən təkliflər alınır? 

Burada bir məqama diqqət edək: Media qanununun hazırlanması heç də təsadüfi deyil. Bununla bağlı uzun zamandır danışılırdı, mövcud – üzərində 79 dəfə (!) dəyişiklik edilmiş “KİV haqqında” Qanun günümüzün tələblərinə cavab vermir, müasir media anlayışlarını özündə ehtiva edə bilmirdi.

“KİV haqqında” Qanun yoxa bərabər bir şey idi. İndi yeni qanun mükəmməl sayılmaya bilər, amma mövcud, işləyən qanun olmayan, işləməyən qanundan təbii ki, mütləq qaydada yaxşıdır. 

Bu məsələyə dair ən yüksək səviyyədə göstəriş verilmişdi. Qarabağ Zəfərindən bir qədər sonra Prezident “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzaladı. Fərmanda Medianın İnkişafı Agentliyinin yaradılması və “Media haqqında” qanun layihəsinin hazırlanması barədə tapşırıq verilmişdi. 

Dövlətin media sahəsinə önəm verməməsi barədə iddiaları da doğru saymıram. Ən azı son 1 ildə baş verənlərin, həyata keçirilənlərin bu sahədə sağlamlaşmaya töhfə verəcəyinə inanıram. 

Bəli, burada onu da etiraf etmək lazımdır ki, 2020-ci ilədək media sahəsinə məsul edilmiş şəxslərin əməlləri hazırda məhkəmədə “KİVDF işi”nin araşdırılması zamanı üzə çıxdıqca, birinci onu düşünürsən ki, heç olmasa bundan sonra belə cinayətlərin baş verməməsi lazımdır...
Medianın inkişafına, jurnalistlərin həyat şəraitinin yaxşılaşdırılmasına 2010-2019-cu illərdə ayrılmış vəsaitin demək olar ki, yarısını basıb yeyiblər. Belə şəraitdə media, əlbəttə, iflasa doğru gedəcəkdi... 

Dövlətin rəhbərinin media ilə bağlı göstəriş və tapşırıqlarının, fərman və sərəncamlarının, proqramların, niyyətlərin milli informasiya məkanında davamlı inkişafa nail olunmasına vəsilə olacağına səmimi şəkildə ümidliyəm. Yetər ki, bu işlər, proqram, sərəncam, fərmanlar vicdanla icra olunsun. 

Medianı yalnız dürüst, bu sahənin problemlərini dərindən bilən, öyrənən, ölkənin, xalqın gələcəyinə yanan adamlar dirçəldə bilər. Çünki cəmiyyətin, dövlətin inkişafı üçün güclü, sağlam media çox mühümdür. 

Vətən müharibəsi dövründə informasiya savaşının və bu cəbhədə məsuliyyətli, peşəkar medianın rolunun nə qədər vacib olduğunu gördük. Bu istiqamətdə daha da güclənməyimiz çox vacibdir, çünki gələcəkdə informasiya məkanında çox və davamlı “müharibələrimiz” olacaq...
Bəli, bu göstərilənlərin fonunda istər dövlət maraqları, istər jurnalist maraqları, istərsə də ictimai maraqlar baxımından məsuliyyətli medianın formalaşması yolunda ciddi tədbirlərin görülməsi mütləqdir. Sivil, inkişaf etmiş dövlətlərin təcrübəsində xaotik media yoxdur, onlarda yalnız məsuliyyətli, peşəkar media var!

İctimai nəzarətin güclənməsi, saxta xəbərlərin, “feyk-nyus”un qarşısının alınması, korrupsiya ilə mübarizə üçün də sağlam medianın, nüfuzu bərpa olmuş jurnalistlərin və jurnalistikanın rolu çox vacibdir... 

Sosial şəbəkələrdə ironiya ilə ondan da danışırdılar ki, yeni qanunla jurnalistlərə güzəştlər ediləcək, ardınca “niyə” sualları da verirdilər.
Çünki jurnalist peşəsi dünyada ən ağır, riskli və gəlirləri çox olmayan peşələr sırasındadır. 

Necə ki, dünyada bəzi güc strukturlarında, digər ağır peşələrdə çalışanlara güzəştlər nəzərdə tutulur, eləcə də bu, jurnalistlərə şamil olunur.
Özü də bu güzəştlər əsasən cəmiyyətə də fayda verəcək güzəştlərdir. 
Məsələn, jurnalist muzeyə, mədəni kütləvi tədbirə gedirsə, buradan xəbər hazırlayır, yayır, mədəniyyəti, tarixi, görülən işi təbliğ edir, çatdırır... 

Dünyanın əksər ölkələrində - xüsusilə turistik ölkələrdə tarixi məkanlara, muzeylərə, mədəni tədbirlərə jurnalistlər yalnızca vəsiqəsini göstərərək keçir. Bunu nahaqdan etmir ki dünya... 

Vahid Media Reyestrinin yaradılması, bu reyesrdə olan jurnalistlərə vahid press-kart verilməsi də dartışılan mövzudur. Əlbəttə, buna kimsəni məcbur etmək mümkün də deyil. Bir vaxtlar Mətbuat Şurası da vahid jurnalist vəsiqəsi verirdi. Kim istəyirdi alırdı, kim istəmirdi özünün daxili vəsiqəsi ilə kifayətlənirdi. 

İndi də kim güzəşt, imtiyaz istəmirsə, vahid reyestrdə olmaq xoş deyilsə, tam müstəqil fəaliyyət arzusu bununla isbata keçirsə, elə öz daxili vəsiqəsi ilə kifayətlənsin... 

Əlbəttə, bu qanun, adından göründüyü kimi, yalnız media subyektlərində çalışanların fəaliyyətini tənzimləyəcək. Sosial şəbəkələr, blogerlərə aid deyil bu qanun. Yəni heç də söz, fikir azadlığının boğulmasına hesablanmış kimi qavranılmamalıdır. Sosial şəbəkələr şəxslər, blogerlər qanun çərçivəsində istədiklərini edə bilərlər. Hansısa qanunsuzluqları, hüquqdankənar çağırış və davranışları olarsa, buna müvafiq qanunvericiliklərlə reaksiya veriləcək, media qanunu üzrə yox... 

Qanunun bütün bəndlərini təbii ki, bir yazıda təhlil etmək mümkün deyil, məhdudlaşdırıcı normalar içərisində çox lazımlı olan birini də qeyd edim: əxlaqdankənar jestlərin, ekstrasenslərin (falçıların) təbliğinin qadağan edilməsi. Bundan cəmiyyət ancaq fayda görəcək. Son illər narahatedici formaya gəlib çıxmışdı bu anormallıqlar. 

                                    ***

Təbii, jurnalistlərin və jurnalistikanın məsuliyyətinin, peşəkarlığının, iqtisadi vəziyyətinin normala gətirilməsi təkcə yeni qanun qəbul etməklə həll olunmayacaq. Və problemlər qısa müddətdə də həll olunan deyil. Medianın iqtisadi təminatı, reklam bazarı mexanizminin ədalətli olması haqqında da ciddi düşünülməlidir. 

Əsas məsələ həm o yeni qanunun icrasının mükəmməl həyata keçirilməsi, həm də paralel olaraq sağlamlaşmaya, güclənməyə yönəlik təxirəsalınmaz tədbirlərin görülməsidir... 

Jurnalistlərin savadlılığının artırılması məsələsinə dair fikirlər də hər zaman dartışılıb.
Bir normal jurnalistin, redaktorun yetişməsi üçün illər lazımdır. “Hə, sən yaxşı oğlansan, dilli-dilavərsən, gəl səni filan sayta baş redaktor qoyaq, yavaş-yavaş jurnalistikanı da öyrənərsən” prinsipi də ortadan qalxmalıdır... 

Hələ jurnalisti qoyaq bir kənara. Ümumiyyətlə, özünə ziyalı deyən hər bir kəs öz ana dilində səlis yazmağı, fikirlərini, özünü yazılı şəkildə ifadə etməyi bacarmalıdır. Bu, jurnalist üçün daha vacibdir. Çünki onun işi məhz yazmaqdır, geniş kütlələrə xəbər verməkdir, təhlil, araşdırma aparmaqdır... 

Jurnalistika öz nüfuzunu bərpa etməlidir, savadlı gənclər bu sahəyə xüsusi maraq göstərməlidir, yeni-yeni məşhur imzalar ortaya çıxmalıdır. 

Hamısı yaxşı arzulardır və ümid edirəm bunlar reallaşacaq. Sadəcə, iradə, zəhmət, canıyananlıq və bir qədər də zaman lazımdır... 

Elşad MƏMMƏDLİ, 
Musavat.com 

3a711bd8ba59c29ab74f9b80ab2f6621.jpg (85 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR