İnsanlara hürriyət, millətlərə istiqlal!

Marşal Sisi qarşıdakı 15 ildə Misiri idarə etmək fikrindədir

824 16.02.2019 08:45 Dünya A A

 

Misir parlamenti konstitusiyada prezidentin səlahiyyəti ilə bağlı dəyişikliyi hazırlayır, prezidentlik müddəti 6 il olacaq

Misir parlamenti ölkə konstitusiyasına dəyişikliklər təklifini layihənin ilkin variantında qəbul edib. Dəyişikliklər arasında prezidentlik müddətinin 4 ildən 6 ilə qaldırılması da var. Bu, qəbul olunduqdan sonra hazırkı prezident Əbdülfəttah əs-Sisinin 2034-cü ilə qədər vəzifədə qalmasına imkan verəcək.

Misirin rəsmi xəbər agentliyini MENA-nın bununla bağlı xəbərində deyilir ki, fevralın 14-də keçirilən toplantıda parlamentin 596 deputatından 485-i yeni təklif olunan dəyişikliklərə səs verib. Bu o deməkdir ki, Sisi 2022-ci ildə müddəti başa çatdıqdan sonra daha iki müddətə, yəni 2034-cü ilə qədər postunda qala biləcək.

Hazırkı Misir şərtlərində qanunun qəbulu şübhə doğurmur. Məsələ ondadır ki, dəyişiklik təklifini parlamentə Misir prezidentini dəstəkləyən “Misirə Dəstək Koalisiyası” hazırlayıb və koalisiyanın lideri Abdullah əl-Asabi fevralın 3-də təklifləri parlamentin sədrinə təqdim edib. Parlament isə dərhal sonra, fevralın 5-dən başlayaraq layihə təklifini alt komissiyada müzakirəyə çıxarıb.

Ancaq layihənin əleyhdarları da var. Təklif parlamentə təqdim olunduqdan sonra dərhal sosial şəbəkələrdə “Konstitusiya Dəyişikliyinə Yox” adı altında kampaniya başlayıb. Eyni zamanda müxalifətdə olan 11 siyasi partiya toplanaraq “Konstitusiyanı Müdafiə Koalisiyası” yaradıb.

Amma etirazların nəticə verəcəyi o qədər də real görünmür. Çünki belə anlaşılır ki, Misir hakimiyyəti tezliklə bu dəyişikliyin qüvvəyə minməsində maraqlıdır və proses hakimiyyətin olimpindən idarə olunur. Hazırkı prezident, marşal Əbdülfəttah əs-Sisinin isə hazırda alternativi yoxdur.

Xatırladaq ki, marşal Əbdülfəttah əs-Sisi Misirdə 2018-ci il martın 26, 27 və 28-də keçirilən prezident seçkilərində ikinci dəfə prezident seçilib. Bundan əvvəl isə o, 2014-cü ilin mayında baş vermiş seçkilərdə qalib gəlib.

Qeyd edək ki, Misir 90 milyondan çox əhalisi və 60 milyon seçicisi ilə Yaxın Şərqin və Şimali Afrikanın ən böyük ölkəsi hesab olunur. 2011-ci ilin yanvarın 25-də Misirdə baş verən etirazlar fevralın 11-də prezident Hüsnü Mübarəkin istefa verməsi ilə nəticələnib. Bundan sonra ölkə tarixində ilk dəfə azad və ədalətli seçkilər keçirilib və bir çox siyasi qüvvələrin təmsil olunduğu müstəqil parlament formalaşıb. 2012-ci ilin yayında keçirilən prezident seçkilərində isə “Müsəlman Qardaşlar” Hərəkatının namizədi Məhəmməd Mursi prezident seçilib. Ancaq Mursi sadəcə bir il vəzifədə qala bilib. 2013-cü il iyulun 3-də Mursinin fəaliyyətindən narazı olan ordu və keçmiş hökuməti dəstəkləyən siyasi qüvvələr bir araya gələrək hərbi çevriliş həyata keçirdi. Mursi həbs olundu, hökumət isə yenidən ordunun nəzarətinə keçdi. 2014-cü ilin mayında baş tutan prezident seçkilərində ölkəni faktiki olaraq idarə edən marşal Ədülfəttah əs-Sisi Misirin yeni prezidenti seçilib.

“Beyt əl-Makdis” ile ilgili görsel sonucu

Ötən 5 ildə Misirdə vəziyyət heç də yaxşılaşmayıb. 2014-cü ildən etibarən Sinay yarımadasında İŞİD-in yerli qanadı “Beyt əl-Makdis” qruplaşması fəaliyyətə başlayıb. Qruplaşma Misir ordusu və hüquq-mühafizə orqanlarına davamlı hücumlar həyata keçirib. Ancaq buna baxmayaraq qruplaşmanı yox etmək mümkün olmayıb, Misir ordusu hələ də Sinayda təmizlənmə əməliyyatları həyata keçirir.

Ölkənin ikinci və əslində əsas problemi iqtisadi vəziyyətdir. Doğrudur, ekspertlər Misirin yaxın 10 ildə sürətlə inkişaf edəcəyini proqnozlaşdırır, lakin hazırda ölkə iqtisadiyyatı o qədər də yaxşı vəziyyətdə deyil. Kənd təsərrüfatı ölkəsi olan Misirdə əhalinin həddən artıq sıxlığı ciddi problemdir. Misirdə kənd təsərrüfatı əsasən Nil çayının sahili boyunca ölkənin cənubundan şimala doğru bir zolaqdadır. Qalan ərazilər isə səhradır. Bu səbəbdən də 90 milyondan çox əhalisi olan və sürətlə artan Misir indi daha çox başqa mənbələrdən “qidalanır”. “Ərəb baharı”na qədər Misir əhalisinin bir qismi qonşu ərəb ölkələrində, xüsusən də Səudiyyə Ərəbistanı, Liviya kimi ölkələrə gedərək orda çalışırdı. Ancaq müharibələr və terror bu imkanları xeyli məhdudlaşdırıb, Liviyadakı 2 milyon misirlinin böyük qismi geri qayıtmağa məcbur olub.

Ä°lgili resim

Ölkə iqtisadiyyatının əsas gəlir sahələrindən biri olan turizm isə 2015-ci ildə Şarm əş-Şeyxdən Sankt Peterburqa uçan və içərisində rus turistləri olan təyyarənin İŞİD tərəfindən partladılmasından sonra ciddi zərbə alıb. Hətta bir dönəm turist sayı 70 faizə qədər azalıb. Misir hökumətinin cəhdlərinə baxmayaraq hələ də əvvəlki vəziyyətə qayıtmaq xəyal olaraq qalır.

Misirin digər mühüm gəlir qaynağı isə Süveyş kanalından əldə olunur. Ümummilli gəlirin 20 faizinin əldə olunduğu Süveyş kanalı dünya dəniz ticarətinin 14 faizinin həyata keçirildiyi ən böyük dəniz keçididir. Misir iqtisadiyyatında kanalın böyük rolu var. Mütəxəssislər, kanalın təmir olunub iş imkanlarının böyüdülməsi nəticəsində 1 milyon yeni iş yeri yarana biləcəyini proqnozlaşdırır. Bu səbəbdən də Misir hərbi çevrilişdən bu yana körfəz ölkələrinin yardımlarından asılı vəziyyətdədir. BƏƏ, Küveyt, Səudiyyə Ərəbistanı kimi ölkələr Misir hakimiyyətinə maddi dəstək verirlər. Bunun qarşılığında Misir indi Səudiyyə Ərəbistanı koalisiyasında yer alır.

Sisi üçün ən böyük təhdidlərdən biri də 2013-cü ildə devrilmiş “Müsəlman Qardaşlar” və ya başqa adla “ixvan”dır. 2013-cü ildə baş verən hərbi çevrilişdən sonra Misir hakimiyyəti “ixvan” tərəfdarlarına qarşı sərt repressiyalar həyata keçirsə də, təşkilat hələ də Misir hakimiyyətinin əsas kabusu olmaqda davam edir. Məhz “ixvan”a görə Misir hələ də Türkiyə ilə münasibətlərini yumşaltmayıb. Yaxın Şərqin müsəlman ölkələrinə yayılmış və bir sıra ölkələrdə ciddi dayaqları olan təşkilat Sisi hakimiyyəti üçün ciddi təhlükədir.

Yeri gəlmişkən, ötən ilin dekabrında Misir məhkəməsi “ixvan” üzvü və ya bu təşkilatı dəstəkləməkdə ittiham olunan 614 şəxs, 268 şirkət, 30 xəstəxana və ya apteki müsadirə edilməsi haqda qərar verib. Bundan bir neçə ay əvvəl isə məhkəmə aralarında Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin də olduğu 1589 şəxs, 1133 təşkilat, 118 şirkət, xəstəxana və eləcə də bir neçə xəbər saytının əmlakına həbs qoyub.

Bu tədbirlər bir mənada Misirdə gələcəkdə hakimiyyətə problem ola biləcək mənbələrin sıradan çıxarılması, potensial müxalifətin maddi qazanc yerlərini əlindən almaq məqsədi güdür. Bu bir mənada Sisinin hakimiyyətlə bağlı planlarına xidmət. Marşal Sisi Misiri hələ uzun zaman şəxsində ordunun hakimiyyəti altında saxlamaq niyyətindədir.

Kənan RÖVŞƏNOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR