Fransa Prezidenti Emmanuel Makronun İrəvana səfəri diplomatik protokollardan kənar, olduqca səmimi və emosional görüntülərlə başa çatıb.
Musavat.com xəbər verir ki, Fransa lideri ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı vida mərasimi sosial şəbəkələrdə və dünya mətbuatında geniş müzakirələrə səbəb olub. Təyyarənin trapı yanında bir-biri ilə uzun müddət qucaqlaşan və əl sıxan siyasətçilər vidalaşarkən qeyri-adi jestlərdən istifadə ediblər.
Makron təyyarəyə qalxarkən Nikol Paşinyan ona barmaqları ilə "ürək" işarəsi göstərib, Fransa prezidenti isə buna cavab olaraq trapdan "hava öpüşü" göndərib. Bu qeyri-rəsmi davranışlar iki ölkə arasındakı münasibətlərin artıq sadəcə strateji müttəfiqlik deyil, həm də şəxsi yaxınlıq səviyyəsinə yüksəldiyinin göstəricisi kimi qiymətləndirilir.
Analitiklər qeyd edirlər ki, bu cür nümayişkaranə səmimiyyət Parisin İrəvana verdiyi siyasi dəstəyin simvolik mesajıdır. Lakin bu kadrlar həm Ermənistan, həm də region ölkələrində birmənalı qarşılanmayıb və bir çoxları tərəfindən ciddi dövlət xadimlərinə yaraşmayan hərəkət kimi tənqid olunub. Hazırda liderlərin "ürək" və "öpüş" jestləri beynəlxalq mediada günün ən çox paylaşılan görüntülərinə çevrilib. Ermənistan mətbuatı isə bu anları "iki xalqın dostluğunun təzahürü" kimi təqdim edir.
Musavat.com






