Bakıda nəqliyyat sıxlığının azaldılması məqsədilə bəzi dövlət qurumlarının paytaxtdan kənara köçürülməsi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Bu müzakirələrdə adı hallanan qurumlardan biri də Azərbaycan Milli Elmlər Akademiyasıdır (AMEA).
Musavat.com xəbər verir ki, məsələ ilə bağlı AMEA-nın həqiqi üzvü, akademik Nizami Cəfərov Bizim.Media-ya açıqlamasında bildirib ki, dünya təcrübəsində elm və təhsil müəssisələrinin şəhər mərkəzlərindən kənarda yerləşməsi geniş yayılmış modeldir.
Onun sözlərinə görə, bir çox ölkələrdə tarixi binalar daha çox inzibati idarəetmə məqsədilə istifadə olunur, elmi-tədqiqat və tədris fəaliyyəti isə daha geniş imkanlara malik ərazilərdə təşkil edilir: "Bəzi ölkələrdə bu tipli tarixi binalarda daha çox administrativ idarəçilik davam etdirilir. Tədqiqat və tədris işləri üçün kənarda daha əlverişli və geniş mühit yaradılır.
AMEA-nın, eləcə də universitetlərin sabah daha uyğun bir yerdə yerləşdirilməsi üçün imkan yaradılacaqsa və belə bir qərar qəbul ediləcəksə, niyə də olmasın? Elmlər Akademiyasını məşhurlaşdıran onun binası yox, nüfuzudur. Bina şərti mənada nüfuz emblemi, simvolu ola bilər. Amma bütövlükdə söhbət binanın özündən deyil, fəaliyyətindən gedir. Bina hər yerdə var. Əsas onun işi, uğurları və əməkdaşlığıdır".
Nizami Cəfərovun bu yanaşması elmi ictimaiyyətdə birmənalı qarşılanmayıb. Musavat.com bildirir ki, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva sosial şəbəkədə yayımladığı paylaşımda AMEA-nın paytaxtdan köçürülməsi ilə bağlı iddialara sərt etiraz edib.

Alim bildirib ki, elm tarix boyu məhz böyük şəhərlərdə və mədəniyyət mərkəzlərində formalaşıb: "Azərbaycan Milli Elmlər Akademiyası paytaxtdan köçürülür? Bu təklifi irəli sürənlər, dəstəkləyənlər, görəsən, hansı məntiqdən çıxış edirlər? Elm tarixən mərkəzlərdə - saraylarda, hökmdarların dəstəklədiyi şəxslər tərəfindən idarə olunan kitabxanalarda cəmləşmişdi. Xətib Bağdadda kitabxana müdiri idi, Sadiq bəy Sadiq Təbrizdə kitabdar idi. Hazırda alim lazımi ədəbiyyatı heç mərkəzi kitabxanalardan və kitab dükanlarından tapa bilmir. Bölgələrə daşınsa, elmin "Fatihə"si oxunacaq".
Səadət Şıxıyeva nəqliyyat sıxlığının səbəbi kimi AMEA-nın göstərilməsinin də doğru olmadığını vurğulayıb: "Sıxlığı yaradan AMEA-dır, yoxsa ətrafdakı universitetlər? Bu sualın sadə cavabı dərslər bitən kimi metronun normal, sıxlıq olmadan fəaliyyət göstərməsidir".
Dosent son dövrlərdə AMEA və alimlərin əsassız şəkildə hədəfə çevrildiyini də qeyd edib: "Ciddi alimin min bir zillətlə Azərbaycan elmini və adını qoruduğunu, nə kimi məhrumiyyətlərə qatlaşdığını bilməyənlər bəddua edir. Sanki büdcəni talayanlar az təminatlı alimlər imiş kimi yenidən köhnə mövzular, saxta görüntülər müzakirəyə çıxarılır.
Saxta elmi adları peşkəş edib elmi və elmi mühiti gözdən salanlar yox, məhz elmi əməkdaşlar hədəfə alınıb. Min təəssüf. Hər kəs öz işi ilə məşğul olsaydı, normal düşüncəli cəmiyyət formalaşa bilərdi. Amma hamı hər işlə məşğuldur, öz sahəsindən başqa..."
Xalidə,
Musavat.com






