İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəlzələdən qorxan ölkə yeni paytaxt tikir

1006 16.07.2026 14:35 Ölkə A A

Yaponiya parlamentinin aşağı palatası ölkədə güclü zəlzələ və digər fövqəladə halların baş verməsi vəziyyətində dövlət idarəçiliyinin fasiləsiz davam etdirilməsi məqsədilə "ikinci paytaxt"ın yaradılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib. Layihə Tokio fəaliyyət göstərə bilmədiyi halda hökumətin işini davam etdirəcək ehtiyat inzibati mərkəzin yaradılmasını hədəfləyir.

Musavat.com xəbər verir ki, qanun layihəsinə əsasən, ehtiyat paytaxtın seçilməsi səlahiyyəti baş nazirə veriləcək. Kyodo News-un məlumatına görə, baş nazir əhalinin sayı, iqtisadi potensial və digər meyarları nəzərə alaraq prefekturaların təqdim etdiyi müraciətlər arasından uyğun bölgəni müəyyən edəcək. Hakim Liberal Demokrat Partiyası (LDP) və koalisiya tərəfdaşı Yaponiya İnnovasiya Partiyası (JIP) bildirirlər ki, seçiləcək ərazi Tokio ilə eyni təbii fəlakət risklərini daşımamalıdır.

Qanun layihəsini hazırlayan siyasi qüvvələr sənədin parlamentin yuxarı palatasında da qəbul edilərək qüvvəyə minəcəyinə ümid edirlər. Qanun təsdiqlənərsə, Yaponiyanın tarixi paytaxtı Kyoto ehtiyat paytaxt üçün əsas namizədlərdən biri hesab olunur. Layihəyə əsasən, qanunun qəbulundan sonrakı beş il ərzində inzibati və memarlıq hazırlıqlarının həyata keçirilməsi planlaşdırılır.

Yaponiya dünyanın ən seysmik fəal ölkələrindən biri hesab olunur və burada güclü zəlzələlər tez-tez baş verir. Yeni təşəbbüsün əsas məqsədi paytaxt Tokionun böyük təbii fəlakət nəticəsində fəaliyyətini itirməsi halında dövlət idarəçiliyinin, hökumət qurumlarının və strateji qərarların qəbulunun fasiləsiz davam etdirilməsini təmin etməkdir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR