Slovakiyanın 2027–2028-ci illərdə NATO-nun Azərbaycandakı Təmas Səfirliyi funksiyasını təkbaşına icra edəcək olması ilk baxışdan texniki qərar kimi görünə bilər. Lakin bu addım Azərbaycanın NATO ilə tərəfdaşlığının davamlı xarakter daşıdığını göstərən mühüm siyasi siqnaldır.
Azərbaycan NATO üzvü olmasa da, artıq 30 ilə yaxındır ki, alyansla müxtəlif istiqamətlərdə əməkdaşlıq edir. Bu əməkdaşlıq "Sülh naminə tərəfdaşlıq" proqramı, hərbi təhsil, müdafiə islahatları, kibertəhlükəsizlik, fövqəladə hallara hazırlıq və sülhməramlı əməliyyatlar kimi sahələri əhatə edir. Xüsusilə Azərbaycan hərbçilərinin uzun illər Kosovoda və Əfqanıstanda NATO missiyalarında iştirakı Bakının etibarlı tərəfdaş imicini formalaşdırıb.
Slovakiyanın Bakıdakı səfirliyinin Təmas Səfirliyi funksiyasını davam etdirməsi də məhz bu əməkdaşlığın institusional səviyyədə saxlanmasına xidmət edir. Təmas səfirliyi NATO-nun Azərbaycanda hərbi bazasının və ya daimi nümayəndəliyinin yaradılması demək deyil. Onun əsas funksiyası alyansla Azərbaycan arasında əlaqələrin koordinasiyası, ictimai diplomatiyanın təşviqi, ekspert və hərbi dairələr arasında dialoqun genişləndirilməsi, təlim və tədbirlərin təşkilinə dəstək verməkdir. Bu qərarın region ölkələrində müxtəlif qiymətləndirilməsi mümkündür.
Rusiya NATO-nun Cənubi Qafqazdakı fəallığını diqqətlə izləyən əsas aktorlardan biridir. Bununla belə, Təmas Səfirliyi yeni hərbi infrastruktur yaratmadığı üçün Moskvanın sərt reaksiyasına səbəb olacaq addım kimi görünmür. Daha çox diplomatik və siyasi müşahidə predmeti olacaq.Slovakiyanın NATO-nun Azərbaycandakı Təmas Səfirliyi missiyasını davam etdirməsi hərbi blokun regionda yeni hərbi mövcudluq yaratması anlamına gəlmir. Bu, daha çox Azərbaycan-NATO tərəfdaşlığının koordinasiyasını və siyasi dialoqun davamlılığını təmin edən diplomatik mexanizmdir.Bununla belə, Cənubi Qafqazın mürəkkəb geosiyasi şəraiti nəzərə alınarsa, bu cür qərarlar həm Moskva, həm Tehran, həm də İrəvan tərəfindən diqqətlə izlənəcək
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli Musavat.com-a bildirdi ki, Azərbaycan dünyanın aparıcı və nüfuzlu dövlətləri, eləcə də beynəlxalq təşkilatlarla milli maraqlarına uyğun şəkildə əməkdaşlıq edir: “NATO ilə münasibətlər də məhz bu prinsip əsasında qurulub. Azərbaycan uzun illərdir NATO ilə müxtəlif proqramlar çərçivəsində əməkdaşlıq edir, hərbi təcrübə mübadiləsi aparır və Silahlı Qüvvələrinin peşəkarlığının artırılması istiqamətində bu tərəfdaşlıqdan faydalanır. Xüsusilə qardaş Türkiyənin NATO üzvü olması Azərbaycanın alyansın müasir hərbi standartları, təlim və hazırlıq sistemi ilə daha yaxından tanış olmasına imkan yaradır. Türkiyə ilə strateji müttəfiqlik münasibətləri bu istiqamətdə əməkdaşlığın daha da səmərəli olmasına şərait yaradır. Azərbaycan NATO-nun sülhməramlı missiyalarında, o cümlədən Əfqanıstandakı əməliyyatlarda fəal iştirak edib və bu, ölkəmizin beynəlxalq təhlükəsizliyə verdiyi töhfənin göstəricisidir. Bu əməkdaşlıq həm Azərbaycan hərbçilərinin peşəkar hazırlığına, həm də ölkənin beynəlxalq nüfuzunun artmasına xidmət edib. Rusiya-Ukrayna müharibəsindən sonra Avropanın təhlükəsizlik arxitekturasında baş verən dəyişikliklər NATO ilə tərəfdaşlığın əhəmiyyətini bir daha artırıb. Azərbaycan da bu reallıqları nəzərə alaraq, milli maraqlarını əsas götürməklə NATO ilə əlaqələrini davam etdirir. Bununla yanaşı, Azərbaycanın xarici siyasəti balanslı xarakter daşıyır. Ölkəmiz heç bir hərbi bloka qoşulmadan həm NATO ölkələri, həm də digər beynəlxalq tərəfdaşlarla qarşılıqlı hörmət və milli maraqlar prinsipi əsasında münasibətlərini inkişaf etdirir. Hesab edirəm ki, Azərbaycanın milli və dövlət maraqlarına xidmət edən bütün beynəlxalq əməkdaşlıq formatları, o cümlədən NATO ilə tərəfdaşlıq gələcəkdə də davam etdirilməlidir. Dünyada təhlükəsizlik, müdafiə və hərbi texnologiyalar sahəsində mövcud olan müsbət təcrübədən faydalanmaq ölkəmizin müdafiə qabiliyyətinin daha da güclənməsinə töhfə verir”.
Cavanşir Abbaslı
Musavat.com






