İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərpoçt” MMC ÜPİ-nin Xidmət Keyfiyyəti Fondunun İdarə Heyətinin 95-ci iclasına ev sahibliyi edir

311 16.07.2026 15:42 Ölkə A A

AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC Ümumdünya Poçt İttifaqının (ÜPİ) Beynəlxalq Bürosu ilə əməkdaşlıq çərçivəsində 14 – 17 iyul 2026-cı il tarixlərində Bakıda keçirilən Xidmət Keyfiyyəti Fondunun (Quality of Service Fund – QSF) İdarə Heyətinin 95-ci iclasına ev sahibliyi edir.

Tədbirin açılış mərasimində çıxış edən “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən Manaf Babayev bildirib ki, “Azərpoçt” beynəlxalq əməkdaşlığın genişləndirilməsinə və Ümumdünya Poçt İttifaqı çərçivəsində həyata keçirilən təşəbbüslərə fəal töhfə verməyə xüsusi önəm verir.

İclas proqramı çərçivəsində Xidmət Keyfiyyəti Fondunun İdarə Heyətinin sessiyaları keçirilir. Sessiyalarda fond çərçivəsində təqdim olunan layihə təklifləri, yekun və qiymətləndirmə hesabatları, eləcə də fondun fəaliyyəti ilə bağlı digər məsələlər müzakirə olunur.

Həmçinin, “QSF AZE2313 Bakı” layihəsi çərçivəsində magistral poçt daşımalarının təkmilləşdirilməsi məqsədilə alınmış 5 ədəd iritonnajlı nəqliyyat vasitəsinin layihə üzrə yekun qiymətləndirilməsinin aparılması da nəzərdə tutulur.

ÜPİ-nin Xidmət Keyfiyyəti Fondu inkişaf etməkdə olan ölkələrdə poçt xidmətlərinin keyfiyyətinin yüksəldilməsini dəstəkləyən mühüm maliyyə mexanizmidir. Fond vasitəsilə həyata keçirilən layihələr poçt operatorlarının infrastrukturunun modernləşdirilməsinə, əməliyyat imkanlarının genişləndirilməsinə və xidmət keyfiyyətinin artırılmasına xidmət edir.

Qeyd edək ki, ÜPİ-nin bu nüfuzlu beynəlxalq tədbirinin Bakıda keçirilməsi və “Azərpoçt” MMC-nin ona ev sahibliyi etməsi Azərbaycanın qlobal poçt sistemində artan rolunun, beynəlxalq əməkdaşlığa verdiyi töhfənin və etibarlı tərəfdaş kimi mövqeyinin növbəti təsdiqi olmaqla yanaşı, qabaqcıl təcrübə mübadiləsinin genişlənməsinə və ÜPİ ilə uzunmüddətli əməkdaşlığın möhkəmlənməsinə xidmət edir.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR