İnsanlara hürriyət, millətlərə istiqlal!

“Made in Turan”ın loqosu - niyə Bozqurd yox, at?

1209 31.05.2024 11:52 Gündəm A A

Yasəmən Qaraqoyunlu: “Loqoda Bozqurd simvolu daha uyğun olardı, ona görə ki... ”

Türk Dövlətləri Təşkilatına üzv ölkələr bu gün qlobal və regional miqyasda strateji hesab olunan Orta dəhlizin üzərində yerləşir. Bu ölkələrin vahid markalaşmaya keçid etməsi isə onların istehsal etdikləri məhsula, göstərdikləri xidmətə qarşı marağı daha da artıracaq. 

Bu istiqamətdə yaxın günlərdə atılan daha bir uğurlu addım Turanın dünyada tanınmasına böyük töhfədir. “Made in Turan” brendinin yaradılmasında məqsəd türkdilli ölkələr arasında mövcud investisiya imkanlarının öyrənilməsi, brendlərin beynəlxalq mühitə inteqrasiyasının təşkili, şirkətlər arasında kommersiya əlaqələrinin inkişaf etdirilməsi və möhkəmləndirilməsidir. Türkdilli dövlətlər arasında yaradılan bu vahid brend stehsal olunan məhsulların keyfiyyətinin artırılmasına gətirib çıxaracaq. Mayın 2-3-də Bakıda keçirilən “2024-cü il Türkdilli Dövlətlərin İqtisadi Forumu”nda qoyulan əsas məsələ türkdilli ölkələrin brendlərini dünyada tanıtmaq məqsədi daşıyırdı. Mayın 17-də isə Qazaxıstanda Azərbaycanın təşəbbüsü ilə Türk dünyası markalarını birləşdirən “Made in Turan” brendi yaradılıb. “Made in Turan” markası Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin istehsal etdiyi məhsulların vahid markalanmaya keçidi deməkdir. Artıq Cənubi Koreya, Kanada və Türkiyədən bu markanın tətbiqi ilə bağlı müraciətlər var. Türk dövlətlərinin “Turan” markası adı altında məhsul ixrac etməsi istehsal edilən malların dünya bazarlarında tanınması və faydalanmasına böyük təkan verəcək.

Brendin loqosunda at təsvirinin olması müzakirəsiz ötüşməyib. Bildirilir ki, “Made in Turan” adı qoyulan brendin loqosunda milliyyətçilik, türkçülük və turançılıq ideyasını daşıyanların əksəriyyətinin simvolu olan Bozqurd təsviri yer almalı idi.

Tanınmış türkoloq, professor Firudin Cəlilov isə Pravda.az-a açıqlamasında deyib ki, loqoda at təsvirinin olmasında heç bir problem yoxdur: "Bozqurd mifoloji inancdan gələn simvoldur. Türklərin soykökünü Bozqurdla bağlayırlar. Qurdu həmişə xilaskar, yolgöstərən, törədici qüvvə kimi təsəvvür ediblər. Buna görə də qədim türk dastanlarında Bozqurda böyük önəm veriblər. Əlbəttə, Bozqurd at kultundan çox qədimdir. Dörd-beş min il bundan əvvəl atçılıq başladı, ata mindilər, onu arabaya qoşdular. Bundan sonra atla bağlı mifoloji görüşlər də formalaşdı. Atların içində ən maraqlısı Tulpar atlardır. Tulpar atlar dəniz ayğırlarından yaranan, Qırat kimi qanadlı atlar sayılır. Hətta "Koroğlu" dastanında da yer alıb. Yəni at qurddan sonra ikinci kult kateqoriyasına daxil olub. Buna görə də “Made in Turan” brendinin loqosunda at təsvirini inkar etmək düzgün deyil. Qurd başqa xalqlarda mənfi emosiyalar yaradıb. Hətta mifologiyanı bilməyənlər qurda canavar, yırtıcı, dağıdıcı təsəvvürü ilə baxırlar. Buna görə də indiki dönəmdə loqoda qurddan daha çox atın olması məsləhətdir. Burada bir problem yoxdur".

Bəs digər ekspertlər necə düşünür?

Millət vəkili Fərəc Quliyev 60 illik yubileyini keçirib - Fotolar

Fərəc Quliyev

Mövzu ilə bağlı Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Yeni Müsavat”a danışıb: “Məmnunam ki, türk dövlətləri artıq bir araya gəliblər. Xatırladım ki, 1998-ci ildə məhbəsdə yazdığım "Yeni dünya düzəni siyasətində Azərbaycanın yeri və rolu" adlı irihəcmli konseptual kitabımda bu modelin adını Transkontinental “Turan” Avrasiya bloku (TAB) qoymuşdum. 

Beləliklə, türk dövlətləri bir araya gələrək, addım-addım bu işləri görür və vahid bir ailənin brendi olaraq “Turan” brendini ortaya qoyurlarsa, artıq burada hansı şəklin olması önəmli, əsas deyil. Əsas olan mahiyyətdir. Hətta burada başqa bir simvol da ola bilərdi. Üstəlik, at simvolu türk mifologiyasında, zaman-zaman müəyyən türk dövlətlərinin bayraqlarında olub, göstərilib. 

Ola bilər ki, kimlərsə iftar dərəcədə milliyyətçidir, istəyirdilər ki, “Made in Turan” brendində Bozqurd simvolu öz əksini tapsın, onları da anlamaq olar. Amma ola bilər ki, günün birində başqa bir formatda, başqa yerdə Bozqurd simvolu altında hansısa bu brend olsun. Məsələn, Türkiyə dövlətinin ordusunda xüsusi hərbiçilər var ki, onların qollarında Bozqurd simvolu var və yaxud Azərbaycan komandaları döyüşə gedəndə Bozqurd işarəsi tutublar. Bəlkə ortaq ordu yaradanda bu simvol tətbiq ediləcək. 

Ona görə hesab edirəm ki, bu barədə narahat olmağa dəyməz, əksinə, məmnun olmalıyıq ki, nəhayət, türk dövlətləri bir araya gəlir, ortaq brend yaradırlar".

Tarixin dəyişməz qanunu var: İdealizm qandan qidalanır, qanla suvarılır - Yasəmən  Qaraqoyunlu

Tədqiqatçı alim Yasəmən Qaraqoyunlu isə qeyd etdi ki, türk dövlətlərinin ortaq brendində Bozqurd simvolunun olması daha uyğundur: “Bozqurd simvolu türkləri birləşdirən siyasi simvoldur. At isə türk mədəniyyətinin əsas ünsürüdür. At həm də köçəri türklərin obrazıdır və dünya da çalışır ki, türk tarixi ilə bağlı konsepsiyalarda  türkləri köçəri tayfa, xalq kimi təqdim etsin.

Bir çox mədəniyyət konsepsiyalarında isə köçəri xalqları mədəniyyəti olmayan mədəniyyət qura bilməyən xalq kimi təqdim edirlər. Əslində isə köçəri mədəniyyətin özü də bir mədəniyyətdir.

Bu səbəbdən at simvolu bir qədər mübahisələr doğurur. Birincisi, türk milləti yalnız köçəri xalq olmayıb, həm də oturaq millət olub, kanallar, yeraltı kəhrizlər çəkiblər, əkinləri sulayıblar, şəhərlər qurublar. Ona görə də çalışmalıyıq dünyaya bəyan edək ki, türklər təkcə köçəri xalq olmayıb. At simvolu isə təsdiq edir ki, türklər köçəri mədəniyyətə malik xalqdır. Ona görə də şəxsən mən türk dövlətlərinin ortaq brendində bozqud simvolunun olmasına üstünlük verərdim. Çünki türk birliyinin qurulması siyasi hədəfdir".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR