İnsanlara hürriyət, millətlərə istiqlal!

Lideri olan ölkələrin uğuru - Deputat Vüqar İskəndərovun yazısı

Ermənistan Azərbaycan torpaqlarında digər güclərin hesabına dövlət qurandan bu günlərə qədər himayəçilərinin uzun illərdən sonra doğulan sırtıq və ərköyün övladı qismində yaşayıb. Lobbilərindən haram pullar gəlib, digər havadarlarından silah (özü də müftə), gözləri də onun-bunun torpağında... Haramla, ədalətsizliklə yaradılan dövlət sonunda belə taleyi yaşamalıydı. Haqqını ödəyirlər. Amma hələ tam ödəməyiblər. Ölkə isterika, panika içərisində çabalayır. Bəs necə oldu? Hanı o dəstək, day-daylar, sponsor əmilər, Kardaşyan kimi "namuslu" bacılar, xalalar...

Deyək, necə oldu: Belə oldu ki, ermənilər çaş-baş, ürkək vəziyyətdə ora-bura boylanır və dünyadan həmişə olduğu kimi ermənisayağı imdad diləyirlər. Amma alınmır. "Niyə alınmır"ın cavabını verək...

Bax, burada biz ölkə rəhbərimizi əbəs yerə əsl lider, dünya siyasətinin akademik mahir bilicisi, qəhrəman, müzəffər sərkərdə adlandırmırıq. Cənab İlham Əliyev illərdir bölgədə yaranmış geopolitik situasiyanı dəyişib, yeni konfiqurasiya yaradıb. Az qala olmazı olan edib. Bunun nə qədər çətin və inanılmaz olduğunu dərinliyində və mayasında düşündükcə beyinin qavramağa çətinlik çəkdiyi nələr durur nələr...

Hamı bir də ayıldı ki, Azərbaycan elə güclənib ki, onunla hesablaşırlar, onu dinləyirlər, onunla razılaşırlar. Düşmənlər dosta çevrildi, ermənini müdafiə edənlər daha yeni konfiqurasiyalı geopolitik maraqlarla davranmağa başladılar. Dünya isə maraqla izləyir. İlham Əliyev bunları necə etdi? Necə ola bilər, İsraillə yaxın dost ol, İranla yaxşı qonşu! ABŞ-la yüksək səviyyədə münasibətdə (Əfqanıstanda sülhməramlılarla və enerji məsələlərində müttəfiqlik) ol, Çin və Rusiya ilə əla əlaqələr qur. Belə faktları çox saymaq olar. Bu necə olur? Siyasətin çirkin olduğu yüz illərlə söylənilsə də sən öz ölkənin maraqları çərçivəsində hamıyla ləyaqətli, düzgün siyasət yerit, siyasətin çirkin olduğu mifini dağıt, ədaləti həmişə üstün tut, öz maraqlarını hər an müdafiə et, qoru və eyni anda heç kimin hüquqlarını pozma, heç kimlə toqquşma, münasibətlər isə günbəgün, aybaay, ilbəil inkişaf etsin. Bu necə ola bilər? Çox çətindir deyilmi? Amma cənab İlham Heydər oğlu Əliyev bacardı. Çünki adından sonra yazılan Heydər adı var üstündə. Böyük məktəb var. Hələ arsenalda nə qədər bilik var, nə qədər təcrübə var... Həmişə var olsun. Əsl lideri olan ölkələr tarixdə uğur qazanıblar. Necə ki müasir ABŞ Corc Vaşinqtona, Fransa Şarl de Qolla, Türkiyə Mustafa Kamal Atatürkə və s. borcludur. Tarixi isə şəxsiyyətlər yazır! Ermənistanın məğlubiyyətinin azı 50 çalarını, səbəbini saymaq olar. Amma əsaslardan biri ölkənin liderinin olmaması oldu. Hətta Ermənistan prezidenti Armen Sarkisyan bütün bunları bu və ya digər formada açıq-aşkar söyləyir. Hamımız yaxşı bilirik ermənilər İlham Əliyev-Paşinyan duellərində bizim prezidentə necə qibtə ilə baxırdılar və baxırlar. Nə qədər özləri bunu etiraf edən faktlar da var. Dünya dəyişir, özü də sürətlə, yeni çağırışlar, yeni yanaşmalar, ölkələrin iqtidarları, rəhbərləri dəyişir. Hərəsi yeni bir proqramla yeni nələrsə gətirirlər siyasətə... Azərbaycan bu yeniləşmədə də öndədir. Həm daxili, həm xarici siyasətdə praqmatikanı unutmur. Iqtisadi müstəqilliyini möhkəmləndirir. Qonşularla, əsasən də qardaş Türkiyə ilə birgə irəliləyir. Bizi sevən, bizə hörmət qoyan ölkələrlə münasibətlərini daha da genişləndirir. Yardıma ehtiyacı olana yardım edir, dəstək verir, dostu sevindirir, düşmənin gözünü kor edir.

Dünya bir günlük deyil. Gələcəyi də dərindən düşünür, bizim lider. Gələcəyə hesablanmış siyasət yeridir. Iqtisadiyyatımız çətin il yaşasa da çökmədi, əksinə yavaş templə də olsa irəli getdi. Inkişafımızı nüfuzlu beynəlxalq təşkilatlar təsdiq edir. Hətta həm iqtisadi irəliləyişi, həm də hərbi bacarığımızı altdan altdan öyrənirlər. Yaxşı ki bunu açıq deyən dövlətlər də var. Hətta maliyyəsi, əhalisi, ərazisi, ordusu bizdən qat-qat böyük və güclü olanlar da. Demək yolumuz düzdür, işıq gələn tərəfə gedirik. It hürən tərəfə gedənləri də işıqlı yola dəvət edirik. Daha neyləməliyik? Yalnız irəli, yalnız yeni Azərbaycan yaradaraq, yeni model ölkə təqdim edərək. Bu bizdə gözəl alınır.

Mədəni dəyərlərimiz dünyaya təqdim olunur. I vitse-prezident Mehriban xanım Əliyeva bu sahədə yeni nəsil azərbaycanlı obrazı yaradılmasında, qədim tarixə malik ölkənin innovativ baxışlı insanının yetişdirilməsində, onların milli dəyərlərimizi uğurla təqdim edilməsində əvəzsiz rol oynayır. Bu tandem hələ çox uğurlara imza atacaq.

Müsəlman ölkələri içərisində müasir bir ölkə də parlayır, adı Azərbaycan! Sevək bu ölkəni, uğuru üçün çalışaq. Hərəmiz çalışdığımız sahədə töhfələr verək. Gələcək nəsillərə cavabdehlik missiyamızı unutmayaq!

Vüqar İskəndərov, millət vəkili

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Fevral 2021

BÜTÜN XƏBƏRLƏR