İnsanlara hürriyət, millətlərə istiqlal!

Ləğv olunmalı Minsk Qrupu niyə “xortlamaq” istəyir - Azərbaycanın mövqeyi qətidir!

1320 19.10.2021 16:13 Gündəm A A



Son günlərdə maraqlı bir proses müşahidə olunur: ATƏT-in Minsk Qrupu mövcudluğunu göstərməyə ciddi cəhdlə səy göstərir. Artıq belə informasiyalar da var ki, həmsədrlər danışıqlar prosesini yenidən bərpa etmək, regiona səfər etmək üçün plan qururlar.

Maraqlı və gələn ilkin məlumatlar ondan ibarətdir ki, Minsk Qrupu Azərbaycanın bölgədə yaratdığı mövcud reallıqların tələbi üzrə deyil, yenə də özlərinin mənasız, məzmunsuz iddiaları üzrə davranmağa çalışırlar.

Qəribədir, həmsədrlər 30 il ərzində heç bir irəliləyişə nail ola bilmədi, bölgəyə turistik səfərlər etməkdən başqa bir iş görə bilmədilər. Azərbaycan nəhayət, 2020-ci ilin payızında özü Qarabağı işğaldan azad etdi. Beləliklə, münaqişə həll olundu, Azərbaycan BMT-nin 4 məlum qətnaməsini də təkbaşına icra etdi.
Azərbaycan Prezidenti İlham Əliyev postmüharibə dövründə dəfələrlə bəyan edib ki, artıq münaqişə bitib, “Dağlıq Qarabağ” adlı ərazi vahidi, belə bir termin də yoxdur. Bundan sonra ancaq söhbət sülh müqaviləsindən, kommunikasiyaların açılmasından, sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdəki separatçıların, revanişst düşüncəli ermənilərin tam neytrallaşdırılmasından gedə bilər.

Dövlət başçısı bir neçə dəfə diqqətə çatdırıb, açıq şəkildə bildirib ki, söhbət yalnız sülh müqaviləsi üzrə danışıqlardan gedə bilər.
Ancaq Minsk Qrupu yenə də öz ampluasından çıxmaq istəmir, sanki dünyadan xəbərsizdir və yenə də absurd şəkildə “danışıqlar prosesinin bərpasından” bəhs edirlər.
Əslində, ümumiyyətlə Minsk Qrupunun fəaliyyətinə ehtiyac belə yoxdur. Əvvəla, MQ ötən dövr ərzində neytrallığını qoruya bilməyib, mənasız danışıqlar təşkil edib, hansısa bir müsbətə nail olmayıb və ona olan etimad tamamilə sıfıra enib.

Prezident hələ ötən ilin dekabrında Minsk Qrupuna yerini göstərmişdi. ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul etmişdi və onlarla kifayət qədər sərt danışmışdı.

Prezident-həmsədrləri-qəbul-edib.jpg (43 KB)

Sitat: "Təəssüflər olsun ki, Minsk Qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk Qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Mən son 17 il ərzində danışıqlarda iştirak etmişdim. Lakin müharibə zamanı dediyim kimi, Minsk Qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir... Mən Minsk Qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk Qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm. Bəlkə onların mənə sözləri var”.

Bu görüşdən sonra bəlli olmuşdu ki, Minsk Qrupunun bölgədə yeni yaranmış situasiyaya uyğun heç bir təklifi yoxdur. Daha sonra onlar yenə də eybəcər bəyanatlarla çıxış etdilər, gorbagor olmuş statusdan danışmağa başladılar. Belə təsəvvür yaranır ki, Azərbaycan Minsk Qrupuna düşünüb, obyektiv davranışlar sərgiləmək üçün şans tanıdığı halda, onlar bundan sui-istifadə edirlər.

Yenə də unudurlar ki, Azərbaycan üçün müharibə bitib və dövlətimiz, cəmiyyətimiz nə MQ-na, nə başqalarına yenidən problemi bərpa etməyə heç bir halda imkan verməyəcək. Əgər onlar bu iddialarında davam edərlərsə, heç şübhəsiz ki, Azərbaycan Minsk Qrupundan çıxdığını bəyan edə bilər. Bu haqqını daim özündə saxlayan dövlətimizin absurd davranışlar göstərən Minsk Qrupunun ləğv olunmasına doğru addımlaması tam təbiidir.
Çünki süni şəkildə münaqişə mövcudluğu görüntüsü yaratmaq, bunun üzərində abstrax danışılqar aparmaq nəticə etibarı ilə erməni revanşizminə dəstək verməkdən başqa bir şey deyil. Bu perspektivi indidən görən obyektiv təhlilçilər, politoloqlar hesab edir ki, Minsk Qrupu birdəfəlik ləğv edilməlidir. Çünki onlar görülməli olan işlər deyil, hiyləgər, regionda sabitliyi pozmağa yönələn vartiantlar üzərində baş sındırırlar.

44 günlük savaş – Qarabağ zəfəri həm də mənasız danışıqlara son qoyub.

Hazırda isə Qarabağla bağlı həyata keçirilməsi vacib olan bir neçə iş var:

- Sülh sazişinə, dayanıqlı sülhə nail olmaq, buna yönəlik təkliflər vermək;
- Erməni vandalların 30 ildə məhv etdiyi, viran qoyduğu ərazilərimizi bərpa etmək;
- Qarabağ ermənilərinə bundan sonra Azərbaycanın tərkibində dinc, vətəndaş kimi yaşamaqdan başqa variant olmamasını anlatmaq;
- Sülhməramlı missiyanın mandatından kənara çıxan davranışlar göstərməməsinə çalışmaq.

Azərbaycan Prezidenti ötən çıxışlarından birində xüsusi olaraq vurğulayıb ki, əgər bölgə ilə bağlı maraqlı qüvvələr danışıqlar prosesindən danışırlarsa, Azərbaycan da sülh naminə danışıqların aparılması labüd hesab edir. Eyni zamanda Prezident mövqeyi ilə bir daha duyurub ki, danışıqlar dedikdə, söhbət heç bir halda olmayan “Dağlıq Qarabağ”dan, gorbagor olmuş "statusdan", artıq başa çatmış münaqişədən getmir, bu, yalnız sülh, barış, regional inkişaf üçün danışıqlar və ona yönəlik təkliflərin müzakirəsi ola bilər.
Prezidentdən sitat: “Sülh və regionun inkişafı naminə Azərbaycan danışıqların aparılmasına hazırdır. Azərbaycan artıq bir neçə dəfə açıq şəkildə Ermənistanla dialoqa başlamağa hazır olduğunu bildirib. Söhbət təkcə dialoqun başlanılmasından getmir, eyni zamanda, Azərbaycan və Ermənistan arasında gələcək sülh razılaşmasının üzərində aparılacaq işdən də gedir. Müharibə bitib, münaqişə öz həllini tapıb. Biz regionu daha da proqnozlaşdırıla bilən, sabit və təhlükəsiz regiona çevirmək üçün yeni fəaliyyətə başlamalıyıq. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması Cənubi Qafqaz regionu üçün yeni imkanlar yaradacaqdır.
Azərbaycan danışıqlara və istənilən yüksək səviyyəli təmaslara hər zaman hazır olduğunu bildirib. Hər yeni təmas açıq qalmış sualların cavablandırılması üçün fürsətdir. Aparılan hər bir yeni danışıq regionun inkişafı üçün yeni başlanğıc nöqtəsi ola bilər. Azərbaycanın mövqeyi çox aydındır. Münaqişə artıq həll olunub, keçmişə qayıdış olmamalıdır və revanşizm yolverilməzdir. Gələcək və sülh haqqında, regionu necə daha da sabit və təhlükəsiz etmək imkanları haqqında fəal danışıqlar aparılmalıdır”.

Bu açıq mesajdan sonra da Minsk Qrupu qeyri-adekvat davranış sərgiləyir. Belə olan halda bircə yol qalır – Minsk Qrupunun tamamilə ləğv olunması. Çünki Azərbaycan öz prinsiplərindən, haqq yolundan dönən deyil, doğru mövqeyində qətidir.

Elşad MƏMMƏDLİ,
Musavat.com

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR