İnsanlara hürriyət, millətlərə istiqlal!

Ləğv edilməmiş Minsk Qrupu ərazi bütövlüyümüzə təhlükədirmi? - Avropada məxfi görüş iddiasına sözardı

533 28.07.2023 10:43 Siyasət A A

Ermənistanın, Qarabağdakı xuntaçıların ATƏT-in Minsk Qrupunu israrla diriltməyə çalışdıqları sirr deyil. 27 il yalnız erməni işğalını legitimləşdirməklə məşğul olmuş, özünü nüfuzdan salmış bu üzdəniraq və qərəzli qurumun “bərpa”sında Bakıya təzyiq rıçaqlarını saxlamaq istəyən bəzi dövlətlər də maraqlı olmamış deyil. Söhbət həm də Rusiyadan gedir.

Azərbaycan isə təbii ki, bu formatın əleyhinədir və onu hər hansı şəkildə vasitəçi qismində bir daha görmür. Bu istisnadır. Bununla belə, ermənilər xəyallarla yaşamağa davam edirlər. Bunu srağagün Ermənistanın baş naziri Nikol Paşinyanın sözləri də təsdiqləyir. Paşinyan deyib ki, reallıqda heç kim nə ATƏT-in Minsk Qrupunu, nə də Minsk Qrupunun həmsədrliyini ləğv etməyib.

“Bir anda onlar (keçmiş həmsədrlər - red.) ünsiyyəti bərpa etmək qərarına gələ də bilərlər. Bu baxımdan, Ermənistan və Azərbaycanın hüdudlarından kənarda olan proseslər var”, - Nikol iddia edib.

Yəni ki, guya Minsk Qrupu Bakının iradəsindən kənar, günün birində “xortlaya” bilər. Halbuki vasitəçilik üçün hər iki tərəfin razılığı olmalıdır.

“Hraparak” erməni qəzeti isə bu arada yazıb ki, separatçıbaşı Araik Arutyunyan bir neçə həftə əvvəl guya qapalı görüşdə ATƏT-in Minsk Qrupunun formatının yenidən aktivləşdirilə biləcəyini bildirib, hətta bu yaxınlarda Avropa şəhərlərindən birində həmsədrlərin görüşünün keçirildiyini iddia edib.

Qəzet “artsax deputatı” David Qalstyandan belə bir söhbətin olub-olmadığını soruşub. “Söhbət Minsk Qrupundan yox, "Minsk Qrupu-2 olmağa çalışacaq oxşar formatdan gedir", - Qalstyan bildirib, lakin digər detallar ona məlum deyil.

“Ancaq Rusiya, ABŞ və Avropa İttifaqının vasitəçiliyi ilə hansısa görüşün olması faktı, artsaxın Rusiya və ABŞ-ın danışıqlar masasına qayıtması üçün yenidən müəyyən platformaya çevrilə biləcəyinə bənzər bir şey var”, - nəşr sonda iddia edib.

Minsk Qrupunun “dirilməsi” və ya “Minsk Qrupu-2" mümkünmü? Ermənilər yenə nə xəyallara düşüblər? Ən əsası, ləğv olunmayan Minsk Qrupu yaxın perspektivdə Azərbaycan üçün, ərazi bütövlüyümüz üçün hər hansı təhlükə kəsb edirmi?

Azər Hüseynov: “Savadlı və hikmətli ruhanilər yetişməlidir”

Azər Hüseynov: “Diplomatiyamız separatizmi boğacaq tor hörməlidir”

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov hazırda şərtlərin lehimizə olduğunu bildirdi. Onun sözlərinə görə, Azərbaycan vaxt itirmədən bundan yararlanmalıdır: “Fəaliyyət göstərdiyi dövr ərzində Minsk Qrupu nə edə bildi ki? Dünya hər zaman bir həqiqəti tanıyıb. Qalib şərtləri diktə edir. Azərbaycan bu müharibədə qalib oldu. Hə, rahatlanmalıdırmı? Xeyr, diplomatik sahədə qələbəsini tam bərkitməlidir. Böyük iqtisadi layihələrin, maraqların və imkanların olduğu yerdə Minsk Qrupu və ya hansı isə bir format nə işə yarayar.

Azərbaycan böyük iqtisadi və geosiyasi layihələrin mühüm aktorudur. Türkiyənin qardaşı və müttəfiqi, Rusiyanın Qafqazda tanıdığı oyunçu, Britaniyanın 30 illik tərəfdaşı, Çin üçün logistik halqadır. Hələ mən başqalarını demirəm. Bu rıçaqlar daha da dərinləşərsə və iqtisadi güc daxili rifahda daha çox hiss edilərsə, Minsk Qrupu yox, topası gəlsin, Araik də qabağında lap rəqs eləsin. Amma burada önəmli olan rahatlanmamaqdır. Niyə geosiyasi düzənə və onun dəyişməsinə heç kim zamin deyil? Ona görə şərtlər lehimizə ikən məsələni nizamlamaq lazımdır. Azərbaycan XİN dayanmadan çalışmalıdır. Yüksək siyasi iradə zatən ona istiqamətlər verir. Detallarda diplomatiyamız separatizmi boğacaq tor hörməlidir".

Şuşanın hüzurunda... - Kənan Novruzov yazır

Kənan Novruzov: “Bizə daha belə vasitəçi lazım deyil”

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov iri güclərin Azərbaycanla hesablaşmalı olduğunu qeyd etdi: “ATƏT-in Minsk Qrupu 30 il ərzində Qarabağ probleminin həlli ilə guya məşğul olub ki? Hərçənd bu fəaliyyət səmərəsiz bəyanatlardan və turistik səfərlərdən o tərəfə keçməyib. Azərbaycan 30 il səbir etdi. Amma nəhayət, Minsk Qrupunun işini özü görməli oldu. Yadınızdadırsa, Prezident İlham Əliyev vaxtilə həmsədrləri qəbul edərkən reallıqlarını onların üzünə açıq demişdi. Çünki həqiqət ortada idi: Minsk Qrupu, sadəcə, öz maraqlarını düşünür və konfliktin uzanmasına çalışırdı. Belə bir vasitəçi isə bizə lazım deyil.

Keçmiş Minsk Qrupunun üç üzvünün hər biri - Rusiya, Fransa və ABŞ bu gün fəal vasitəçilik etməyə çalışır. Onlardan ilk ikisinin qərəzli mövqeyi ortadadır. Moskva, sadəcə, regiondakı maraqlarını düşünür, Paris isə açıq-aydın İrəvanı dəstəkləyir. Qismən obyektiv davranan isə Vaşinqtondur. Hərçənd ABŞ-ın mövqeyi də bizi tam qane etmir. Yeri gəlmişkən, qeyd edək ki, hazırda Azərbaycan üçün ən optimal platforma məhz Brüsseldir.

Belə olan halda, əlbəttə, həm Ermənistan, həm də qondarma respublika Minsk Qrupunun “xortlamasında” maraqlıdır. Bu istiqamətdə səylər də göstərilə bilər. Çünki qarşı tərəf başa düşür ki, Azərbaycan maraqlarını təmin edəcək, Xankəndidə də öz suverenliyini bərpa edəcək, Zəngəzur dəhlizini açacaq. Ermənistan hərbi-siyasi hakimiyyəti və qondarma rejim daha bizə müqavimət göstərə bilmir. Elə buna görə Minsk Qrupunun timsalında dəstəkçi axtarırlar.

Lakin unutmaq olmaz ki, Minsk Qrupunun yenidən fəaliyyətə başlaması üçün Azərbaycanın da razılığı lazımdır. Rəsmi Bakının isə onlara “yaşıl işıq” yandıracağını düşünmürəm. Çünki daha bizim belə vasitəçiyə ehtiyacımız yoxdur. Nə Paris, nə Moskva, nə də Vaşinqton Azərbaycanın maraqlarının təmin olunmasına əngəl yarada bilməz. Onların “suları bulandırmaq cəhdləri” nəticəsində, sadəcə, davam edən prosesin sürəti bir az azala bilər. Hərçənd bu halda da itirən ən çox həmin dövlətlər olacaq. Çünki indi regionun ən aparıcı oyunçusu rəsmi Bakıdır. Rusiya və Qərb regionda maraqlarını təmin etmək istəyirsə, Azərbaycanla hesablaşmalıdır".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR