İnsanlara hürriyət, millətlərə istiqlal!

Laçından sonra...

1235 29.08.2022 19:42 Yazarlar A A

Ermənilər (daha doğrusu, haylar) Laçından, Zabux və Susdan çıxınca yalnız məişət əşyalarını, sözüm ona “unitaz”larını deyil, üstəlik, bizim torpaqlara basdırdıqları ölülərinin nəşini də çıxarıb, özləri ilə aparıb. Kəlbəcərdən çıxarkən də eynən belə etmişdilər. (Dirisindən çox “xeyir” gördüyümüz hayların meyidləri bizə çox da lazımmış guya)...

Bizim Laçından, Zabux və Susdan, Kəlbəcərdən, Qarabağdan, eləcə də Zəngəzurdan, Göyçədən, İrəvandan didərgin (məcburi köçkün, qaçqın) düşən soydaşlarımızdan da oralardakı son günlərində macal tapıb qəbristanlığa gedənlər olmuşdu – getmişdilər ki, ibrət bağçasında uyuyan doğmalarına “Hələlik” desinlər, hər ehtimala qarşı halal­laşsınlar və yurdu onlara tapşırsınlar… Bəli, bizim Laçından, Zabuxdan, Susdan, Kəlbəcərdən, Qarabağdan, habelə Zəngəzurdan, Göyçədən, İrəvandan didərgin düşən soydaşlarımız nəinki qəbir sökmüşdülər, əksinə, sanki o torpaqları əcdadın ruhuna tapşırıb gəlmişdilər…

Haylar Laçından, Zabux, Susdan, ondan irəli Kəlbəcərdən öz meyidlərini ona görə çıxardı ki, bu torpaqların onlara məxsus olmadığını, heç zaman da məxsus olmayacağını idrak etdi.  

Onlar Laçından, Zabuxdan, Susdan, ondan irəli Kəlbəcərdən öz meyidlərini həm də ona görə çıxardı ki, özləri qəbirdağıdan, goreşəndi, bizlərin də haylar kimi davaranacağı zənninə qapıldılar…

Ancaq biz qəbirləri bizə aid olub-olmadığına görə deyil, qəbir olduğuna və xəlqi duyğularımıza, dini dünyagörüşümüzə, ən əsası milli xarakterimizə görə dağıtmazıq.

 ***

Əcdadımız çox fəthlər edib, çox qalalar alıb, şəhərlər tutub. Heç yerdə əhalini köçə zorlamayıb, insanların dininə, dilinə, adət-ənənəsinə toxunmayıb. Fəth olsun-olmasın, bizimlə bir yaşayan xalqlar, etnik qruplar güvən içində olub, yadeillilərdən qorunub, əmin-amanlıqda olub həmişə. Belə bir zehniyyətə, insanlığa və mədəniyyətə sahib olan xalqın övladları başqa mədəniyyətlərə xas abidələrə dəyməz, təbii; təbii, Azərbaycan oğulları başqa xalqdan, dindən olan kimsələrin qəbrini dağıtmağı öz şanına sığışdırmaz. Qarabağda, Zəngərzurda, Göyçədə, İrəvanda… insanlıqla insan ola bilməmək, mədəniyyətlə vandallıq, bir sözlə, Azərbaycan, Türk təfəkkürü ilə hay təfəkkürsüzlüyü qarşılşıb. Onların bizə “qalib” gəldiyi məqamlar bizim acizliyimizdən deyil, bir növ, unutqanlığımızdan, arxayınçılığımızdan, sadəlöhvlüyümüzdən, inamımızdan qaynaqlanıb. Düşünmüşük: “İnsan olan elə edərmi”; “qəbirlə nə işləri var; “axı bizim onlara nə pisliyimiz dəyib”? və s… - Bəli, belə sadə, düzxətli, bərabərsürətli düşünmüşük… Sual verməmişik ki, hər şey bir yana, “Aşığımızın kürəyinə qaynayan samovar şəlləyən haylar deyildimi”?!. Əgər toplum olaraq, o samovarın istiliyini öz kürəyimizdə hiss edə bilsəydik, 1992-ci il fevralın 25-dən 26-na keçən gecənin şiddətli soyuğu, şaxtası… Xocalı uşaqlarının, qadın-qocalarımızın iliyinə işləməzdi…

 ***

İndi tez-tez “Laçından sonra növbə hansı şəhərimizindir?” sualı və bu suala mətbu versiyalarla qarşılaşırıq. Belə bir xoşməramlı sualın səsləndirilməsini anlayışla qarşılayıram. Birincisi, bu, ordu­muza, dövlətimizə, Ali Baş Komandanımıza, haqq-ədalətin təntənəsinə inamdan irəli gəlir; ikincisi, vətəndaşımız bütün digər məziyyət, keyfiyyət və dəstəkləri ilə yanaşı, ürəyinin səsi, arzusu, duası, inamı ilə də orduya, dövlətə, ictimai fikrə dəstək nümayiş etdimiş olur. Əgər beləsə, mən də, öz versiyamı yazsam, qüsur sayılmaz: Mənim də könlüm Laçından sonra Xankəndi deyir, lakin ağlım Laçından sonra Xocalı deyir durur…

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR