İnsanlara hürriyət, millətlərə istiqlal!

Laçın yolu xalq nəzarətində - aksiyanın 1 ayı üçün dəyərləndirmələr...

632 12.01.2023 09:37 Gündəm A A

Yanvarın 12-də Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasının bir ayı tamam olur.

Keçən il dekabrın 12-si səhər saatlarından başlayan aksiya bu gün də davam edir. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan aksiyada hər hansı bir insident baş verməyib. Hətta son günlər havanın şaxtalı keçməsinə rəğmən ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırır, şüarlar səsləndirirlər. Aksiya iştirakçılarının tələbləri isə ilk gündən dəyişməz olaraq qalır. “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Bereqite prirodu!”, “Ekotidu net! Monitorinqu da!” şüarlarını ekofəallar və gənc könüllülər səsləndirirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları artıq bir aydır ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.

Yada salaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Görünən isə odur ki, aksiya hələ uzun müddət davam edəcək. Yerli jurnalistlərə müsahibə verən Azərbaycan Prezidenti İlham Əliyev də bu məsələ ilə bağlı konkret fikrini ifadə edib: “O gənclərə "Eşq olsun!" demək istəyirəm, onlar bizim fəxrimizdir. Gecə-gündüz şaxtalı-qarlı havada oradadırlar, öz haqlarını tələb edirlər və bir daha Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər. Bunun, necə deyərlər, bir addımlığında separatçılar dünyaya tamamilə yalan informasiya ötürməklə məşğuldurlar. Birincisi, hər kəs bunu artıq gördü ki, orada blokadadan söhbət gedə bilməz. Sülhməramlıların dörd yüzə yaxın yük avtomobili, - bu, hələ bir ay olmayıb, - oradan keçib. Əlbəttə ki, oradan keçən, hətta bu aksiyaya qədər keçən bütün nəqliyyat vasitələri nəzarət altında idi. Biz haradan öyrəndik ki, İran maşınları oraya yanacaq aparır? Biz orada gördük. Halbuki İran tərəfi bunu əvvəllər inkar etməyə çalışırdı. Hətta İran maşınları üzərinə saxta erməni nömrələrini yapışdırmaqla bizi belə primitiv səviyyədə aldatmaq istəyirdilər. Biz haradan öyrənmişik ki, indiyə qədər 20-yə yaxın İran vətəndaşı oraya qanunsuz girib, onların bütün pasportları da var. Bu haqda da bizə hər hansı bir izahat verilməyib. Yəni biz hər şeyi görürdük, hər şeyi bilirdik. Bilirik ki, Rusiya sülhməramlı kontingentinin yük maşınlarının sayı nə qədərdir, ayda nə qədər girir, nə qədər çıxır və indi nə qədər girir, nə qədər çıxır. Təbii ki, onlar orada yaşayan ermənilər üçün ərzaq da və digər lazım olan vasitələr də aparırlar. Biz buna etiraz etmirik. Bizim məqsədimiz blokada deyil. Qırmızı Xaç neçə dəfə müraciət edibsə, icazə verilib. Ona görə bu, sadəcə olaraq, növbəti anti-Azərbaycan şousudur, mən buna başqa ad verə bilmərəm. Ermənilər və onların havadarları hesab edirlər ki, bizə qarşı bundan istifadə etməklə nə isə əldə edəcəklər. Heç nə əldə etməyəcəklər. Bizim haqlı tələblərimiz var və bu aksiyanın tarixçəsini də indi hər kəs bilir. Bizi faktiki olaraq qanunsuz istismar edilən o mədənlərə buraxmayıblar. Orada da şou düzəltmişdilər, guya ki, hansısa etirazçılar çıxmışdı. Bizim oraya çıxışımız olmayana qədər yəqin ki, bu aksiya da davam edəcək. Bizim tələblərimiz də tam ədalətlidir".

320864235_1122679298451120_3135547856787721246_n.jpg (355 KB)

Elşad Məmmədli: “Bu proses dünyada ilk dinc antiterror hadisəsidir”

Aksiyanın ilk günündən fəal iştirakçısı olan “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyinin sədri, “Yeni Müsavat” media qrupunun redaktoru Elşad Məmmədli bu bir ayda baş verənlərlə bağlı belə dəyərləndirmə aparıb: “12 dekabr 2022-ci il tarixdə Laçın yolunda başlayan aksiya sözün əsl mənasında tarixi bir hadisədir. Xankəndi-Gorus yolunun Şuşadan keçən hissəsində artıq 1 aydır davam edən aksiya kifayət qədər nəticələr verib. Burada söhbət Azərbaycan cəmiyyətinin sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərimizdə hələ də davam edən ekoterrora son verilməsi, Laçın yolundan qanunsuz yüklərin daşınmasına son qoyulması, buradan qanunsuz keçidlərin qarşısının alınması üçün Azərbaycanın nəzarət postlarının yaradılması tələbindən gedir. Mən ilk günlərdə də qeyd etmişdim ki, bu, faktiki olaraq dinc antiterror əməliyyatı kimi də qiymətləndirilə bilər. 44 günlük Vətən savaşımız dünya hərb tarixində yenilik olduğu kimi, bu proses də dünyada ilk dinc antiterror hadisəsidir. Bildiyimiz kimi, QHT fəalları, aktiv gənclər Laçın yolundakı aksiyanın lokomotividir. Onlar fədakar, vətənpərvər insanlardır və faktiki olaraq 1 aydır ki, Azərbaycanın suveren hüquqlarının, hüdudlarının bərpası üçün mücadilə verirlər. Xüsusi olaraq vurğulayım ki, jurnalistlərin rəhbərlik etdiyi QHT-lər bu prosesdə məxsusi fəallıqları və bacarıqları ilə seçildilər, dünyaya, ictimaiyyətə daha çox səs sala bildilər. İndi Laçın yolunda nə baş verdiyini artıq nəinki Azərbaycan, bütün dünya bilir. Yəni bu müddətdə ermənilərin guya blokadada saxlanılmaları haqda yalanları tam ifşa oldu. Azərbaycan xalqının tələbi ermənilərin bizimlə birgə yaşamalı olduqları ərazilərimizdə dövlətimizin tam nəzarətinin, idarəçiliyinin təmin olunması ilə bağlıdır. Çünki sülhməramlıların nəzarətində olan Azərbaycan ərazilərində bizim faydalı mədən yataqlarının qanunsuz istismarının dayandırılması tələbləri yerinə yetirilmirdi, monitorinq üçün dövlət qurumlarımızın, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin fəaliyyətinə imkan verilmirdi. Qanunsuz silahlı erməni birləşmələri monitorinq üçün gedən azərbaycanlı mütəxəssisləri silahla təhdid edirdilər. Laçın yolundan kimi gəldi buraxırdılar. Azərbaycanın hüququ vardı ki, ora silahlı qüvvələri yollasın, antiterror əməliyyatlarına dərhal başlanılsın. Ancaq Azərbaycanın vətəndaş cəmiyyəti institutları humanizm yolunu seçdilər və Laçın yolunda dinc aksiyaya başladılar. Bu dinc aksiya ən humanist variantdır”.

E.Məmmədli deyib ki, bu aksiyanın ermənilərə tam dərs olacağına ümidlidir: “Yəni onlar bir daha başa düşdülər ki, Azərbaycanın qanunlarına tabe olmadan yaşamaları mümkünsüz olacaq. 2 il ərzində loyal münasibət göstərildi, ancaq bu müddətdə Xankəndi və sülhməramlıların nəzarətindəki digər ərazilərdə yaşayan ermənilər Azərbaycanın qanunlarına tabe olmaq istəmədilər. Əgər ermənilər Azərbaycanın bütün dünya tərəfindən tanınan Qarabağ bölgəsində bizimlə birgə yaşamaq istəyirlərsə, təbii, bütün vətəndaşlar kimi qanunlara tabe olmalıdırlar. Yox, kim tabe olmaq istəmirsə, cənab Prezident İlham Əliyev onlara yol göstərdi - çıxıb gedə bilərlər.

Həmçinin bu aksiya sülhməramlılara, onların komandanlığına və aid olduqları ölkəyə də dərs oldu ki, Azərbaycan cəmiyyəti Qarabağda xaotik bir vəziyyətin davam etdirilməsinə, qanunsuzluqların davamına qətiyyən göz yummayacaq. Aksiya qarşıya qoyulan məqsədlərə tam nail olunanadək davam edəcək və etməlidir".

320451193_3424427804469865_3394913713375886886_n.jpg (337 KB)

Məhəmməd Türkmən: “Həmin ərazini daim nəzarətdə saxlamaq mütləqdir”

 “Yeni Müsavat”ın Laçın-Xankəndi yolundakı aksiyaya ezam olunmuş reportyoru Məhəmməd Türkmən də qeyd etdi ki, bu mübarizə davam etdirilməlidir: “Aksiyanın ilk həftəsində mən də iştirak etdim. Yeddi gün orada olduğum müddətdə şahidi olduqlarıma əsasən deyə bilərəm ki, həmin ərazini nəzarətdə saxlamaq mütləqdir. Müharibədə də dəfələrlə iştirak edən jurnalist kimi yazılarımda, sosial şəbəkə hesablarımda bildirmişəm ki, Laçın yoluna bir şəkildə nəzarət etməyimiz lazımdır. Çünki ermənilər sülhməramlıların dəstəyi ilə daşınma prosesində iştirak etsələr də, etməsələr də onları görməzdən gəlmələri, nəzarət etməmələri belə böyük bir dəstəkdir. Onların dəstəyi ilə ərazidən istədikləri şəkildə  texnika, minaları keçirə bilirlər. Bunun sübutu 2021-ci il istehsalı olan minaların ərazidən tapılmasıdır. Yəni müharibədən sonra istehsal olunmuş minaların ərazidən tapılması, dəfələrlə baş verən mina partlayışlarından sonra mülki əhalinin zərər çəkməsi, insan tələfatları sübut etdi ki, bu əraziyə bizim nəzarətimiz vacibdir. Orada olduğum müddəti və hazırda baş verənləri dəyərləndirsək, aksiya iştirakçıları ekoloji şüarlar səsləndirirlər. İndi də yola bu şəkildə nəzarət olunur. Ümid edirəm ki, nəzarət prosesi uzun müddət davam edəcək. Xarici medialarda, hətta "Vikipediya"da ermənilər çox güclü şəkildə işləyirlər. Ərazinin blokadada olduğunu iddia edirlər. Buna blokada deməyin özü gülüncdür. Orada Xankəndi istiqamətində sülhməramlıların təyinat maşını keçir. İçində erməni xəstəsi olan təcili yardım maşını keçir, ermənilərə humanitar yardımlar keçirilir. Bütün bunlar çox maneəsiz, rahat şəkildə, öncədən xəbərdar edilməklə ərazidən keçir. Çünki o ərazini rəsmi şəkildə biz deyil, rus sülhməramlıları bağlayıb. Ermənilər bu prosesdən maksimum narahatdırlar, çünki istədikləri qanunsuz əməlləri edə bilmirlər, əraziyə silah keçirə bilmirlər".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR