İnsanlara hürriyət, millətlərə istiqlal!

Kriptovalyuta bazarı iflaslardan sonra: Nə baş verir?

2008 22.03.2023 11:19 Müsahibə A A

Məşhur kriptovalyuta birjası rəsmisi: “FTX-nin iflasa uğraması bütün kriptovalyuta bazarına olduqca mənfi təsir göstərib, lakin...

ABŞ-da böyük kriptovalyuta birjası olan FTX-nin, ardınca bu bazarla işləyən “Silvergate Bank” və “Signature Bank”ın iflası kriptovalyutanın taleyi barədə xeyli suallar, bu bazar üçün ciddi təhdidlər formalaşdırmış oldu. Lakin iflaslardan az sonra məşhur kriptovalyutaların dəyərindəki azalma dayandı, daha sonra isə yenidən artımla əvəz olundu. Baş verən iflaslar kriptovalyuta bazarının sarsıntıdan tam çıxması deməkdirmi? Son illərdə marağın sabitləşdiyi müşahidə olunan bu bazarda Azərbaycandan iştirakçılar çoxdurmu?

Musavat.com-un bu və ya digər suallarını ən böyük kriptovalyuta birjalarından biri olan “Binance”ın MDB üzrə regional direktoru Vladimir Smerkis cavablandırıb.

WhatsApp Image 2023-03-22 at 10.47.24.jpeg (111 KB)

- Son zamanlar dünyada kriptovalyutalara maraq sanki sabitləşib - artım baş vermir. Bu müşahidə doğrudurmu? Dünyada kriptovalyutalara maraq artırmı? Əgər artırsa, dinamikanı əks etdirən göstəriciləri sadalaya bilərsinizmi?

- Kriptovalyutalara maraq nəinki sabitləşib, eyni zamanda artmaqdadır. Ümumiyyətlə, biz hesab edirik ki, elm oğurlanması mümkün olmayan sərvətdir, kripto-savadlılıq isə kriptovalyutaların kütləvi şəkildə mənimsənilməsinin təməl daşıdır.

Təhsil ötən il ərzində rəqəmsal aktivlərin kütləvi şəkildə tətbiqinin təşviq edilməsinə dair strategiyamızın əsas komponenti olaraq qalıb. Bizim “Binance Academy” adlı resursumuz var. Resurs pulsuzdur və hər kəs üçün əlçatandır. Hazırda orada 1000-ə yaxın məqalə və qlossari (qədim sözlər lüğəti), həmçinin 10-dan çox dildə təkmilləşdirilmiş kurs var.

Biz 2022-ci ildə 20 ölkədə 70-dən çox universitetlə əməkdaşlıq etməyə başlamışıq, “Binance” Akademiyamıza gələnlərin ümumi sayı isə 25 milyonu ötüb. Bunlar ciddi rəqəmlərdir. Bu rəqəmlər kriptovalyutalara marağın artdığını daha yaxşı nümayiş etdirir.

Onu da əlavə edim ki, 2022-ci ilin sonunda platformamızın istifadəçiləri arasında sorğu keçirmişdik. Sorğuda Azərbaycandan olan istifadəçilər də iştirak etmişdilər. Sorğunun nəticələrinə əsasən, istifadəçilərin 88 faizdən çoxu 2023-cü ildə kriptovalyutalara investisiya yatırmağı planlaşdırır, respondentlərin 79,7 faizi isə kriptovalyutaların qlobal iqtisadiyyatın inkişafı baxımından zəruri olduğuna əmindir. Sorğunun nəticələri də bu bazara marağın artım dinamikasının davamlı olduğunu göstərir.

- Kriptovalyuta bazarında mövcud əsas tendensiyaları qeyd və şərh edə bilərsinizmi: hansı çətinliklər mövcuddur? Bu çətinlikləri aradan qaldırmaq üçün nə etmək lazımdır?

- 2022 kriptovalyuta sənayesi üçün sınaq ili olsa da, həmin müddət bizə nikbinlik üçün xeyli əsaslar da yaradıb. Bu əsaslardan biri budur ki, sənaye şəksiz dayanıqlıq nümayiş etdirib. Düşünürəm ki, FTX-nin iflasından sonra bərpa prosesi üçün uzun müddət tələb olunsa belə, kriptosənaye bazar tendensiyaları baxımından sona kimi davam gətirəcək və inkişaf edəcək. Yadda saxlamaq lazımdır ki, bazar dövri xarakter daşıyır, tənəzzül, adətən, artımla müşayiət olunur. Artıq bu gün biz təkcə fərdi şəxslərin deyil, həm də böyük brendlərin bazara necə daxil olduğunu görürük. “JPMorgan”, “Rakuten”, “CVSHealth”, “Tencent”, “Fidelity”, “Baidu”, “Tesla, “Cloudfare”, “PayPal”, “American Express”, “Accenture”, “Christie's”, “BlackRock”, “Nasdaq”, “McDonald's”, “Google Cloud”, “Mastercard”, “Sony” və “Nike” ötən il blokçeyn əsaslı həllərin tətbiqindən açıq şəkildə faydalanan bir çox başqa şirkətlər arasındadır. Bu, sənaye üçün müsbət əlamətdir. Zənnimcə, biz ikiillik perspektivdə daha güclü sənaye kimi mütləq başqa səviyyəyə çatacağıq.

2022-ci ilin noyabr ayında İndoneziyada keçirilən “Business 20” (B20) Sammitində “Binance”ın təsisçisi və baş direktoru Çanpen Çjao çətinlikləri və riskləri aradan qaldırmaq yolları barədə çıxış edərək şəffaflığı artırmağa və sənayeni daha da etibarlı etmək məqsədilə tənzimləyicilərlə sıx işləməyə çağırıb. Bununla yanaşı, bizim vəzifəmiz ilk növbədə istifadəçiləri qorumaqdan ibarət olmalıdır. İstifadəçilərin vəsaitləri heç vaxt sui-istifadə edilməməli və onların aktivlərinin təhlükəsizliyini təmin etmək üçün bütün tədbirlər görülməlidir.

Bütün bazarın şəffaflığını təmin etmək məqsədilə yeni layihələrə müvafiq təhlükəsizlik tədbirləri həvalə etmək və ya böyük aktiv axınını daha yüksək şəffaflıqla təmin etmək üçün informasiya, sürətləndirmə proqramlarını daim təkmilləşdirmək lazımdır. Eyni zamanda bütün birjalarda ciddi KYC tədbirləri və çirkli pulların yuyulmasına qarşı prosedurlar olmalıdır.

Buna görə də biz bütün digər mərkəzləşdirilmiş kriptovalyuta birjalarını bu təklifləri əsas götürməyə, tənzimləyiciləri tənzimləmə standartları üçün əsas kimi nəzərə almağa çağırırıq. Biz tənzimləyici orqanlara və cəmiyyətə sübut etməliyik ki, bütün sənaye bir neçə səhlənkar oyunçudan ibarət deyil. Bazarda tənzimləmə hüququna əhəmiyyət verən, fəaliyyətlərinin düzgün tənzimlənməsini və şəffaflığını təşviq etmək arzusunda olan böyük oyunçular var və biz də onlardan biri olduğumuzu hesab edirik.

- Kriptovalyuta hələ heç bir qlobal maliyyə qurumu tərəfindən ciddi ödəniş və mübadilə vasitəsi kimi tanınmayıb. Halbuki 2-3 il əvvəl bunun çox qısa müddətdə baş verəcəyi və bütün dünyada bu valyutalarla əməliyyatların aparılacağı proqnozlaşdırılırdı. Sizcə, buna səbəb nədir?

- Düşünürəm ki, proqnozların özünü doğrultmamasının əsas səbəbi tənzimləmədir. Lakin hazırda bu istiqamətdə müsbət mənzərəni artıq müşahidə edə bilərik. Əgər əvvəllər tənzimləyicilər kriptovalyuta sənayesinə yalnız göz yetirirdilərsə, tənzimləməyə necə yanaşmaq barədə dəqiq bir anlayış yox idisə, indi qlobal konsensus mövcuddur: bu bazarı boz zonada buraxmaqdansa, tənzimləmək daha yaxşıdır. Təəssüflər olsun, hələ ki, bütün tənzimləyicilər bu qənaətə gəlməyiblər, lakin biz görürük ki, ötən il kriptosənayenin lisenziyalaşdırılması sahəsində böyük irəliləyiş baş verib. 2022-ci ildə “Binance” Fransa, İspaniya, Yeni Zelandiya, Avstraliya, Dubay (BƏƏ), Qazaxıstan və dünyanın digər ölkələrində müxtəlif yurisdiksiyalarda lisenziyalar və qeydiyyatlar alıb. Bu həm də bizim üçün ilk növbədə istifadəçilərin maraqlarının müdafiəsi istiqamətində atılmış addımdır, belə ki, fəaliyyət lisenziyalaşdırıldıqda tənzimləyicilərin sahələrə diqqəti və tələbləri artır, beləcə, vətəndaşların müdafiəsi daha çox təmin edilir ki, bu da az əhəmiyyət kəsb etmir.

Bundan əlavə, 2022-ci ildə tənzimləyiciləri maraqlandıran digər məsələlər də olub. Bunlar maliyyə sabitliyi ilə bağlı məsələlərdir. Məsələn, bir çox Avropa tənzimləyiciləri kriptovalyuta bazarının dollarlaşmasından danışırlar, çünki indi əksər steyblkoinlər dollardan asılıdır. Bu baxımdan, avrodan asılı olan steyblkoinlərin yaradılması ideyası irəli sürülür. Kriptovalyuta bazarının bir növ dedollarizasiyası da mühüm mövzuya çevrilib.

- ABŞ-da FTX birjasının iflasa uğraması kriptovalyuta bazarında hansı problemləri meydana çıxardı və “Binance” bundan ibrət almaq niyyətindədirmi?

- Aydındır ki, FTX-nin iflasa uğraması bütün kriptovalyuta bazarına olduqca mənfi təsir göstərib. Bu vəziyyət həm pərakəndə və institusional investorlar, həm də bütün dünya üzrə tənzimləyicilər tərəfindən inam böhranı ilə nəticələnib. Lakin “Binance” kriptoaktivlərin çıxarılmasına çox yüksək tələbatın olduğu çətin bir zamanda yüksək sabitlik nümayiş etdirdi. Buna görə də biz bütün bazar oyunçularını şəffaflıq nümayiş etdirməyə çağırırıq. Əksəriyyət artıq bütün müştəri vəsaitlərinin zəruri məbləğdə aktivlərlə təmin olunduğunu təsdiqləmək məqsədilə ehtiyat faktlarını dərc etməyə başlayıb. Bazar oyunçuları şəffaflıq standartlarına riayət etməlidirlər ki, bu da bəzi şübhəli və ya qanunsuz maliyyə fəaliyyəti ehtimalını aradan qaldıracaq. Bu, fikrimcə, sənayenin bütün iştirakçılarının diqqət etməli olduğu əsas məqamdır.

Əminəm ki, bazar öz nüfuzunu və etibarını qısa zaman ərzində bərpa edə biləcək və biz bazar liderləri olaraq bunun üçün bütün səylərimizi səfərbər edəcəyik. FTX ilə bağlı baş verən hadisədən dərhal sonra biz ilk növbədə bazar iştirakçılarına müraciət etdik və hamını şəffaf olmağa çağırdıq – bütün bazar ehtiyatlar, aktivlər və müştəri vəsaitlərinin necə istifadə olunması haqqında məlumatlara ehtiyac duyur. İkinci mühüm addımımız isə SAFU (Secure Asset Fund for Users) − təcili sığorta fondumuzu 1 milyard dollara qədər artırmağımız oldu. Biz artıq FTX-nin iflasından zərər çəkmiş ən yaxşı layihələrə yardım edən sənayenin bərpası təşəbbüsünə (Industry Recovery Initiative) başlamışıq. Sonra isə biz müştərilərlə mümkün qədər səmimi olmaq məqsədilə audit yoxlamalarının aparılmasının davam etdirilməsini planlaşdırırıq. Biz bir daha digər bazar oyunçularını heç vaxt öz ehtiyacları üçün istifadəçi vəsaitlərindən istifadə etməməyə və aktivlərin şəffaf sübutuna malik olmağa, sığorta fondu yaratmağa, hədsiz kredit çiynindən uzaqlaşmağa və daim təhlükəsizlik protokollarının gücləndirilməsi və tətbiqi üzərində işləməyə çağırırıq.

“Binance” haqqında danışarkən qeyd edə bilərəm ki, biz hər hansı bir tranzaksiya və ya investisiya üçün istifadəçi vəsaitlərini mənimsəməyəcəyik və heç vaxt mənimsəməmişik. Bizim borcumuz yoxdur və bu yaxınlarda müflis olmuş hər hansı bir şirkətin kredit siyahılarında yer almırıq. Bir neçə mənfi halın baş verməsi bütün sənayeyə aid deyil. Sənayenin inkişaf yolu uzun olacaq və biz üzərimizə daha çox məsuliyyət götürüb onu inkişaf etdirməyə davam edəcəyik. Bunlar, bəlkə də, əsas nəticələrdir.

- Kriptovalyuta bazarında Azərbaycandan minimum “Binance” səviyyəsində olan iştirakçıların sayını açıqlaya bilərsinizmi? Ölkəmizdən bu birjadan böyük qazanc əldə edənlər varmı?

- Azərbaycan bazarı bizim üçün maraqlıdır, onun inkişafını diqqətlə izləyirik. Rəqəmlərə gəlincə, biz lokal məlumatları açıqlamırıq.

- İnsanlar nəyə görə kriptovalyuta birjalarına gəlməlidirlər? Bu bazarla maraqlananları cəlb etmək üçün nə deyə bilərsiniz?

- Əksəriyyət artıq rəqəmsal pulları bu və ya digər formatda istifadə edir. Onlayn bankçılıqla qarşılıqlı əlaqədə olan zaman hesabda nə qədər vəsaitin olduğunu yoxlayarkən anlayırsan ki, onlar bankın bir yerində nə iləsə möhkəmləndirilib. Bu, yəqin ki, maliyyə qurumunuza güvəndiyiniz, ənənəvi maliyyə təsisatlarına etibar etdiyiniz üçün baş verir.

Bununla belə, biz bu xışıldayan əskinasları bir yerdən başqa yerə daşımırıq. Əgər birdən pul kisənizi unutmusunuzsa, biz telefonla və ya QR kodla ödəniş edə bilərik. Bu o deməkdir ki, rəqəmsallaşmanın birinci mərhələsi artıq başa çatıb. Bu sistemdə yeganə əngəl odur ki, hələ də banklar, mərkəzi banklar, ödəniş sistemləri və s. şəklində vasitəçilər var. Blokçeyn və kriptovalyutalar şəklində olan rəqəmsal pullar daha azad olmağı mümkün edir.

Kriptovalyuta həvəskarları arasında belə bir ifadə var: “Əgər pul əlinizdə deyilsə, demək ki, bu pul sizə məxsus deyil”. Ödənişlərdə, köçürmələrdə köhnə fiat sistemindən istifadə külli miqdarda komissiyaya səbəb olur. Visa və ya Mastercard özləri üçün kiçik bir parça götürür, bank da bir parça götürür, digər tərəfdə də kimsə bir parça götürür. Bizim üçün klassik pulun saxlanılması baha başa gəlir. Kriptovalyuta bu problemi desentralizasiya və ödəniş edən və qəbul edən tərəflərə inam səviyyəsini artırmaq üsulu ilə həll edir. Sadə bir misal çəkək: orta hesabla 200 dolların başqa ölkəyə ənənəvi yolla köçürülməsi üçün komissiya təxminən 30 dollar təşkil edəcək, əgər biz kriptovalyuta ilə 200 dollar göndərsək, o zaman komissiya çox az, məsələn, 0,01 dollar təşkil edə bilər.

Azərbaycanda istifadəçilər arasında spot ticarət, p2p köçürmələri və “Binance Earn” məhsulları məşhurdur. Bunlar bütün dünyada istifadə olunan əsas məhsullardır. Lakin biz müsbət dinamikanı görürük, istifadəçilərin sayı artır, yəni kriptovalyuta Azərbaycanda şöhrət qazanır. Biz bu inkişafı şüurlu, rahat və təhlükəsiz etmək üçün hər cür səy göstərməyə məmnun olarıq.

Dünya SAKİT,
Binance.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR