İnsanlara hürriyət, millətlərə istiqlal!

Kriminal avtoritetin həbsində ilginc məqamlar: "JEK" müdiri, tanınmış polis zabiti...

1144 18.10.2019 17:03 Kriminal A A

Kriminal avtoritet hakim önünə çıxarılıb. O, narkotik vasitə saxlama və satmaqda ittiham edilir.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik vasitə əldə etmə və saxlamaqda ittiham edilən 1975-ci il təvəllüdlü Hüseynov Rafael Oktay oğlunun cinayət işi üzrə məhkəmə iclası baş tutub.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında şahid qismində Aynur Musayeva ifadə verib. Məlum olub ki, Aynur Musayeva 136 saylı Mənzil Kommunal Təsərrüfat Birliyinin işçisi olub.

Onun bu işdə şahid kimi dindirilməsinin ilginc səbəbi var. Belə ki, Aynur Musayeva Rafael Hüseynovun saxlanılması üçün keçirilən əməliyyatda iştirak edib. Amma özünün məhkəmədə dediyinə görə, belə bir əməliyyatın keçirilməsindən xəbəri olmayıb.

Məhkəməyə əlavə şahid kimi dəvət edilən Aynur Musayeva bunları deyib: "Mən işdə olanda bizim rəisin yanına iki nəfər gəldi. Otaqda nə danışdıqlarını bilmirəm. Sonra rəis məni otağa çağırdı. Dedi ki, dəftəri götürüb, bu şəxslərlə deyilən ünvana gedim. Həmin ünvanda da Rafael Hüseynov yaşayırdı. Bizim iş yeri onun yaşadığı bina ilə üzbəüz idi. Rəis mənə qeydiyyatla bağlı iş olduğunu dedi. Biz ünvana çatanda mənə dedilər ki, qapını döy. Mən qapını döyəndə mənimlə birlikdə gələnlərin biri yuxarı mərtəbəyə qaçdı. Qapı açılanda Rafael Hüseynov mənə salam verəndə digər şəxs belindən silah çıxardı. Sonra mən qorxdum və qışqıraraq, hadisə yerindən uzaqlaşdım. Dərhal rəisin yanına gəldim və məni niyə elə bir işin arxasınca göndərdiyini soruşdum. Bilmirmiş kimi dedi ki, nə olub?"

Suallara cavab verən Aynur Musayeva bu işdə günahkar kimi rəisini gördüyünü deyib: "Mən sadəcə işçiyəm. Rəis belə olacağını bildiyi üçün məni ora göndərdi".

Məhkəmədə dövlət ittihamçısı vəsatət verərək bildirib ki, 136 saylı Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi İbrahim Hacıyevin məhkəmədə dindirilməsi vacibdir. Məhkəmə vəsatəti təmin edib və İ.Hacıyevin məhkəməyə gətirilməsi üçün proses təxirə salınıb.

Qeyd edək ki, həbs edilən Rafael Hüseynov daha əvvəl qəsdən adam öldürmə maddəsi ilə Rusiyada cəza çəkib. Kriminal avtoritet kimi tanınan Hüseynov Rafael Oktay oğlu sonuncu dəfə saxlanılan zaman evində beş kiloqramdan çox marixuana aşkarlanıb. Rafael Hüseynov özünü təqsirli bilmir. Deyir ki, həbsi sifarişlidir. Onun sözlərinə görə, saxlanılan zaman nə üzərində, nə də mənzilində narkotik olmayıb.

Qeyd edək ki, Rafael Hüseynovun saxlanılması üçün keçirilən əməliyyata tanınmış qaydasız döyüşçü, dünya çempionu, hazırda Daxi İşlər Nazirliyinin əməkdaşı, polis zabiti olan Bəxtiyar Abbasov rəhbərlik edib.

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR