Ukrayna Silahlı Qüvvələri işğal altındakı Krım yarımadasının hərbi təchizat xətlərinə və hava hücumundan müdafiə sistemlərinə qarşı kompleks və dağıdıcı hava zərbələri endirib. İyulun 6-na keçən gecə həyata keçirilən kütləvi pilotsuz uçuş aparatları (PUA) hücumu nəticəsində Rusiyanın həm logistik, həm də hərbi infrastrukturu ağır itkilərə məruz qalıb.
Musavat.com xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert "Madyar" Brovdi keçirilən uğurlu hərbi əməliyyatın təfərrüatları barədə sensasiyalı bəyanat yayıb. Komandanın sözlərinə görə, Ukrayna dronları Azov dənizi akvatoriyasında Rusiyaya məxsus və Taqanroq şəhərindən ilhaq edilmiş Krım yarımadasına benzin daşıyan iki irihəcmli neft tankerini uğurla vuraraq sıradan çıxarıb. Bu zərbə yarımadada onsuz da gərgin olan yanacaq böhranını daha da dərinləşdirib.
"Madyar" həmçinin əlavə edib ki, gecə hücumu tək tankerlərlə məhdudlaşmayıb. Eyni vaxtda Krımın Kerç şəhərində yerləşən strateji neft bazası, Rusiyanın hava məkanını qoruyan ən müasir silahlarından sayılan iki ədəd S-400 "Triumf" zenit-raket kompleksinin (ZRK) buraxılış qurğusu və ordunun hava hədəflərini izləmək üçün istifadə etdiyi "Nebo-U" radiolokasiya stansiyası (RLS) dəqiq zərbələrlə məhv edilib. Hərbi ekspertlər bu kütləvi əməliyyatı Ukrayna ordusunun Krımın hava müdafiə sipərini tamamilə yarmaq və Rusiyanın cəbhə logistikasını iflic etmək üçün planlaşdırdığı ən uğurlu taktiki addımlardan biri kimi qiymətləndirirlər.
Musavat.com






