Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ağ Evin Ukrayna ilə bağlı tutduğu mövqeyi şərh edərkən Vaşinqtonun siyasətini həm ardıcıl, həm də ziddiyyətli adlandırıb.
Musavat.com xəbər verir ki, Kreml rəsmisi həmçinin Moskva və Vaşinqton arasındakı gərgin münasibətlərə və regionda cərəyan edən son proseslərə toxunaraq bir sıra mühüm bəyanatlarla çıxış edib.
Peskov Rusiya tərəfinin Ukraynadakı münaqişənin nizamlanması istiqamətində danışıqlar prosesinin yenidən bərpa olunacağına ümid etdiyini vurğulayıb. Lakin o, yaxın zamanlarda Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Tramp arasında hər hansı bir görüşün planlaşdırılmadığını qəti şəkildə diqqətə çatdırıb.
Eyni zamanda, rusiyalı idmançıların 2028-ci il Olimpiya Oyunlarında yenidən Rusiya bayrağı altında çıxış etməsi üçün hazırda çox ciddi və effektiv işlərin aparıldığı qeyd olunub. Macarıstanın Baş naziri Viktor Orbanın siyasi xəttinə də toxunan Peskov, onun hər zaman praqmatik bir rəhbər və öz xalqının dostu olduğunu, atdığı addımların isə əksər hallarda Rusiyanın maraqları ilə üst-üstə düşdüyünü bəyan edib.
Musavat.com






