İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml Paşinyanı qaralayıb - İrəvanda ara qarışa bilər

376 14.09.2023 13:44 Siyasət A A

Putin “Ermənistan Azərbaycanın suverenliyini tanıdı, neyləyə bilərik ki” təbliğatını gücləndirməklə, erməniləri onun üzərinə qaldırır; Zaxarova isə “Rusiya Ermənistanın düşməni deyil və heç vaxt da olmayacaq” mesajını verdi

İkinci Qarabağ müharibəsi bitəndən bir qədər sonra Nikol Paşinyan seçkilər keçirərək, xalqın ona etimad göstərdiyi görüntüsünü yaratmış və ona qarşı çevriliş planlarını əngəlləmək istəmişdi. Buna bir müddətlik nail oldu, ancaq hazırda bu prosesin qanlı yolla həyata keçirilməsi planlarının siqnalları verilir. 

Bu yöndə son vaxtlar Rusiya Paşinyanı sözün əsl mənasında qaralayıb, onun Ermənistanda nüfuzunun azaldılması üçün davamlı kampaniya aparır. Kreml rəhbərliyi “Ermənistan Azərbaycanın suverenliyini tanıdı, biz neyləyə bilərik ki” kimi təbliğatı gücləndirməklə, faktiki olaraq erməniləri onun üzərinə qaldırmağa cəhd edir. Axı Ermənistanın bundan başqa variantı yoxdur, Rusiya niyə bunu fərqli yanaşmalarda təqdim edir?!

Medalın görünən üzü budur ki, “Soros uşağı” olan Paşinyan artıq Qərblə Rusiya arasında manevr edə bilmir. Rusiyaya bağlı erməni siyasətçilər Paşinyanın devrilməsi istiqamətində təbliğata başlayıblar. “Müxalifət Ermənistanda hakimiyyət dəyişikliyi uğrunda mübarizəni davam etdirəcəyini vəd edir və bunu xarici təhlükələrə qarşı durmaq üçün yeganə fürsət hesab edir”. Ermənistan parlamentində müxalif “Şərəf duyuram” fraksiyasının rəhbəri Ayk Mamicanyan belə danışıb. Onun sözlərinə görə Ermənistanda hakimiyyət dəyişikliyini “küçələrdə və meydanlarda etiraz edən” vətəndaşlar həyata keçirəcək. “Əgər (Ermənistanın baş naziri) Paşinyan müdriklik nümayiş etdirməsə, bu həm də qanla təmin olunacaq”, - deyə erməni deputat bildirib. Onun sözlərinə görə, “ölkənin gələcəyi və dövlətçiliyin qorunub saxlanması maraqları hər cür qurban verməyə dəyər”. Mamicanyan etirazçı siyasi qüvvələr hakimiyyəti dəyişmək üçün əllərindən gələni edəcəyini bildirib.

“Rusiya Ermənistanın düşməni deyil və heç vaxt da olmayacaq”. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, İrəvanın son açıqlamaları ilə bağlı Moskvanın sərt reaksiya verməsi faktlarda qeyri-dəqiqliyin olmasından irəli gəlir. “İrəvanda qəbul edilən qərarların günahını və məsuliyyətini Rusiyanın üzərinə yükləməyə ehtiyac yoxdur. Bu, Ermənistan üçün təhlükəli nəticələrə gətirib çıxara bilər”, - deyə XİN rəsmisi vurğulayıb. Yəni Moskva üçün Ermənistan yox, onun hakimiyyəti düşmən gözündə görünür. Amma Vladivostokda keçirilən iqtisadi forumda Rusiya lideri Paşinyanla heç bir problem olmadığını qeyd etdi. Təbii ki, bu da aldadıcı fikir ola bilər. Lakin Kreml başçısı sərhəddə son gərginliklə əlaqədar Paşinyandan məktub da aldığını xatırlatdı. Bütün hallarda Rusiya-Ermənistan münasibətləri 2018-ci ildən hamar deyil. Bəs söyləmək olarmı ki, Rusiya artıq Ermənistanda iqtidar dəyişikliyi etməyə qərarlıdır? Ermənistanda digər qüvvələr hakimiyyətə gələrsə, sülh prosesinə hansı təsir göstərə bilər? Ümumiyyətlə, xalq Paşinyana “get” deyərmi və illərlə onlara zülm etmiş keçmiş “Qarabağ klanı”na yenidən şans verərmi? Çünki müxalifət Rusiyaya bağlıdır, erməni xalqının faciələrinə səbəb olublar, hətta sonuncu fiqur - Vardanyan belə proje olaraq işə yaramadı...

Onu da deyək ki, sentyabrın 13-də Rusiya Xarici İşlər Nazirliyi Ermənistan hökuməti tərəfindən Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu parlamentə ratifikasiya olunmağa göndərməsinə münasibət bildirib. XİN sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə bir müddət əvvəl Ermənistan səfirinin XİN-ə çağırıldığını, səfirə bu və rəsmi İrəvanın qəbul etdiyi digər qeyri-dost addımlar barədə etiraz bildirildiyini xatırladıb. “Bu qeyri-dost addımlardan biri də Beynəlxalq Cinayət Məhkəməsinin Roma statusunun parlamentdə ratikasiya olunması üçün göndərilməsi olub. Biz öz qiymətləndirməmizi vermişik. İrəvanın motivasiyasının qiymətləndirilməsi, izah olunması bizim tərəfimizdən deyil, Ermənistan tərəfindən olmalıdır. Onlar nə səbəbə, nəyə görə bunu edirlər? Onu da deyim ki, onlar öz qiymətləndirmələrini təqdim ediblər. Lakin biz bu cür addımlara qeyri-dost addım kimi baxırıq. Bu barədə də dəfələrlə demişik, erməni həmkarlarımıza, dostlarımıza ikitərəfli kanallar vasitəsilə demişik. Lakin artıq hansısa mərhələdə ictimai sferada deməyə başladıq. Ona görə ki, suallar çoxalır. Çünki Ermənistan tərəfi bu addımların bizdə ədalətli suallar doğuracağını başa düşürdü” - sitatın sonu. Zaxarova Ermənistanda 3 min “Vaqner” döyüşçüsünün olması iddialarını mifologiya adlandırıb. “Onların ("vaqnerçi"lərin-red.) fotoları, bəlkə videoları var? Nəyin əsasında belə bəyanatlar verilir? Nəyə görə üç min? Niyə üç kvadrilyon yox, niyə 1,5 adam yox? Haradandı bütün bunlar? Faktlar haradadır? Əgər bu qədər insandan söhbət gedirsə, o zaman onların olduğu məkan haradır? Bu, (Ermənistan-red.) əhalisi milyard nəfər olan ölkə deyil axı. Elə miqyaslı əhalisi olan ölkə deyil, yəqin ki, həmin insanları görərdilər. Bütün bunlar növbəti mifologiya sırasındandır", - deyə Rusiya XİN sözçüsü vurğulayıb. Xatırladaq ki, Rusiyanın Ermənistanda çevriliş üçün 3 min milliyyətcə erməni olan “vaqner”çi yerləşdirdiyi iddiaları səslənmişdi.

Məhz bu təşkilatlar keçmiş münaqişənin tam həllinə imkan vermirlər"

Xəyal Bəşirov

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirovun “Yeni Müsavat”a bildirdiyinə görə, Rusiya-Ermənistan münasibətlərində gərginlik açıq görünür. Onun fikrincə, anti-Rusiya ritorikasını Paşinyan komandası əvvəllər gizli şəkildə göstərirdisə, indi açıq surətdə nümayiş etdirirlər. “Yəqin ki, Paşinyan administrasiyasına Qərbdən belə təlimat gəlib. Yəni mübarizənin aşkar müstəviyə keçidi başlayıb. Sadəcə, Rusiyanın Ermənistandan çıxması çox ağır və ağrılı proses olacaq. Bunu İrəvan yaxşı başa düşür. Ermənistan üçün heç də asan keçməyəcək. Çünki Rusiyanın hərbi, siyasi-iqtisadi təsir imkanlarının nədən ibarət olduğunu bilirik. Amma hazırkı məqamda Paşinyanın hakimiyyətdən gedişi real görünməsə də, onun üçün zəmin hazırlanır”, - deyə ekspert düşünür. X.Bəşirov hesab edir ki, müharibədən sonra keçirilən növbədənkənar seçkidə xalqın Paşinyana və keçmiş prezidentlərə fikri ortaya qoyuldu: “Bu gün üçün Rusiyanın elə bir kadrı yoxdur ki, Paşinyanın yerinə gətirsin. Ona görə Moskva o yerə gəlib çatana qədər Nikolu nüfuzdan salmaq prosesini aparır. Bu hadisələrdə Putinin Kəlbəcər və Laçın açıqlamasına gəlincə, bəziləri deyirdilər ki, Rusiya torpaqları Azərbaycana qaytardı. Bu fikirlərin müəlliflərinə çox ciddi cavab oldu. Rusiya işğala son qoymaq üçün heç bir şərait yaratmayıb. Azərbaycan Ordusu, xalqı, onun Ali Baş Komandanı öz gücü, qəhrəmanlığı sayəsində işğala son qoya bilib”.

Rəsmi Paris Bakını heç vaxt müttəfiq görməyib - Əziz Əlibəyli

Əziz Əlibəyli

Siyasi şərhçi Əziz Əlibəylinin sözlərinə görə, maraqlıdır ki, Rusiya təkcə Azərbaycanın ərazi bütövlüyünü təhdid edən Ermənistana qarşı rahat formada demarş edə bilər və məhz bu mərhələdə Əliyev dühasının cizgiləri ön plana çıxır: “Rusiya-Ermənistan münasibətlərini pozdu, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı regional və qlobal təhdidlərin qarşısının alınmasında Rusiyaya məsuliyyət yüklədi. Yəni Azərbaycanın ərazi bütövlüyünü tanımaqda Ermənistanı ittiham edən Putin Azərbaycanın ərazi bütövlüyünə xələl gətirən fəaliyyətlərin qarşısını almağı öhdəsinə götürüb. Ermənistan deyir ki, "Rusiya prezidentinin ziddiyyətli hərəkətlərini necə başa düşmək olar?" Çox aydın: Rusiya-Azərbaycan müttəfiqlik bəyannaməsi həm də Ermənistana qarşı yönəlib. Və bizim vahid düşmənimiz Ermənistan olur. Bu gün Ermənistanda başa düşülməyən məhz bu prosesdir ki, əsası ötən ilin yanvarında Rusiya-Azərbaycan müqaviləsi ilə qoyulub. Ayrıca, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı açıqlamasını 2022-ci il sentyabrın 13-də baş verən hərbi əməliyyatlardan sonra verib".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR