İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml “Batka”nı da “savaş bataqlığı”na sürükləyir: Zelenski Belarusa niyə “hücum mesajı” verdi

1933 23.06.2026 17:30 Analitika A A

Əgər, Rusiya üzərində Qərbin hərbi-siyasi təzyiqləri artarsa, Kreml də buna paralel olaraq, öz müttəfiqlərindən daha böyük dəstək tələb edə bilər... Bu variantda isə Belarus prezidenti Aleksandr Lukaşenkonun daha mürəkkəb və prinsipial seçim qarşısında qala biləcəyi qətiyyən istisna deyil...

Ukrayna müharibəsi ətrafında gedən qəliz proseslər onu göstərir ki, Rusiya və kollektiv Qərb arasındakı hərbi-strateji qarşıdurma artıq yalnız savaş meydanları ilə məhdudlaşmır. Belə ki, son açıqlamalar, siyasi-diplomatik mesajlar və taktiki addımlardan belə anlaşılır ki, bu savaş tədricən daha genişmiqyaslı geopolitik mübarizə predmetinə çevrilməyə başlayıb. Xüsusilə də, G7 ölkələri tərəfindən Ukraynaya dəstəyin artırılması və Rusiyaya qarşı təzyiqlərin gücləndirilməsi barədə verilən mesajlar, Kremlin ənənəvi aqressiv davranışları, eləcə də, Kiyev-Minsk xəttində artan gərginlik yeni hərbi-strateji mərhələnin formalaşmaqda olduğunu göstərir.

Onu da qeyd etmək lazımdır ki, Almaniya kansleri Fridrix Mertzin G7 çərçivəsində verdiyi açıqlamalar bu yeni mərhələnin əsas siyasi əlamətlərindən biri hesab olunur. Almaniya kansleri bildirib ki, G7 tərəfdaşları Ukraynaya hərbi və maliyyə dəstəyini artıracaq, eyni zamanda, Rusiyaya qarşı sanksiya təzyiqlərini isə daha da sərtləşdirəcək. Bu açıqlama həm də Avropa ölkələrinin Ukrayna savaşına münasibətdə əvvəlkindən daha fəal və qətiyyətli davranmağa çalışdığını biruzə verir. Və əgər, bu müharibənin ilk mərhələsində əsas hərbi-siyasi yük böyük ölçüdə ABŞ-ın üzərinə düşürdüsə, hazırkı vəziyyət Avropa dövlətlərinin artıq öz təhlükəsizlik məsuliyyətlərini artırmaq niyyətində olduqlarını sezdirir.

Xüsusilə də, Almaniyanın bu məsələdə qətiyyətli mövqe tutması olduqca böyük əhəmiyyət daşıyır. Belə ki, rəsmi Berlin uzun illər ərzində Rusiya ilə iqtisadi münasibətləri qorumağa çalışan əsas Avropa paytaxtlarından biri olub. Ancaq Ukrayna müharibəsi Almaniyanın təhlükəsizlik yanaşmasının ciddi şəkildə dəyişməsinə səbəb olub. Çünki indi rəsmi Berlin məhz Rusiyanı Avropa məkanının təhlükəsizlik sisteminə qarşı əsas təhdidlərdən biri kimi qiymətləndirir. Və buna uyğun olaraq da Almaniyanın müdafiə siyasətini, hərbi təhlükəsizlik sistemini yenidən qurmağa çalışır.

19f27257-a5ca-4e14-b088-d8d8a45a41bb.jpg (175 KB)

Bütün bunlara paralel olaraq, Rusiya siyasi dairələrinin Ukrayna savaşı ətrafında baş verənlərə aqressiv reaksiyası isə qarşıduran tərəflər arasında kompromis ehtimalının hələ də çox zəif olduğunu göstərir. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ukraynaya qarşı genişmiqyaslı zərbələrin davam etdiriləcəyi barədə açıqlaması Kremlin hərbi təzyiq strategiyasından qətiyyən geri çəkilmədiyini ortaya qoyur. Və üstəlik, Kremlin NATO üzvü olan Avropa ölkələrini 2030-cu ilə qədər Rusiya ilə birbaşa savaşa hazırlaşmaqda suçlaması da bu qarşıdurmanın daha da dərinləşə biləcəyindən xəbər verir.  

Məsələ ondadır ki, xarici işlər naziri Sergey Lavrovun açıqlamasında əsas mesaj ondan ibarətdir ki, Rusiya kollektiv Qərbin Ukraynaya artan dəstəyini Rusiya üçün hərbi-strateji təhdid kimi qəbul edir. Rus diplomat bu təhdidə cavab olaraq, Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatların intensivliyini qoruyub, saxlamaq niyyətində olduğunu da vurğulayıb. Bu isə o deməkdir ki, Rusiya və kollektiv Qərb arasında qarşılıqlı təzyiq mexanizmləri getdikcə daha da güclənir. Yəni, kollektiv Qərb sanksiyalar və hərbi yardımlar vasitəsilə Ukraynanı dəstəkləyir, Rusiya isə hərbi eskalasiya yolu ilə siyasi-diplomatik nəticə əldə etməyə çalışır.

Digər tərəfdən, Rusiya lideri Vladimir Putin ilə yaxın münasibətləri artıq şübhə doğurmayan ABŞ prezidenti Donald Trampın Ukrayna müharibəsinin ilk mərhələsi ilə bağlı açıqlamaları da böyük maraq doğurur. Çünki Ağ Ev sahibi Donald Tramp bildirib ki, onun hakimiyyətə gəlişindən sonra ABŞ-ın Ukraynaya verdiyi “Javelin" raket sistemləri Rusiya ordusunun genişmiqyaslı  hücum planlarına ciddi zərbə vurub. Onun fikrincə, məhz ABŞ-ın Ukraynaya dəstəyi sayəsində Rusiya ordusunun paytaxt Kiyev istiqamətindəki hərbi əməliyyatı bir sıra strateji və taktiki səhvlərlə müşayiət olunub.

Əslində, Ağ Ev sahibinin bu iddiaları Ukrayna müharibəsinin başlanğıc mərhələsindəki əsas dönüş nöqtələrindən birinə diqqət çəkir. Belə ki, məhz Rusiya ordusunun qısa müddətdə hərbi-siyasi nəticə əldə etmək planının reallaşmaması Ukraynaya həm ölkədaxili müqaviməti gücləndirmək, həm də kollektiv Qərb düşərgəsindən daha genişmiqyaslı dəstək almaq imkanları yaratmışdı. Halbuki, bütün bunlar Tramp administrasiyasının hakimiyyətə gəlişindən daha öncəyə təsadüf etsə də, Ağ Ev sahibi Rusiyaya qarşı yumşaq mövqedə olduğu barədə mövcud iddialara cavab olaraq, məhz bundan arqument kimi istifsdə etməyə çalışır.

2995c5a0-1f0f-4130-83ca-ced534f50565.jpg (137 KB)

Maraqlıdır ki, Ağ Ev sahibi Donald Tramp öz administrasiyasının Rusiyaya münasibətdə olduqca sərt xətt yürütdüyünü israrla vurğulayır. Bu isə ABŞ daxilində Ukrayna məsələsi ilə bağlı siyasi mübarizənin hələ də davam etdiyini göstərir. Ona görə də, prezident Donald Tramp amerikalı və avropalı siyasi rəqiblərin onu Rusiyaya yaxın prezident kimi təqdim etmək cəhdlərinə qarşı indi məhz istənilən faktdan arqument məzmununda istifadə etmək məcburiyyəıtində qalıb.  

Bütün bunlarla yanaşı, son vaxtlar Ukrayna savaşının arealının genişlənmə ehtimalı da ciddi şəkildə ön plana keçməyə başlayıb. Belə ki, hazırda Ukrayna və Rusiyanın əsas hərbi-siyasi müttəfiqi Belarus arasında artan gərginlik daha bir təhlükəli savaş istiqamət yaratmağa başlayıb. Çünki Ukrayna prezidenti Volodimir Zelenski məhz Belarus ərazisində Rusiyanın hərbi-sənaye kompleksinə xidmət edən hərbi müəssisələrin fəaliyyət göstərdiyini bildirib. Və Belarus prezidenti Aleksandr Lukaşenkonu Ukrayna əleyhinə yönəlmiş Rusiya ilə hərbi əməkdaşlığa dərhal son qoymağa çağırıb.

Onu da qeyd etmək lazımdır ki, prezident Volodimir Zelenski bu çağırışla, müharibənin tərəfi olmadığını bəyan edən rəsmi Minskin Rusiyaya göstərdiyi hərbi və logistika dəstəyinin Belarusu faktiki olaraq, bu savaşın tərkib hissəsinə çevirdiyini qabardır. Belə ki, Belarus prezidenti Aleksandr Lukaşenko isə müxtəlif vaxtlarda Ukrayna müharibəsində iştirak etmək istəmədiyini və sülh prosesinə töhfə verməyə hazır olduğunu dəfələrlə bəyan edib. Ancaq real vəziyyət onu göstərir ki, Belarus və Rusiya arasındakı hərbi-siyasi bağlılıq olduqca dərinləşib.

45db0a4c-65c5-44f2-8da8-76fbbd0bdb52.jpg (276 KB) 

Məsələ ondadır ki, Belarus Rusiya üçün böyük strateji əhəmiyyət daşıyan ölkədir. Belə ki, bu ölkənin coğrafi mövqeyi, Rusiya ilə hərbi inteqrasiyası və təhlükəsizlik əməkdaşlığı Kremlin regiondakı manevr imkanlarını genişləndirir. Ancaq bunun əksinə olaraq, belə vəziyyət Belarus prezidenti Aleksandr Lukaşenkonun Rusiyanın təsir dairəsindən kənarlaşmaqla, müstəqil manevrlər etmək imkanları ciddi şəkildə məhdudlaşır. Və ona görə də, hazırda Rusiyadan təlimat veriləcəyi təqdirdə, Belarusun yaxın gələcəkdə Ukrayna müharibəsinin daha aktiv iştirakçısına çevrilə biləcəyi ilə bağlı ehtimallar olmamış deyil.

Onu da nəzərə almaq lazımdır ki, hazırda mövcud olan vəziyyət belə bir təhlükəli ssenarinin tamamilə istisna olmadığını göstərir. Belə ki, əgər, Rusiya üzərində hərbi-siyasi təzyiqlər artarsa, Kreml də buna paralel olaraq, öz müttəfiqlərindən daha böyük dəstək tələb edə bilər. Bu variantda isə Belarus prezidenti Aleksandr Lukaşenkonun daha mürəkkəb prinsipial seçim qarşısında qala biləcəyi qətiyyən istisna deyil. Və üstəlik, prezident Volodimir Zelenski də rəsmi Minskə açıq şəkildə xəbərdarlıq edib ki, əgər, Belarus müəssisələrinin Rusiya hərbi-sənaye kompleksinə dəstəyi dayandırılmazsa, Ukrayna ordusunun zərbələri qaçılmaz ola bilər.

Göründüyü kimi, bu savaş artıq yalnız Rusiya-Ukrayna müharibəsi olmaqdan böyük sürətlə uzaqlaşır. Yəni bu hərbi qarşıdurma Avropanın gələcək təhlükəsizlik sisteminin, NATO-Rusiya münasibətlərinin və qlobal güc balansının müəyyənləşdiyi genişmiqyaslı geopolitik mübarizənin tərkib hissəsinə çevrilib. G7-nin Ukraynaya artan dəstəyi, Kremlin buna sərt reaksiyası və Belarus faktorunun ön plana çıxması onu göstərir ki, qarşıdakı mərhələdə əsas risk yalnız cəbhə xəttində baş verənlərlə bağlı deyil. Çünki yaxın vaxtlarda həm də yeni hərbi-siyasi böhran nöqtələri yarana, hətta Belarus belə, Ukrayna savaşına cəlb oluna bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

004821fae7991696e809ed2abb664862-1.jpg (115 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR