İnsanlara hürriyət, millətlərə istiqlal!

Kredit və ödənişlərimizi etməyin asan yolu

903 14.11.2019 11:00 İqtisadiyyat A A

Onlayn və nağdsız ödəniş qaydaları - evdən çıxmadan, növbə gözləmədən pul əməliyyatları...

Dünyanın inkişaf etmiş ölkələrində maliyyə və ticarət əməliyyatlarının, alı-verişin 90 faizindən çoxu onlayn və nağdsız qaydada həyata keçirilsə də, Azərbaycanda bu çox aşağı həddədir. Nağdsız ödəniş, o cümlədən onlayn ödəmələr üçün müəyyən imkanlar olsa da, Azərbaycanlılar nağd puldan imtina etməkdə çətinlik çəkirlər. Bəzilərində bu bilgilər, texniki bacarıqlar yoxdur, bəzilərində isə kart sistemində, onlayn əməliyyatlara inamsızlıq var. Hazırda ölkədə 7 milyondan artıq plastik kart var ki, onların böyük əksəriyyəti yalnız vəsaitin nağdlaşdırılması üçün  istifadə olunur. Söhbət əmək haqqı, pensiya və sosial müavinətlərin verildiyi kartlardan gedir. Bəzən əmək haqqı və pensiyanın köçürüldüyü gün onu bankomatlar vasitəsilə nağdlaşdırılır, daha sonra nağdsız ödəniş edə biləcəkləri yerlərdə xərcləyirlər.

Bu gün insanların ən çox əziyyət çəkdiyi məsələlərdən biri də aylıq kredit ödənişləri üçün banklara üz tutmaq, orada növbə götürmək və gözləməkdir. Halbuki kreditləri onlayn qaydada ödəmək üçün bankların onalyn servisləri, ödəmə imkanları var. Həmçinin hesab.az, modenis.az, e-pul.az, goldenpay.az, portmanat.az, million.az kimi onlayn ödəmə sistemləri  fəaliyyət göstərir. Bu ödəniş portallarına daxil olmaqla, portnyor şirkətlərə və banklara ödənişləri həyata keçirmək mümkündür.

Lakin insanlar evdən çıxmadan, sadəcə, mobil telefon və ya planşetlə internet imkanlarından istifadə etməklə həyata keçirəcəkləri kiçik əməliyyat əvəzinə bəzən bank şöbələrinə, bəzən mağazalara hər ay getməli olurlar. Eyni məsələ kommunal ödənişlərə də, mobil köçürmələrə də aiddir.

İqtisadçı ekspert Rəşad Həsənov mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlama verərkən bildirdi ki, hər iki istiqamətdə, həm nağdsız ödəmələr, həm də onlayn ödənişlərin zəif inkişaf etməsinin baza səbəbləri oxşardır: “Burada daha çox müasir informasiya texnologiyalarının imkanlarından istifadə bacarıqlarının zəif olması, cəmiyyətin müəyyən bir hissəsinin , xüsusilə də 40 yaş üzəri əhalinin bu kimi məsələlərə daha konservativ yanaşması, maarifləndirmənin aşağı səviyyədə olması, insanların müəyyən stereotiplərinin olması, hesabların oğurlanması qorxusu, ənənəvi alış-veriş qaydalarından qopa bilməmək kimi problemlər var. Bunu ümumiləşdirib belə qiymətləndirmək olar ki, insanların böyük əksəriyyəti hələ də onlayn və nağdsız ödəmə infrastrukturundan tam istifadə edə bilmirlər. Ölkədə 7 milyondan artıq kart var. Bu kartların böyük əksəriyyəti pensiya və əmək haqqı kartlarıdır, o cümlədən müavinətlərin ödənildiyi kartlardır. Həmin kartların hər biri onlayn ödəmədə, o cümlədən nağdsız ödəmələrdə tam olaraq istifadə oluna bilər. Ancaq insanların böyük əksəriyyəti, xüsusilə də orta yaşlı və yaşlı nəsil elə bilirlər ki, bu kartlar sadəcə vəsaitləri nağdlaşdırmaq üçün istifadə oluna bilən kartlardır. Nə qədər insanlar da düşünürlər ki, vəsait karta oturan kimi onu çıxartmaq lazımdır, əks halda ola bilər ki, bu vəsaiti kimsə oğurlasın. Belə stereotiplər də var”.

İqtisadçı ekspert Rəşad Həsənov ile ilgili görsel sonucu

İqtisadçının sözlərinə görə, bəzi banklar bir sıra hallarda müasir təhlükəsizlik qaydalarından istifadə edə bilmirlər: “Təmassız kartların istifadəsi Azərbaycanda çox az yayılıb, bu sahədə hətta qonşu Gürcüstandan da geridəyik. MasterCard-ın özünü də müəyyən tələbləri var ki, hələ Azərbaycan növbəti il də bu tələbləri yerinə yetirməyi qarşısına məqsəd qoyub. Artıq Gürcüstanda bu tələblər çoxdan yerinə yetirilib. ”E-pay", “Google-pay” kimi ödəniş sistemlərindən istifadə hələ də Azərbaycanda mümkün deyil. Bunlar da müəyyən qədər dövriyyənin azalmasına gətirib çıxaran faktorlardır. İnsanların çoxu düşünür ki, alış-veriş münasibətlərində nağd şəkildə ödəniş etdiyi təqdirdə onlar məhsulu daha aşağı qiymətlə ala bilərlər. İnsanların böyük əksəriyyətində bu yanaşma da var. Çünki əksər hallarda vətəndaşlar onlayn şəkildə ödəniş edərkən onlara bu şanslar verilmir. Bu, bazarın reallığıdır və bu reallığı dəyişmək üçün dövlət tərəfindən daha kompleks təşviq mexanizmlərinin işlənib hazırlanmasına ehtiyac var. Burada müəyyən qədər sahibkarın da maraqlı olması əsas məqamlardan biri olmalıdır. Çünki sahibkarlar hələ də nağdsız ödənişlərə müəyyən qədər konservativ mövqe ortaya qoyurlar. Çünki bu halda avtomatik olaraq vergi orqanları tərəfindən qeydə alınır. Gizli iqtisadiyyatın daha geniş yayıldığı ölkələrdə olduğu kimi,  Azərbaycanda da sahibkarlar tərəfindən prosesə qarşı bir müqavimət müşahidə olunmaqdadır. Burada başqa digər məqamlar da var. Onlardan biri infrastrukturun zəif olmasıdır. Xüsusən regionlarda nağdsız ödəmə yoxdur, böyük müəssisələr, ictimai iaşə obyektlərində də infrastruktur çatışmazlığı var. Bu da məsələnin digər tərəfidir ki, prosesin zəif inkişaf etməsinə səbəb olur".

R.Həsənov vurğuladı ki, onlayn mal və xidmətlər təklif edən onlayn media subyektlərinin qeyri-dürüst davranışları da prosesə neqativ təsir göstərir: “Rəqabətin zəif olması, ənənəvi institutlaşmanın olmaması bu istiqamətdə ciddi boşluqların mövcudluğu vətəndaşların aldadılması hallarının artması ilə nəticələnir. İnsanlara vizual olaraq göstərilən  mal və xidmətlə  təqdim olunan mal və xidmət arasında kəskin fərq olur. Bu kimi hallarda alıcılar öz hüquqlarını bərpa etmək üçün ciddi çətinliklərlə üzləşirlər. Bu sahədə fırıldaqçılığın olması son nəticədə insanların özündə də olayn ticarətə,  ödəniş sistemlərinə, burada fəaliyyət göstərən sistemlərə güvənin aşağı olmasına, son nəticədə, Azərbaycanda onlayn  ticarətin və nağdsız ödənişin zəif inkişafına gətirib çıxarır. Onlayn ödəmə resurslarının Azərbaycanda olmaması da trendin zəif inkişafına gətirib çıxarır”.

Nərgiz LİFTİYEVA
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR