İnsanlara hürriyət, millətlərə istiqlal!

Korona “bir dövrə” vurub qayıtdı - karantin sərtləşdirilə bilər

582 20.07.2022 09:50 Gündəm A A

“Yoluxmalar artsa da, ölüm sayı çox olmayacaq”- infeksionist

Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, son 5 həftə ərzində dünyada koronavirusa yoluxma halları artmaqdadır, lakin virusla bağlı ölümlərdə ciddi artım müşahidə olunmur. ÜST-in dərc etdiyi həftəlik hesabata görə, ötən həftə dünyada 5,7 milyon COVİD-19 hadisəsi aşkar edilib, yoluxmaların sayı isə əvvəlki həftə ilə müqayisədə 6 faiz artıb. 2022-ci ilin mart ayından etibarən azalan yoluxma saylarının sayı iyunun ikinci yarısından etibarən yenidən artmağa başlayıb. Artımın dünyada “Omicron” variantının yüksək yoluxucu BA.4 və BA.5 alt-variantlarının yayılması ilə əlaqədar olduğu təxmin edilir. Digər tərəfdən, ÜST qeyd edib ki, hadisələrin artmasına baxmayaraq, virusla bağlı ölümlərdə ciddi artım müşahidə olunmayıb. Ötən həftə dünya üzrə 9800 ölüm qeydə alınsa da, əvvəlki həftə ilə müqayisədə bu rəqəm dəyişməyib.

Azərbaycanda isə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb: “Azərbaycanda da son günlər COVİD-19 infeksiyasının yayılması ilə əlaqədar neqativ dinamika izlənilir. Yoluxanların sayında artım və yoluxan şəxslərin sağalanlarla nisbətdə üstünlük təşkil etməsi müşahidə olunur”.

Qeyd olunub ki, Ümumdünya Səhiyyə Təşkilatının  məlumatına görə, ötən həftə ərzində qlobal olaraq koronavirus (COVİD-19) infeksiyasına yoluxma halları artmaqdadır: “ÜST dünyada müşahidə olunan yüksək artım fonunda qapalı məkanlarda maskalardan istifadə etməyi və gigiyena qaydalarına əməl olunmasını tövsiyə edir. Ölkəmizin səhiyyə qurumları vətəndaşlarımıza qapalı məkanlarda tibbi maskaların taxılmasını, sosial məsafənin gözlənilməsini, təmasların azaldılmasını, respirator gigiyena qaydalarına əməl olunmasını təkidlə tövsiyə edir”.

Bildirilib ki, proses səhiyyə qurumları tərəfindən diqqətlə izlənilir və nəzarət altındadır: “Pandemiya ərzində mənfi dinamikanın aradan qaldırılması ilə bağlı xeyli təcrübə toplanılıb. İstənilən hallarda vəziyyətə uyğun adekvat qərarlar verilə bilər. Bir daha vətəndaşlarımıza qapalı məkanlarda tibbi maskalardan istifadə və gigiyena qaydalarına riayət etmələrini ciddi şəkildə tövsiyə edirik”.

Hər üç qurumun yaydığı məlumat isə insanlar arasında birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə sərt karantin rejiminin tətbiq olunacağı, məktəblərin, metronun, bir sıra iş yerlərinin bağlanacağı barədə məlumatlar yayılmaqdadır.  “İş yerləri bağlanarsa, ailəm acından öləcək”, - deyə etiraz edənlər də var.  Vəziyyət həqiqətən də bu dərəcədə kəskindirmi, ölkəmizdə epidemioloji vəziyyət necədir? Karantin qaydaları sərtləşdirilməlidirmi?

Nicat Əzimli - Teleqraf.com

Nicat Əzimli

Mövzu ilə bağlı həkim- infeksionist Nicat Əzimli “Yeni Müsavat”a bunları şərh etdi: “Hazırda yoluxma sayında artım var. Fikrimcə, hər kəs fərdi qaydada önləyici tədbirləri yerinə yetirməlidir. Amma bu, qapanmalara gediləcək dərəcədə təhlükəli bir artım deyil. Çünki  ”Omikron" variantının BA4 və BA5 subvariantları (alt variantları) nəticəsində yaranan bir artımdır. Xəstəliyin gedişatında da üst tənəffüs yolları respirator infeksiyalarının əlamətləri üstünlük təşkil edir. Ağciyərdə tənəffüs çatışmazlığı daha az hallarda görünür. Əvvəlki “Delta” ştamında görülən ağır halları burada görmürük. Yoluxmalarda artım olsa da, ölüm hallarındakı say çox yüksəlməyəcək. Ona görə də qapanmalara ehtiyac yoxdur.  Maskadan istifadə Avropa ölkələrində gündəmə gətirildiyi kimi Azətbaycanda gündəmə gətirilməlidir".

Məktəblərin koronavirusa görə bağlanması məsələsi də gündəmə gəlir. Nəzərə alınsa ki, ötən pandemiya dövründə  təhsil müəssisələri distant təhsillə bağlı bir sıra problemlər yaşamışdı. Görəsən, yenidən məktəblər bağlanarsa, biz buna hazırıqmı? Bu dəfə də eyni problemlərlə üzləşəcəyikmi? 

Kamran Əsədov: Bu gün ölkəmizdə 5 minə yaxın xarici ölkələrdən gəlmiş  tələbə var

Kamran Əsədov 

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı: “Azərbaycan təhsil sistemi 2020-ci ilin martında pandemiya səbəbindən distant təhsilə keçmişdi. Biz geridə qoyduğumuz iki il ərzində maksimum nəyi etmək mümkündürsə, elədik. Amma gördük ki, pandemiya dövründə təhsil almaq, təhsil vermək resurslarımız yox dərəcəsindədir və sui-istifadə halları təhsilə yanaşmanı ciddi şəkildə dəyişir. Təhsil öz ətrafında iki milyon insanı birləşdirir. Təbii ki, bu qədər insanın aktiv iştirak etməsi yoluxma sayına birmənalı şəkildə öz təsirini göstərir. Digər müəssisələrdən fərqli olaraq təhsil müəssisələrində şagirdlər arasında yaxın təmas var. Bu da təbii ki, yoluxma sayına təsirini göstərə bilər. Amma biz Azərbaycan olaraq bütün qaydalara əməl etdik və bildik ki, yaşamaq üçün qapanmaq tək şərt deyil. Digər qaydalara  gəldik də, qoruyucu maskalardan istifadə etməklə mövcud vəziyyətdən çıxmaq olar. Təbii ki, yoluxma sayı təhlükəli həddə çatarsa, məktəblərin bağlanması qaçılmazdır. Hələ ki məktəblərin açılamsına iki ay müddət qalıb. Ola bilər ki, bu aylarda yeni yoluxma dalğası olsun. Bununla bağlı müvafiq qurumlar fikirlərini bildirəcəklər. Yoluxma sayı artarsa, məktəblər, universitetlər distant təhsilə keçə bilər. Bizim üçün əsas məqam insanların sağlamlığıdır. Pandemiya dövründə təhsil olaraq böyük itkilər vermişik. Həm bilik və bacarıq baxımından, həm də koronaviris səbəbindən müəllimlərimizi itirmişik. Belə bir təhlükənin yenidən yaşanması olduqca pis olar. Ona görə də yoluxma sayı artacağı təqdirdə təhsil müəssisələrinin distanta keçməsi mümkündür. Onlayn şəkildə dərs keçmək üçün alətlərimiz var. Resurslarımız çox olmasa da, keyfiyyətli olmasa da, var. Amma  bunlar təkmilləşməlidir. Əslində pandemiya bizə” dərs" verdi ki, resurslarımızı çoxaldaq. Görünən odur ki, biz pandemiya dövrünün bitdiyini zənn etdik, proqramların üzərində  işləmədik. Alternativ resurslar yaradılmalıdır. Hər an hər şey baş verə bilər, buna hazır olmalıyıq".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR