İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyevə dəhşətli zərbə, 14 ölü: Zelenski müttəfiqləri anbardakı "Patriot"ları gizlətməkdə ittiham etdi

628 06.07.2026 11:50 Dünya A A

Ukrayna paytaxtı Kiyev və ətraf regionları Rusiya Silahlı Qüvvələrinin son dövrlərdəki ən böyük və qanlı kütləvi hava hücumuna məruz qalıb. Müttəfiqlərin hava hücumundan müdafiə sistemləri üçün raket tədarükünü ləngitməsi fonunda baş verən bu ağır zərbələr nəticəsində çoxlu sayda insan tələfatı və dağıntılar qeydə alınıb.

Musavat.com xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski öz rəsmi "Telegram" kanalı vasitəsilə Kiyev və Kiyev vilayətinə endirilən raket və dron zərbələrinin dəhşətli miqyasını açıqlayıb. Dövlət başçısının bildirdiyinə görə, Rusiya ordusu gecə ərzində Ukrayna paytaxtına doğru 68 raket və 351 zərbə dronu buraxıb. Zərbələr nəticəsində Kiyev şəhərinin 10-dan çox nöqtəsində, o cümlədən çoxmərtəbəli yaşayış binalarında ciddi dağıntılar və yanğınlar baş verib. Hazırda hadisə yerlərində xilasetmə işləri davam etdirilir; indiyədək ikisi uşaq olmaqla 64 nəfər xilas edilib, lakin son məlumatlara görə, paytaxtda 11 nəfər həlak olub, 60-a yaxın dinc sakin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Kiyev vilayətində isə hücum nəticəsində 16 nəfər yaralanıb, 3 nəfər dünyasını dəyişib. Vilayətin Vişneve yaşayış məntəqəsində raket zərbəsinin endiyi yerdə güclü yanğın qeydə alınıb və fərdi yaşayış sektorundan əhalinin təxliyəsi aparılır. Fəsadların aradan qaldırılmasına 400-dən çox xilasedici və polis əməkdaşı cəlb olunub.

Volodimir Zelenski Ukrayna hərbçilərinin dron və qanadlı raketlərin məhv edilməsində yüksək nəticə göstərdiyini, lakin Rusiyanın ballistik raketlərinə qarşı eyni uğuru qazana bilmədiklərini etiraf edib. Prezident bunun birbaşa səbəbi kimi Qərbdən gələn raket-əleyhinə önləyici raketlərin yetərsiz olmasını göstərib və müttəfiqlərə sərt ismarış yollayıb:

"Dünyanın, xüsusilə də Amerika və avropalı tərəfdaşlarımızın Ankarada keçiriləcək NATO sammitindən bizim səmamızın, deməli, həm də sıravi insanların həyatının qorunması üçün güclü qərarlarla ayrılması çox vacibdir. Müttəfiqlərin anbarlarında 'Patriot' raketləri qaldığı müddətcə, bu, Rusiyanı yaşayış binalarına qarşı 'qalib gəlməyə' daha da həvəsləndirir. ABŞ və Avropanın bu terroru dayandırmaq üçün kifayət qədər gücü var".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR