İnsanlara hürriyət, millətlərə istiqlal!

RUSİYALI BLOGGERİN QARABAĞDAN İLGİNC SƏFƏR QEYDLƏRİ

7099 03.11.2012 09:41 KİVDF layihələri A A

Zod aşırımı

Dağlıq Qarabağın şimalını Ermənistanla birləşdirən Zod aşırımı özünəməxsus yerdir... İlk dəfə 2011-ci ildə İrəvanda kirayə götürdüyüm maşınla bu aşırımdan keçməklə Qarabağa getməyə qərar verəndə məni qarşıda nələrin gözlədiyini bilmirdim. Əks halda, mənim bu yolla getməyim heç bir məntiqə sığmazdı. Birincisi, aşırım yüksəkdir, doğrudur, hündürlüyü cəmi 2366 metrdir. İkincisi, oradan dəhşətli dərəcədə bərbad olan qrunt yol keçir. Ermənilərin yollarını ümumiyyətlə dəhşətli saymaq olar, ancaq söhbət dağ yollarından gedəndə vəziyyət daha da dəhşətli xarakter alır. Nəhayət, üçüncü səbəb budur ki, formal baxımdan Zod aşırımı qapalı hərbi zona sayılır, Azərbaycan mövqelərindən cəmi 4 kilometrlikdə yerləşir və ora turistləri buraxmırlar.

Aşırımı keçmək üçün şərtlər

Bəs Zod aşırımı əslində nədir və orayla getmək olarmı? Öz başıma gələnlərin əsasında danışa bilərəm. İsrail ordusunda xidmət etdiyim üç il ərzində mən müxtəlif markalı ciplərin sükanı arxasında Qolan təpələrinin dağılmış qrunt yolları, Yeqev səhrası, Yəhudi çölləri ilə dolaşmışam. Oralarda gecə də, gündüz də, qarda da, yağışda da getmişəm. Ona görə də Zod aşırımı ilə səyahət bunların yanında ekstremal görünməzdi. Bir şərtlə ki, 1. Sizin tam ötürücülü cipiniz və yaxşı olardı ki, iki ehtiyat təkəriniz olsun. 2. Bu səyahət ancaq may ayından oktyabr ayına qədər mümkündür. Çünki qalan aylarda yol qarla, palçıqla örtülü olur və bu yolla getmək ya maşının palçıqda batması, ya sürüşüb uçuruma yuvarlanması ilə nəticələnə bilər. 3. Siz kifayət qədər erkən yola çıxmalısınız. Əks halda yolda qaranlığa düşə bilərsiniz, ən yaxşısı yaxınlıqdakı yaşayış məntəqəsinə çatmaqdır. 4. Sizin maşınınız sizin üçün heç bir dəyər kəsb eləmir, yəni ona heyfislənməyin. 5. Sizin dağlıq yerlərdə maşın sürmək təcrübəniz olmalıdır. Əgər bütün bu şərtlər yerindədirsə yola çıxa bilərsiniz.
İlyarım əvvəl biz bu yolla apreldə getmişdik, onda qar təzə əriyirdi və yol bataqlığa çevrilmişdi. Bir çox hallarda yol xarab olmuş hərbi texnika ilə bağlanmışdı. İndi oktyabrdır və hava mülayimdir, yol da qurudur.

Kəlbəcərə çatanda...

Aşırımı başa vurandan sonra yol Tərtər çayı boyu Şərqə uzanır. Yol pisdir, ancaq Zod aşırımındakı kimi təhlükəli deyil. Qarşıda hərbi nəzarət məntəqəsi yerləşir. İdeyaya görə orada hamını saxlamalı və xoşagəlməz söhbətlərə cəlb eləməlidirlər. Söhbətin mövzusu belə ola bilər - buralarda nə itiniz azıb, turistlərə getmək qadağandır. Əvvəlcədən bu cür söhbətlərə cəlb olunmuş turistlərin hekayələri ilə tanış idim. Onların bir qismini hərbçilər Ermənistana geri qaytarıblar, ancaq bir qismini Dağlıq Qarabağa hər halda buraxıblar. Mənim təcrübəmdə isə nə 2011-ci ildə, nə indi saxlanmadım. Doğrudur, Tiflisdə kirayə götürdüyüm maşının Gürcüstan nömrəsi ilə bağlı narahat idim ki, diqqəti cəlb edərəm.
Beləliklə, xeyli vaxtdan sonra Kəlbəcər döngəsinə çatırıq və məşhur İstisuya getmək fikri baş qaldırır. Ancaq saat dörddür, iki saatdan sonra hava qaralacaq. Ona görə də ən yaxşısı gecələməyə yer axtarmaqdır. Əgər ora getsək harda qalacağıq? Nə otel var, nə gecələməyə ev. Özümüzlə səyyar yataq dəsti də götürməmişik. Darmadağın yolla qaranlıqda geri qayıtmaq isə asan məsələ deyil.

Gecələmək üçün Ağdərəyə: səyyahlar yolu azır...

Nəticədə qərara aldıq ki, riskə getməyək və Mardakertə (Ağdərə-red.) yollanaq. Yolda faralar söndü, ancaq qabarit işıqlar işləyirdi. Yaxşı ki, qaranlıq bizi nisbətən rahat yolda haqladı. Qarabağda gecələr çox qaranlıq olur, işıqsız heç nəyi görmək mümkün deyil. Təsəvvür edin ki, belə qaranlıqda döngələrlə dolu yolla gedirsiniz və uçuruma yuvarlanmırsınız. Bu qaranlıqda azdıq və Ağdərə əvəzinə yan yolla Vəngə gedib çıxdıq. Üstəlik azdığımızı çox gec başa düşdük. Eybi yox, gecəni Vəngdə qalarıq, Ağdərəyə sabah gedərik. Qaranlıqda daha 20 kilometr getdik, ancaq lənət şeytana, hələ kənd görünmür. Vəng kəndi unikal kənddir, Ermənistan və Dağlıq Qarabağın yollarının 90 faizi dəhşətli vəziyyətdə olsa da, bu kəndə yaxşı yol çəkiblər. Nəhayət, kəndə çatırıq. Rusiyalı erməni milyonçu Ayrapetyanın vəd etdiyi yeni zoopark tikintisi yarımçıq qalıb, ancaq erməni oliqarxları üçün tikilmiş kotteclər gözə dəyir. Kənddə gəmi formasında tikilmiş qeyri-adi mehmanxana işləyir, ancaq qiymət qalxıb. Tualetə milçək əlindən girmək olmur. Uçuq-sökük zooparka və bərbad mehmanxanaya baxmayaraq turistləri daşıyan ciplərin sayı çoxdur. Bu turları “Gandzasar Tour” şirkəti təşkil edir.

Xankəndində xaricilərə hansı qadağalar qoyulur?

Vəngdən sonra biz cənuba, Əsgərana və Martuniyə (Xocavənd.-red) istiqamət alırıq. Bu məqamda bəzi nüansları qeyd etməliyəm. Qarabağa səfər etmək o demək deyil ki, siz istədiyiniz yeri gəzə bilərsiniz. Dağlıq Qarabağa daxil olandan sonra 24 saat ərzində “XİN”ə müraciət etməlisiniz və gəlişiniz üçün xüsusi icazə kağızı almalısınız. “XİN”də oturan qızlar soruşacaqlar ki, planlarınız nədir, sonra səyahət vərəqi verəcəklər və bu vərəqi milis saxlayanda, həm də Dağlıq Qarabağı tərk edəndə təqdim etməlisiniz. Həmin vərəqdə göstərilir ki, Ağdama, Zod aşırımına və bir çox digər rayonlara getmək qəti qadağandır. İzah edirlər ki, orada hərbi rejimdir, atəş açırlar və s. Qoy nə istəyirlər yazsınlar, qızlarla mübahisə eləməyin, çünki nəticədə hara gedəcəyinizə özünüz qərar verəcəksiniz.
Biz “DQR XİN”ə baş çəkməyi “unutduq”. Çünki yolumuz o tərəfdən deyildi, digər tərəfdən, mənim yol yoldaşlarım tamamilə doğru qeyd etdilər: “Bəyəm bu erməni torpağıdır? Əgər "hə", o zaman hər kəs hər hansı kağıza ehtiyac olmadan hara istəsə gedə bilər. Əgər “yox”, deməli, Qarabağı Azərbaycana qaytarmaq lazımdır". Məsləhətləşdik və belə qərara gəldik ki, “XİN”ə baş çəkməyə ehtiyac yoxdur. Bəs hərbçilər bizi saxlasa nə olacaq? Deyərik ki, elə indi gəlmişik və qeydiyyata düşməyə gedirik. Bəs desələr ki, Xankəndinin yolu bu tərəfdə deyil, onda nə deyərik? Deyərik ki, ax, bağışlayın, yolu səhv salmışıq. Nəysə, birtəhər vəziyyətdən çıxarıq. Beləliklə, Vəngi tərk edib Əsgəran qalası istiqamətinə yol alırıq. Xankəndi ilə Ağdam arasında yerləşən bu yerlər çox maraqlıdır.
Sonra biz ermənilərin hələ 2011-ci ildə tikib başa çatdırdıqları Xankəndi aeroportuna baş çəkirik. O hələ də işləmir. Ayıq-sayıq mühafizəçilər terminalın şəklini çəkməyə icazə vermirlər. Ancaq biz hər şeyi çəkməyə imkan tapırıq... Aeroportun niyə işləmədiyini demək çətindir. Haradasa oxumuşam ki, bəs Azərbaycan erməni təyyarələrini vura bilər.

Ağdam xarabalıqlarında gizlənən hərbi sirlər

Nəhayət, Ağdam. Şəhərə daxil olmağa icazə yoxdur, ancaq uzaqdan onun xarabalıqlarının şəklini çəkə bilirik. Ölü şəhər Ağdam dəhşət filmlərindəki mənzərələrin və “dünya atom müharibəsindən sonra” mövzusundakı fantastik filmlərdəki səhnələrin həvəskarları üçün maraqlıdır. 1980-ci illərin sonlarında bu rayonda 150 minə qədər azərbaycanlı yaşayıb. Müharibə zamanı şəhər tamamilə məhv edilib və xarabalıqlar yığınına çevrilib. Hazırda cəbhə xətti Ağdamın şərq ətraflarından keçir. Qarabağ hərbçiləri məhz Ağdam istiqamətindən Azərbaycanın yeni müharibəyə başlayacağını gözləyirlər. Ona görə də dağıdılmış şəhər minalanmış sahəyə, tank əleyhinə tranşeylərə digər istehkamlara çevrilib. Bəs hücum niyə məhz bu istiqamətdən ola bilər? Çox sadə. Google xəritəsinə baxın və görəcəksiniz ki, Ağdam Xankəndinə aparan yolun üzərində yerləşir, dörd tərəfdən güclü dağlarla əhatə olunub. Təsadüfi deyil ki, orta əsrlərdə bu yerlərdə Əsgəran qalası tikiblər.
Xankəndindən Ağdama aparan bütün yol gücləndirilmiş təmas xəttidir, mövqelərin bir çoxu maskalanıb, bir çoxu üzdədir. Buna görə də Qarabağ “XİN”in Ağdama getməyə qəti icazə vermədiyi aydındır: casuslardan, diversantlardan və sadəcə olaraq bizi kimi “lazım olmayanların” şəklini çəkənlərdən narahatdırlar. Bəzən xoflanma bütün sərhədləri aşır. Mənim sizə dost məsləhətim budur ki, bunlara anlayışla yanaşın və hərbçiləri qıcıqlandırmayın. Əlbəttə ki, Ağdam xarabalıqlarının özü heç bir məxfilik daşımır, ancaq bu xarabalıqların arasından cəbhə xətti keçir və hərbçilər hər fotoqrafı görəndə əsirlər, qorxurlar ki, onların mövqelərini çəkərlər. Hərbçiləri qəzəbləndirmədən Ağdamı keçib getmək olar, ancaq bir şərtlə ki, Xankəndindən Xocavənd istiqamətinə uzanan yolla gedəsiniz. Lakin bu o demək deyil ki, siz maşınınızı saxlayıb fotoaparatınızı götürüb xarabalıqlar arasında dolaşa bilərsiniz. Heç 10 dəqiqə də çəkməz ki, sizi həbs edərlər. Çünki dağıntıların altında çoxlu blindajlar var və orada əsgərlər oturur. Bu blindajları həmişə görməyə bilərsiniz, lakin onlar sizi yaxşı görürlər, dərhal ratsiya ilə xəbər verirlər ki, filan nömrəli maşın dayandı və sərnişinlər şəkil çəkir. Bu əngəllərə baxmayaraq Ağdamın ümumi mənzərəsini uzaqdan, dağılmış binanın ikinci mərtəbəsindən çəkdik. Hər halda ümumi təsəvvür üçün kifayət edər.
P.S. Ardı var. Səfər qeydlərinin davamı növbəti saylarımızdan birində dərc olunacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR