İnsanlara hürriyət, millətlərə istiqlal!

Kılıçdaroğlu Azərbaycanı niyə sevmir... - Aygün Muradxanlı yazır

3890 08.05.2023 13:40 Yazarlar A A

Kılıçdaroğluna “yaşlı”, “huşsuz”, “bilinçsiz” demək onun Turanla bağlı etmək istədiklərini malalamaqdan başqa bir şey deyil. Hər kəsi, hər nəsnəsi öz adıyla çağıraq… Kılıçdaroğlu Türkiyənin yüksələn gücünü dayandırmaq istəyənlərin əmr quludur. Bu gün 75 illik həyatının projesi adlandırdığı Turan yolu ilə də dilinin altındakı paxlanı çıxarıb. Layihədə Azərbaycan, Bakı yoxdur. Azərbaycansız Turan yolu türk dünyasına xəyanətdir.

Təbrizi araya salmaqla aldatmaca etməyə çalışıblar guya… Türkiyədən Turan qapısı İrana açılmalıdır CHP başqanına görə. O İrana ki, 40 milyon türkü 1979-dan bu yana əzmək üzərində bərqərardır. Minlərlə türk 8-ci aydır İranda haqq, hüquq savaşına çıxıb. Onlarla insanımız öldürülüb, yüzlərlə insan həbs edilib işgəncə görüb. Tehran faktiki vətəndaşı ilə savaşır. 32 ildir türk, müsəlman, şiə Azərbaycanın güclənməməsi üçün çalışır İran. Ermənistana hər cür dəstək verir, Azərbaycan ordusuna qarşı Ermənistanla bərabər savaşır…

Kılıçdaroğlu belə bir İrandan Turan yolu çəkmək kimi sərsəm xəyallara düşüb…

Son dayanacaq da haradır??? Çin. Uyğur türklərinə dillərini, dinlərini yasaq edən, onları cəza düşərgələrində işgəncə maşınlarından keçirib assimilyasiyaya uğradan kommunist rejimli Çin.

Halbuki Azərbaycan Turan yolu üçün mümkündən artığını edib. 1992-ci ildə dövlətin strateji xətti kimi seçilən, 1994-cü ildə rəmiləşdirilən, 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsilə taclandırılan bu ideya üçün Azərbaycan fövqəladə böyük əmək və güc sərf edib. Nə qədər təhdid alıb, nə qədər dirəniş göstərib. Türkiyə ilə bağları möhkəmlətmək üçün zaman olub Kremli qarşısına alıb. Düşüncəsində, damarında türklükdən əlamət olan hər kəs dərk edir ki, Türkiyənin Turan qapısı Azərbaycandır. 100 il öncə bu düşüncə ilə İrandan para ilə torpaq alıb Naxçıvana birləşdirən böyük Mustafa Kamal Atatürkün partiyasına rəhbərlik edən şəxs isə Azərbaycana Turan yolunda “yer tapmır”… Yazıqlar olsun! Demək, “diplomat” Çeviköz “Azərbaycana nahaq yardım etdik” deyəndə təkcə öz fikrini yox, həm də başqanının düşüncəsini ifadə edibmiş…

Kılıçdaroğlu açıq şəkildə bu xəritəni ortaya qoymaqla “başqan olsam, Zəngəzur məsələsində İrana dəstək verəcəm” deyib. Ermənistanda, İranda Kılıçdaroğlu həyəcanının səbəbi buymuş. Türkiyənin qədərini PKK-nın siyasi uzantısı HDP-yə bağlayan bir siyasətçidən başqa nə gözləmək olar?

“Kimin seçilməsi önəmli deyil, Türkiyədə sistem çalışır” deyib özünü ağıllı göstərmək istəyənlərə sual edirəm - ali məqsədi Türkiyəni bölmək olan HDP ilə anlaşan, İrana, Ermənistana Zəngəzur olmayacaq vədi verən, seçicinin önünə Türkiyənin qüruru, Qarabağ zəfərimizin əfsanəsi İHA-lar, SİHA-lar haqqında “onların adını belə eşitməyəcəksiniz” sözlərilə çıxan bir düşüncəni hansı ağılla müdafiə edirsiniz? Pusulanız hara köklənib sizin?

Turanın xəritəsini ötən il dünyaya MHP genəl başqanı hörmətli Devlet Bahçeli göstərdi. O xəritə də dəyişəcək. Azərbaycanın quzeyi kimi güneyi də orada tam yerini bulacaq. Amma bir gerçək heç zaman dəyişməyəcək. Atatürkün açdığı yol - Türkiyənin Turan qapısı hər zaman Azərbaycandan keçəcək.

Azərbaycanla Türkiyənin bir millət iki dövlət modelindən bir millət bir dövlət modelinə keçidində önəmi mərhələdəyik.
Düz bir həftə sonra böyük Turanın baş dövlətinin mühafizləri - əziz türk milləti CHP-yə bu gerçəyi layiqincə anladacaq. Buna kimsə şübhə etməsin!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR