İnsanlara hürriyət, millətlərə istiqlal!

Keşikçidağdakı təxribat Gürcüstan və Azərbaycan rəsmilərini ayağa qaldırdı

3551 17.07.2019 08:50 Siyasət A A

Qoruq kompleksinə giriş dayandırıldı; Bakı və Tiflisdən aranı qarışdırmaq istəyənlərə reaksiyalar verildi

Bir qrup Gürcüstan vətəndaşının “Keşikçi qala” sərhəd zastavasında xidmət keçən əsgərlərimizi təxribata çəkmək cəhdi son iki gün ərzində hər iki qonşu ölkənin rəsmi qurumlarını hərəkətə gətirib. Qeyd edək ki, hadisə ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməklə insident qısa müddət ərzində aradan qaldırılıb və Dövlət Sərhəd Xidmətinin (DSX) şəxsi heyəti tərəfindən ərazidə təhlükəsizlik tədbirləri təmin edilib.

Həmçinin Azərbaycan və Gürcüstan sərhəd nümayəndələri arasında görüş keçirilib, baş vermiş hadisə birgə araşdırılıb, gələcəkdə bu kimi hallara yol verilməməsi üçün görülməli olan tədbirlər müzakirə edilib. Məsələ ilə bağlı Gürcüstanın Azərbaycandakı səfiri bazar ertəsi günü Xarici İşlər Nazirliyinə çağırılıb və ondan müvafiq izahat istənilib.

Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) ile ilgili görsel sonucu

Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) yerli sakinlər və azərbaycanlı sərhədçilər arasında yaşanan insidenti təəssüfedici adlandırıb. Məlumatda qeyd olunub ki, bu cür insidentlər Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinə uyğun deyil: “Buna görə də hesab edirik ki, ekspert qrupları və delimitasiya üzrə komissiyanın iclasları vaxtında davam etdirilməlidir. Gürcüstan tərəfi bu görüşlərə tam hazırlığını ifadə edir”. XİN ictimaiyyəti təxribatlardan çəkinməyə çağırıb: “Vətəndaş qruplarının danışıqların sakit mühitdə aparılmasını dəstəkləməsi uğurun mütləq şərtlərindən biridir”.

Gürcüstanın Xarici İşlər Nazirliyi ile ilgili görsel sonucu

Gürcüstan Sərhəd Polisinin sədr müavini Teymuraz Kupatadze “Keşikçidağ” Məbəd-Kompleksində baş verən insidentə aydınlıq gətirib (Report). O, jurnalistlərə azərbaycanlı sərhədçilərin məbəddən ikonaları götürməsinin səbəbini açıqlayıb. Gürcüstan rəsmisi deyib ki, Azərbaycan tərəfi ikonaları onların zədələnməməsi üçün məbəddən götürüb: “Gürcüstan və Azərbaycan tərəfləri arasında keçirilən görüşdən sonra məlum oldu ki, azərbaycanlı sərhədçilər məbədin divarlarındakı ikonaları onları mühafizə etmək məqsədilə götürüb. Onlar bildirdilər ki, hava şəraiti pisləşdiyindən külək və yağış ikonalara zərər vura bilərdi. Buna görə də azərbaycanlı sərhədçilər ikonaları götürərək gürcü həmkarlarına təqdim ediblər”. T.Kupatadze azərbaycanlı sərhədçilərin məbəddən ayaqyolu kimi istifadə etməsi barədə yayılan məlumatları təkzib edib: “Zəvvarlar və turistlər məbəd ərazisini zibilləyirlər. Məbəd ərazisində Azərbaycan tərəfi təmizlik işləri aparıb”.

Göründüyü kimi, müxtəlif şayiələr yayaraq məqsədli şəkildə iki xalq və dövlət arasında nifaq toxumu səpmək istəyirlər. Bu proseslərin məhz indi başlaması da diqqət çəkir. Artıq bir aya yaxındır ki, Tiflisdə fasiləsiz aksiyalar davam edir və hökumətin qarşısında müxtəlif tələblər qoyulur. Bu mənada Gürcüstan hakimiyyətinin bəzi təmsilçiləri gərginliyi səngitmək üçün diqqəti başqa gərginlik ocağı ilə yayındırmağa cəhd edə bilər. Ancaq iddialar var ki, burada Bakı və Tiflisin arasını vurmağa çalışan üçüncü qüvvə var. Bu sırada ermənilərin yer alması təbiidir. Soyadlarını gürcüləşdirmiş Gürcüstan erməniləri də aktiv rol oynaya bilərlər heç şübhəsiz. Lakin bəzi müşahidəçilər proseslərin arxasında Rusiya faktorunun dayandığını güman edir. Hesab olunur ki, Gürcüstanı cəzalandırmaq üçün onu əsas müttəfiqindən ayırmaqla fitnə-fəsad törətmək istəyirlər. Lakin nə yazıq ki, Gürcüstan prezidenti başda olmaqla, ölkənin rəsmiləri mövcud vəziyyətdə düzgün mövqe sərgiləmir, hətta təxribatçıların cəzalandırılması istiqamətində gərəkəni etmirlər.

Erkin Qədirli ile ilgili görsel sonucu

REAL sədrinin müavini Erkin Qədirli sosial şəbəkələrdəki hesabında qeyd edib ki, Keşikçidağda son bir neçə ay ərzində baş verənlər təxribatdır: “Rusiyanın təxribatına uyub strateji üstünlüyümüzü itirməməliyik”.

“Mən Azərbaycan və gürcü xalqlarının müdrikliyinə inanıram. Biz yüzilliklərdir ki, xeyirxah dünyada yaşayırıq”. Bunu isə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili virtualaz.org-a Gürcüstan-Azərbaycan sərhədinin keçdiyi Keşikçidağ monastır kompleksi ətrafında baş verən hadisələrlə bağlı danışarkən deyib.

Əksər ekspertlər bu durumda təmkinli davranmağı zəruri sayır.

Politoloq Şahin Cəfərli ile ilgili görsel sonucu

Politoloq Şahin Cəfərli hesab edir ki, nə Gürcüstanın, nə də Azərbaycanın yeni bir münaqişəni qaldıracaq gücü və taqəti var: “Hər iki ölkə bir-birinə ehtiyac duyur, qarşılıqlı asılılıqları mövcuddur. Bu barədə çox yazmışıq, ona görə təkrarlamaq istəmirəm. Bir məqamı da unutmayaq ki, Gürcüstanda oradakı türkləri ölkədən qovmaq istəyən radikal millətçi və faşist çevrələr var. Bunların hamısı olmasa da, bir qismi şimaldan yönləndirilir və son illər İvanişvili hökumətinin Rusiya ilə yaxınlaşmasının təbii sonucu olaraq ciddi şəkildə fəallaşıblar. Əsgərlərimiz əgər silahsız dəstəni atəşə tutsa və qan tökülsə, həmin çevrələrin - və daha kimlərin, özünüz fikirləşin - çoxdan arzuladığı situasiya yarana və çox təhlükəli, zəncirvari reaksiyalar başlaya bilərdi. Demirəm ki, yüzdə yüz belə olardı, amma neqativ ssenarini bir ehtimal kimi rədd etməyə əsasımız yoxdur, qığılcımdan alov doğur. Yaranacaq xaotik situasiyada ən birinci oradakı soydaşlarımızın zərər çəkəcəyini bilmək üçün analitik olmağa ehtiyac yoxdur. Yeni bir itkiyə, növbəti qaçqın dalğasını qarşılamağa hazırıqmı? Bəlkə gözümdən qaçmış ola bilər, amma dünənki statuslarda bu ehtimalla bağlı narahatlığa rast gəlmədim. Göyçə, Zəngəzur, Dərələyəz, Qarabağ, Güney və sairə və ilaxır travmalar kimi, bir Borçalı, Qarayazı travmasının da yaşanması toplumumuza daha bir ağır və sağalmaz zərbə vurar. Buna qətiyyən yol vermək olmaz, ona görə də məsələyə sırf DSX-nin daxili nizamnaməsi çərçivəsində deyil, daha geniş baxmağa çalışın”.

Politoloq digər məqama da toxunub: “Əlbəttə, bu, o demək deyil ki, Azərbaycan dövləti aciz, reaksiyasız qalmalı və təxribatçı, yaxud təxribatçı məqsəd güdməsə belə, qanunazidd hərəkətləri cavabsız qoymalıdır. Nəinki zəif və kiçik Gürcüstana, yeri gələndə nəhəng və güclü Rusiyaya qarşı da iradə ortaya qoyulmalıdır - özünə hörmət edən və kənardan ona hörmət edilməsini istəyən dövlət belə olmalıdır. Demək istədiyim odur ki, emosiyalarla yox, ağılla hərəkət etmək və strateji düşünmək lazımdır. Təbii ki, hamı belə düşünmək zorunda deyil, mən əsasən hakimiyyəti və hakimiyyətə iddialı olanları nəzərdə tuturam. Bu baxımdan Azərbaycan XİN-in hadisəyə ilkin reaksiyası normal və adekvatdır. Sərhəddəki məsələ dünən spontan şəkildə yaranmadı, bu problem müstəqillikdən bəri var və sərhədçilər tərəfindən yox, dövlətlərarası səviyyədə həll olunmalıdır”.

Azər Süleymanov ile ilgili görsel sonucu

Gürcüstan azərbaycanlısı və Gürcüstan parlamentinin deputatı Azər Süleymanov Eurasia Diary-ə deyib ki, bu hadisələr Azərbaycan və Gürcüstan arasındakı münasibətləri gərginləşdirməyi hədəfləyən qüvvələr tərəfindən yaradılmış provokasiyadır: “Keşikçidağ məsələsi aktuallaşandan bu yana mən eyni sözləri hər iki ölkənin mətbuatına verdiyim açıqlamalarda təkrar edirəm. Bu məsələdə üçüncü qüvvə aranı qızışdırır. Gürcüstan və Azərbaycan arasında problem yaratmaq istəyən, bu iki dövlətin müttəfiqliyindən narahat olan qüvvələr var. Bu qüvvələr müxtəlif provokatorlar, özünü təsdiq etməyə çalışan siyasi qruplardan məharətlə istifadə edib bu məsələni qızışdırırlar, lakin tərəflər soyuqqanlılığını itirməməli, bu məsələdə diqqətli olmalıdır. Əlbəttə ki, Azərbaycan əsgərinə edilən hörmətsizlik həm də Azərbaycan dövlətinə və xalqına edilmişdir. Bu bizi, iki dövlətin müttəfiqliyini qorumağa çalışan insanları çox narahat edir. Lakin mən bir millət vəkili kimi öz soydaşlarıma çatdırmaq istərdim ki, bütün Gürcüstan vətəndaşları ”Keşikçidağ" ərazisində təxribat törədən provokatorlarla eyni fikirdə deyillər və onların mövqeyini əsla dəstəkləmirlər".

Gürcüstanlı deputat belə hesab edir ki, sərhəddə yaşanmış olayda Azərbaycan əsgərinin nümayiş etdirdiyi davranış təqdirəlayiqdir: “Hadisənin videosunu izlədikdən sonra sözün həqiqi mənasında Azərbaycan əsgərinə təşəkkür etməyi özümə borc bildim. Əsgər ora yığışan provokatorlarla münaqişəyə girmədi, soyuqqanlılığını qorudu”.

A.Süleymanov onu da vurğulayıb ki, Azərbaycan tarix boyu Gürcüstana dəstək olub: “Gürcü xalqı 2003 və 2008-ci illər krizində Azərbaycanın dəstəyini unutmayıb. Rusiya ilə müharibə dövründə Gürcüstan Azərbaycanın yardımları nəticəsində üzləşdiyi böhrandan xilas olub. Azərbaycanın etdiyi bu yaxşılıqlar unudulmamalıdır və iki dövlətin müttəfiqliyi davam etdirilməlidir”.

Qüdrət Həsənquliyev ile ilgili görsel sonucu

“Düşünürəm növbəti belə təxribat olarsa, sərhəd pozucuları həbs olunmalı, barələrində cinayət işi başlanmalıdır. Ermənilərə münasibətdə buraxdığımız səhvləri təkrar etməməliyik”. Bunu isə BAXCP sədri, deputat Qüdrət Həsənquliyev Moderator.az-a deyib. Bildirib ki, Gürcüstana sonuncu xəbərdarlıq edilməlidir: “Düzgün nəticə çıxarılmasa, birtərəfli qaydada sərhəd mühafizə istehkamlarının tikintisinə başlanılmalıdır”.

Son məlumata görə, Gürcüstan öz ərazisində “Keşikçidağ” mağara-məbəd-kompleksinə girişi məhdudlaşdırıb. Turist qruplarını məbəd kompleksinə aparan bələdçilər məbədin bəzi obyektlərinə girişlə bağlı problemin olduğunu bildiriblər. “Kafkazskiy uzel” belə yazıb. Bələdçi İrakli Marukaşvilinin sözlərinə görə, bu gün turistlər Voskreseniya məbədi və Çiçxituri qülləsinə gedə bilməyiblər. “Bu gün biz qalxdıq Lavraya baxdıq. Yamaca keçmək istədik, indiyədək belə olmuşdu. Təəssüf ki, indi mümkün deyil. İlk metal hasarlanmanın başladığı yerə qədər qalxmaq mümkündür. Orada gürcü hərbçilər dayanırlar. Onlar dedilər ki, bizi böyük məsafəyə buraxa bilməzlər, çünki belə əmr verilib”, - “İnterpressnyus” Marukaşvilinin sözlərindən sitat gətirib.

Onun məlumatına görə, azərbaycanlı sərhədçilərin məbəddən çıxardıqları ikonalar gürcü sərhədçilərə verilib.

David Qareci ile ilgili görsel sonucu

“Turan”ın məlumatına görə, bələdçilər Gürcüstan DİN-ə müraciət edərək David Qareci ətrafında danışıqlar barədə turist nümayəndələrinin məlumatlandırılmasını xahiş ediblər. Bugünkü toplantıda Bələdçilər Assosiasiyasının üzvləri və turizm şirkətlərinin əməkdaşları eskalasiyaya yol verməmək üçün məbəd kompleksinə səfərləri dayandırmaq barədə razılığa gəliblər. Bələdçi Rusudan Caparidze bildirib. “Biz ölkədə sabitliyin pozulmasında maraqlı deyilik, problem diplomatik yolla həll olunmalıdır”, “Pervıy kanal” onun sözlərindən sitat gətirib.

Rəsmi Bakı prosesləri həssaslıqla izləyir və Gürcüstan XİN-in açıqlaması ilə tanışdır. Lakin hələlik Azərbaycan XİN Tiflisə ünvanladığı notasına cavab almayıb. Bu barədə nazirliyin mətbuat xidmətindən “Yeni Müsavat”a bildirildi.

E.PAŞASOY,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR