İnsanlara hürriyət, millətlərə istiqlal!

Karibdən Krıma sürünən böhran – Rusiya və ABŞ 60 ildən sonra yenə klinçdə

1389 11.12.2021 18:11 Yazarlar A A

Son yüz ilin tarixini izləyənlər yaxşı bilir, ABŞ-la Rusiyanın arasında müharibə durumunun yaranması ilk dəfə deyil.

60 il öncə də bu iki dövlətin arasında ciddi müharibə təhlükəsi yaranıb. 1962-ci ilin oktyabr ayının 16-dan 28-nə qədər davam edən gərginlik tarixə “Karib böhranı” kimi düşüb.

“Karib böhranı” hazırda Ukrayna ətrafındakı gərginlikdən daha təhdidedici və avantürist səpkili olub. Təsəvvür edin ki, o vaxt III dünya müharibəsi başlaya və asanlıqla nüvə müharibəsinə keçə bilərmiş.

Hazırkı gərginlikdə isə heç kəs bir-birini nüvə silahıyla təhdid etmir. Bir tərəfdə başda ABŞ olmaqla NATO ölkələridirsə, o biri tərəfdə Rusiya və onun hərbi satellitləridir. Onların durumu yorulmuş boksçuların klinçə (baş-başa duraraq və bir-birinin əlini tutaraq nəfəs dərmə vəziyyəti) girməsini xatırladır.

1962-ci ildə müharibə meydanı Kuba və Karib hözəsi ola bilərdisə, indiki müharibədə döyüş poliqonu Ukrayna ərazisi və Qara dəniz hövzəsi (Krım yarımadasına görə) ola bilər.

60 il öncə cəbhə xəttinin sovet cinahının rəhbəri çılğınlığı və kəmağıllığı ilə məşhur olan Nikita Xruşov, ABŞ tərəfdə isə gənc olmasına baxmayaraq tədbirli və kompromis tərəfdarı olan Con Kennedi olub. Görünür, Con Kennedinin II dünya müharibəsi zamanı Britaniyada səfir olan Cozef Patrik Kennedinin ailəsində doğulub-böyüməsi səbəbilə diplomatiyanın incəliklərinə bələd olması ona bu münaqişədən yayınmaq imkanı verib. Yoxsa “ataram, vuraram” ritorikasından vaz keçməyən çılğın Xruşova qalsa, tərəflər bir-birinə atom bombası yağdırardı.

2.jpg (68 KB)

İndiki halda isə Rusiya prezidenti Vladimir Putin həm ağıllı və hiyləgərdir, həm də qətiyyətli və inadkardır. Ayrıca o, hələm-hələm güzəştə getməyi də sevmir, eyni zamanda atacağı addımların məsuliyyətini də dərk edir. ABŞ prezidenti Cozef Bayden isə sələfi Donald Trampdan fərqli olaraq tam anti-Rusiya ovqatındadır, amma çılğın siyasətçi deyil, bir yerə qədər inadkarlıq etsə də, kompromisə meyllidir. Fəqət, Bayden tez-tez yanlış qərarlar qəbul etməsi ilə tanınır.

Bu baxımdan tarixdə “Ukrayna böhranı” kimi qalacaq gərginliyin təhlükəsi heç də az deyil.

44.jpg (10 KB)

60 il öncə “Karib böhranı” ona görə yaranmışdı ki, ABŞ SSRİ-nin nüvə başlıqlarını “Azadlıq adası” adı ilə tanınan yeni istibdad yuvasına – Kubaya yerləşdirməsini istəmirdi. Kuba, necə deyərlər, ABŞ-ın ağzının içində bir yerdir, şişirməylə desək, bir sapand atışı məsafədədir.

Ancaq SSRİ-nin qarşı və haqlı tələbləri də vardı, Kreml deyirdi ki, ABŞ nüvə başlıqlı raketlərin Kuba ərazisinə yerləşdirilməsini istəmirsə, onda özü də nüvə raketlərini SSRİ ərazisinə yaxın olan Türkiyədə və İtaliyada yerləşdirməsin.

Beləcə, tərəflərin hər ikisi həm haqlı, həm haqsız idi və dünya bu iki nüvə dövlətinin intriqası üzündən təhlükədə idi.

Əslində münaqişənin danışıqlar yolu ilə çözülməsində dünyanın digər qüdrətli ölkələrinin mövqeyinin önəmli rolu olub. Heç kəs ölkəsinin nüvə tonqalında yanmasını istəməyib. Son nəticədə Sovet İttifaqına məxsus nüvə raketləri Kubadan, ABŞ-a məxsus nüvə raketləri isə Türkiyə və İtaliyadan çıxarıldıb.

Bundan başqa, ABŞ öz üzərinə öhdəlik götürüb ki, 3 il əvvəl diktator Batistanı devirən və Kubanı ABŞ-ın vassalığından çıxaran Kastro rejimini devirmək üçün adanı işğal etməyəcək.

55.png (536 KB)

Hazırda isə bir az tərsinədir, Rusiya işğal etdiyi Krımın və Donbasın ardınca Ukraynanın digər ərazilərinə qarşı da hərbi təcavüz niyyətində olduğunu göstərir.

Bu konfliktin əsas motivi isə Ukraynanın Rusya vassallığından qurtulmağa cəhd etməsi, bu zaman ABŞ-a və NATO-ya yaxınlaşması, ABŞ və NATO-nun isə Rusiya sərhədlərinə yerləşməsi perspektividir. Rusiya bunu öz mövcudluğu üçün təhlükə sayır, hələ də özünün “arxa bağçası” saydığı postsovet ölkələrinin bir-bir Ukraynanın ardınca gedəcəklərini düşünür.

Artıq həmin yolda olan iki ölkə nağd var. Bunun biri Gürcüstan, digəri isə Rusiyadan qopmaq üçün var gücüylə çalışan Ermənistandır. Gələcəkdə Rıminiya ilə qardaş ölkə olan Moldovanın da hansı qərar verəcəyini proqnozlaşdırmaq çətin deyil.

Müharibə olacağı təqdirdə çox sayda əsgərin, eləcə də mülki əhalinin həlak olacağını deyən generallar yanılmırlar. Bu, gerçəkdən də böyük fəlakətlər doğuran müharibə olar. Bunu Rusiya rəhbərləri də anlayır, Ukrayna liderləri də, ABŞ və Avropanın siyasi başbilənləri də. Eyni zamanda sonuncular ilbəil artan rus aqressiyasını, nəhayət, durdurmağı da düşünürlər. Bu günlərdə Almaniyada federal kansler kürsüsündə mülayim Angela Merkeli əvəz edən Olaf Şults da bu düşüncədədir.

777.JPG (31 KB)

İndi görək, 60 il əvvəl çətinliklə olsa da, 12 gündən sonra bir-birilə dil tapmağı, bir-birinə güzəştə getməyi bacaran Kennedi və Xruşovun tarixi rolunu indiki liderlər – ABŞ prezidenti Cozef Bayden və Rusiya lideri Vladimir Putin təkrar edə biləcəklərmi. Kompromis və risk ehtimalı yarı-yarıyadır.

Onu da qeyd edək ki, dünyanı III müharibədən, bəlkə də məhv olmaqan xilas edən liderlərin hər ikisi 1-2 ilin içində siyasət səhnəsini tərk ediblər. Con Kennedi “Karib böhranı”ndan 1 il 1 ay sonra Dallasda müəmmalı şəkildə güllələnib (qətli ABŞ xüsusi xidmət orqanlarının təşkil etdiyinə dair versilara ilbəil güclənir, MKİ qətlə dair təfərrüatları açıqlamağa hələ də imkan vermir), Nikita Xruşov isə “Kuba raket böhranı”nın ikinci ildönümünə 2 gün qalmış saray çevrilişinə məruz qalıb, SSRİ rəhbəri postundan devrilib.

Beləcə, elə çıxır ki, tarixi razılaşma ilə dünya müharibəsinin qarşısını alan hər iki lider öz ölkələrində müəyyən hakim qruplar tərəfindən sevilməyən personalara çevriliblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR