İnsanlara hürriyət, millətlərə istiqlal!

Karib dənizinin orderli piratları – Maduronun mühasirəsi daralır, Belarusa qaçacağı gözlənilir

824 12.12.2025 12:00 Analitika A A

Məlum olduğu kimi, dünən ABŞ hakimiyyəti Karib dənizində narkotik daşıdığı iddia edilən gəmilərə zərbə endirməkdən daha irəli gedərək, İran nefti daşıyan Venesuela tankerini ələ keçirib.

Rəsmi Karakasın mövqeyinə görə, bu göstərir ki, Vaşinqtonun prezident Nikolas Maduroya təzyiq göstərməkdə əsas məqsədi narkotik qaçaqmalçılığı ilə mübarizə deyil. Hesab olunur ki, Ağ Ev bu kimi hərəkətlərlə Venesuela liderini dəyişmək üçün bu ölkəyə qarşı ordudan istifadə etməkdə qərarlıdır.

ABŞ prezidenti Donald Tramp qaçaq neft daşıyan “Skipper” tankerinin ələ keçirildiyini təntənəli şəkildə elan edərək, deyib ki, Venesuela sahillərində tutulan tanker çox böyük bir tankerdir, indiyə qədər saxlanan tankerlərin içində bu boydaşı olmayıb.

Bir jurnalistin müsadirə olunan neftin aqibətinin necə olacağı barədə sualına cavab olaraq Tramp strateji məhsulun ABŞ-nin nəzarətində qalacağını bildirib.

Gəmiçilik məlumatları təqdim edən MarineTraffic veb-saytına görə, “Skipper” Qayana bayrağı altında üzür və Kubaya doğru gedirmiş. Lakin ölkənin Dəniz Administrasiyası Departamentinin məlumatına görə, belə bir gəmi Qayananın məlumat bazasında yoxdur.

Sanksiyalar səbəbindən Venesuela enerji ehtiyatlarını ixrac etmək üçün tez-tez qaçaqmalçılıq metodlarından istifadə edir. “Skipper” tankeri 2022-ci ildən bəri İran neftini qaçaqmalçılıq yolu ilə daşıdığına görə ABŞ sanksiyaları altındadır.

İran və Venesuela “dərd ortağı”dırlar, ABŞ-dən eyni sərt üzü gördükləri üçün bu sahədə əməkdaşlıq edirlər. Bu əməkdaşlığın bir aspekti İranın iştirakı ilə Venesuelada tikilən neft emalı zavodlarına İran neftinin tədarüküdür. İslam respublikası 2022-ci ildə “El Palito” neft emalı zavodunun istismara verilməsinə kömək edib.

захват.jpg (143 KB)

Tanker Venesueladan neftin daşınmasına sanksiya tətbiq edilməsi ilə əlaqədar ABŞ tərəfindən orderi əsasında müsadirə edilib. ABŞ-nin baş prokuroru Pam Bondi bildirib ki, əməliyyat Pentaqon, ABŞ Sahil Mühafizəsi və FTB tərəfindən həyata keçirilib. “Skipper”in ələ keçirilməsi Venesuelanın dəniz blokadasına səbəb olarsa, bu, neftin əsas ixracat məhsulu olduğu ölkənin onsuz da zəifləmiş iqtisadiyyatına ciddi ziyan vuracaq.

Venesuela hökuməti ABŞ-ni piratçılıqda ittiham edən bəyanat yayıb. "Bu şəraitdə Venesuelaya qarşı uzun sürən təcavüzün əsl səbəbləri nəhayət ortaya çıxdı. Söhbət həmişə təbii sərvətlərimiz, neftimiz, enerjimiz, yalnız Venesuela xalqına məxsus olan resurslarla bağlı olub", - deyə bəyanatda bildirilir. Venesuelanın daxili işlər naziri Diosdado Kabello da Amerika hakimiyyətini tənqid edib. O, "Karib dənizinin quldurları" filmini xatırladaraq, filmin baş personal Ceklə “qatil, oğru və pirat” adlandırdığı ABŞ-ni müqayisə edib.

Lakin Venesuela hakimiyyəti təhqir və şifahi qəzəbdən başqa bir şey etməyib. Nə Kabello, nə də Maduro heç bir cavab tədbiri görməyib. Əslində artıq onların edə biləcəkləri bir şey yoxdur. Əllərini təpətsələr, bu, “arı yuvasına çubuq uzatmaq” kimi bir şey olar. Tramp və Pentaqon startda dayanıb, Venesuelaya hərbi müdaxilə üçün bəhanə gösləyir.

Bu ölkə dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələrindən biri kimi tanınır. Lakin son onilliklərdə istehsal və inkişaf templəri yalnız iqtisadi böhran, korrupsiya və sanksiyalar səbəbindən deyil, həm də "ağır" neftin çıxarılması və emalının çətinliyi səbəbindən əhəmiyyətli dərəcədə aşağı düşüb. Bu təbii sərvət Venesuelanın dirçəliş ümidi olsa da, xalq ondan lazımi səviyyədə barına bilmir. 1950-ci illərdə neft Venesuealanın Latın Amerikasının aparıcı və çiçəklənən ölkələrindən birinə çevrilməsinə imkan versə də, bu, qısa müddətdə olub, davamı gəlməyib.

tra-mad.jpg (103 KB)

ABŞ Maduronun və onun general silahdaşlarının Venesuelanın idarəçiliyindən çəkilməsini tələb edir və artıq qərar verilib: bu mütəşəkkil iqtidar komandası getməlidir. Maduro isə dirəşir və ən azı ilyarım möhlət qazanmaq istəyir. Bu şəxs hakimiyyətini itirməməsi üçün Venesuealaya hərbi müdaxilə edilməsi variantına da hazırdır, sadəcə, ümid edir ki, Nobel sülh mükafatı almaq istəyən Donald Tramp Karakasa hücum etməyəcək.

Bu arada Venesuelanın Rusiyadakı diplomatik missiyasının rəhbəri Xesus Rafael Salazar Velaskes dünən Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşüb. Güman edilir ki, bu görüşdə Maduronun bəd ayaqda, ABŞ-nin hərbi müdaxiləsi reallaşarsa, Belarusa sığınmaq məsələsi müzakirə olunub.

Araz Altaylı, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR