İnsanlara hürriyət, millətlərə istiqlal!

“Karbohidrogen müttəfiqliyi”nin sonu, əsl qardaşlığın açılan önü...

1499 25.08.2022 12:21 Analitika A A

Hələ sovet vaxtından SSRİ-yə daxil olan Orta Asiya respublikalarının xalqlarına “türkdilli xalqlar” deyilirdi. Burada yalnız Tacikistan istisna idi. Taciklər farsdilli xalqdır, ona görə də bu kateqoriyaya aid edilmirdilər.

1991-ci ildə SSRİ dağıldıqdan sonra müstəqillik əldə edən Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistana “türkdilli dövlətlər” deyilməyə başlandı.

Yalnız son bir ildə bu termin bir az da konkretləşib, artıq bu dövlətlərə “türk dövlətləri” deyilir və bu termin havadan götürülməyib. 100 il əvvəl bu dövlətlərin hamısı bir qanad altındaydı və Türküstan adlanırdı. 

667.jpg (6 KB)

       "Müttəfiq respublikalar"a parçalanmazdan öncəki Türküstanın xəritəsi

Yeri gəlmişkən, Qazaxıstanda eyni adlı şəhər (Türküstan) də var və bu günlərdə bizim Şuşa ilə “qardaşlaşmış şəhər” statusuna yüksəlib. Bu, Qazaxstan Prezidenti Kasım-Comərd Tokayevin ölkəmizə səfəri çərçivəsində baş tutub.  Bundan başqa, Tokayev Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işlərində Qazaxıstanın iştirakının arzuolunan olduğunu da qeyd edib.

Azərbaycan özünə siyasi, strateji müttəfiqlər seçərkən nə qədər milli-etnik, dini birgəlik amilinə önəm verməsə də, bu faktorların daha sıx birləşdirici bağ, bərkidici sement rolunu oynamasını gözardı etmir və edə bilməz.

Çağdaş dünyada ayaqda qalmağın, inkişaf etməyin rolu etibarlı müttəfiqlər qazanmaqdan keçir. Təcrübə göstərir ki, “karbohidrogen müttəfiqliyi”nin ömrü, məşhur atalar məsəlimizdə deyildiyi kimi, bağda əriyin mövcudluğu qədərdir, ərik (tutaq ki, neft, qaz) sovulunca “salam-əleyk” də qurtarır, müttəfiqlikdən əsər-əlamət qalmır.

Milli-etnik, dini, mədəni, tarixi bağlılığa dayanan müttəfiqliyin ömrü isə uzun olur. Bunun üstünə bir də qarşılıqlı iqtisadi-ticarət münasibətlərini, bunların gətirdiyi faydalılığı gəlsək, o zaman daha dayanıqlı və səmimi müttəfiqlikdən bəhs etmək olar.

Etiraf edək ki, keçmiş SSRİ-yə daxil olan resbublikaların müstəqil dövlətlərə çevrildiyi bu 30 ildə türk dövlətlərinin münasibətləri 1922-91-ci illər arasındakı müttəfiqlikdən fərqli olmayıb. Hətta zaman-zaman bu dövlətlərin rəhbərlərinin bəzilərinin kaprizi üzündən keçmiş müttəfiqlik büsatına xələl də gəlib, arada xəfif münaqişələr də olub.

Orta Asiyanın postsovet ölkələrinin bəziləri dünənə qədər ya informasiya azlığı üzündən, ya da Moskvanın iradəsi ilə müharibə vəziyyətində yaşayan Ermənistan və Azərbaycanın arasında fərq qoymurdular, süni şəkildə hər ikisinə eyni gözlə baxırdılar. Hər iki ölkə keçmiş sovet respublikasıdır, 70 il qardaş olmuşuq, ikisi ilə də qarşılıqlı iqtisadi, siyasi, mədəni əlaqlərimiz var, ona görə də biz bitərəf olmalıyıq – düşüncə beləydi.

Azərbaycanın istədiyi o idi ki, qardaş respublikalar bu məsələyə heç soy-kök yaxınlığı prizmasından da yox, ədalət bucağından baxsınlar və aqressorla təcavüzə məruz qalanın arasına bərabərlik işarəsi qoymasınlar. Ancaq bu, uzun illər müxtəlif səbəblərə görə alınmadı.

Nəhayət, son illərdə həmin respublikalarda iqtidar komandalarının bir dövrə dəyişməsi buzu çatlatdı.

88.jpg (109 KB)

İndi istər Azərbaycanla Qazaxıstan, istər Özbəkistanla Azərbaycan, istərsə də bu dövlətlə Qırğızıstan və Türkmənistan arasında intensiv yaxınlaşma tendensiyası müşahidə olunur. Eyni zamanda bu dövlətlər öz aralarında da qarşılıqlı anlaşma və sıfır münaqişə xətti yeridirlər.

Bu dövlətlərdən Qazaxıstanla Qırğızıstan, eləcə də Özbəkistanla Türkmənistan arasında dil-dialekt baxımından qarşılıqlı anlaşma daha güclüydü. Eyni qamanda qaraqalpaqlarla qazaxlar, Özbəkistanın Xarəzm vilayəti ilə türkmənlər, eləcə də bunların hər ikisi ilə azərbaycanlılar bir-birlərini tərcüməçisi anlaya biləcək, bir-birinin dilini orta səviyyədə cəmi bir ayın içində öyrənə biləcək həddə yaxındırlar. Mədəniyyətlərin, mətbəxlərin, bayramların bənzərliyi də başqa məsələdir.

Əlbəttə, əsas məsələ bu dövlətlərin siyasətlərinin uzlaşdırılması məsələsindəki nahamarlıqlar idi. Onlar rəvanlaşdırılandan sonra soy-kökü eyni olan xalqların yaxınlaşması, qaynayıb-qarışması texniki məsələdir və zamana bağlıdır. Müasir kommunikasiyanın bu qədər inkişaf etdiyi bir vaxtda xalqlararası yaxınlaşma çox uzun çəkmir. Gediş-gəlişin intensivləşməsi və peyk antenlərin rolu öz işini lazımınca görür.

3.jpg (99 KB)

Türk dövlətləri arasında müttəfiqlik münasibətlərinin get-gedə möhkəmlənməsində əsas rol, sözsüz ki, qardaş Türkiyəyə məxsusdur. Məhz bu dövlət öncə Azərbaycanla səmimi və daydalı dostluq-qardaşlıq münasibətləri qurdu və daha sonra bu parlaq örnəklə digər türk dövlətləri ilə yaxınlaşdı. Artıq müttəfiqliyin ilk fazası geridə qalıb, dövlət rəhbərləri sammit keçiriblər, nazirliklər səviyyəsində ortaq tədbirlər, görüşlər təşkil olunub, irəlidə daha bir neçə mərhələ var. Başqa sözlə, müttəfiqliyin sağlam özülü qoyulub, bu özü üzərində möhtəşəm məbədin inşası isə yaxın gələcəkdə başa çatdırılacaq.

Söz yox, bu müttəfiqliyi qısqananlar, onun üzərinə tarixən damğa kimi istifadə olunmuş “Turan” adı qoyaraq gözdən salmaq cəhdləri var. Əgər “Turan” türk dövlətlərinin utopik birliyini nəzərdə tutan yarımifik termindirsə, müasir dünyada bu sözü çox təkralamadan da yaxınlaşma, qardaşlaşma prosesi aparmaq və uğurlu nəticələr əldə etmək mümkündür.

6305f6f1aa5c96305f6f1aa5ca16613352816305f6f1aa5c66305f6f1aa5c8.jpg (215 KB)

Tokayevin ölkəmizə səfəri zamanı iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı, rəqəmsal ipək you, energetika, nəqliyyat-tranzit sahısində əməkdaşlığın inkişafı, qarşılıqlı investisiyalar sahəsində də razılaşmalar əldə olunub. Bu, özlüyündə "yol xəritəsi"dir və müttəfiqlərin əməkdaşlıq edəcəyi sahələrin bir qismidir. 

İndilikdə Rusiya bu prosesi diqqətlə izləyir və narazılığını xəfifcə büruzə verir. İranın türk dövlətlərinin yaxınlaşmasına münasibəti getdikcə aqressivləşir. Qərb dünyası bu büsatdan açıq-aşkar məmnun deyil. Çin də öz narazılığını gec-tez bildirəcək.

Ancaq türk dövlətlərinin müttəfiqliyi bir kimsəyə qarşı deyil, heç bir dövlətin parçalanması, zəiflədilməsi məqsədini qarşıya qoymayıb. Əsas məqsəd qohum xalqların öz mədəniyyətlərini, incəsənətlərini birlikdə inkişaf etdirmələri, qarşılıqlı yardımlaşma yolu ilə iqtisadi problemlərini həll etmələri, “birləşmiş qablar qanunu”na əsasən hərtərəfli və hamılıqca inkişaf yolunda irəliləmələridir.

Məsələn, Avropa dövlətləri birləşərək Avropa İttifaqı yaradıblar, vahid valyuta işlədirlər. Bu sayədə həm beynəlxalq təhlükəsizliklərini təmin ediblər, həm iqtisadiyyatları daha da güclənib və valyutaları sabit və möhkəmdir, həm də dünya üzrə ən yaxşı rifah göstəricisinə malikdirlər.

 1658673244.1658655821.369138db-a650-3dc9-9413-a3f497f0f5f9_850.jpg (44 KB)

Eynisini türk dövlətləri də edə bilər, etməlidirlər, bu gedişlə edəcəklər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tutduğu strateji siyasi xətt bundan ibarətdir. Artıq o, türk dövlətlərinin birləşdirici və təşəbbüskar fiquru rolunda çıxış edir. İ.Əlievin iyun ayında Özbəkistanda Şavkat Mirziyoyevlə səmimi dostluq-qardaşlıq şəraitindən keçən görüşləri, Özbəkistan prezidentinin azərbaycanlı həmkarını hava limanından yola salarkən göstərdiyi iltifat bu siyasətin uğurlu davamının olacağına dair müjdəçi idi. Ardınca Qazaxıstan Prezidenti Kasım-Comərd Tokayevin Bakıya və Qarabağa səfəri, onun burada hərarətlə qarşılanması və mühüm razılaşmalar əldə edilməsi göstərir ki, dövlət başçımızın yolu istiqməti düzgündür və bu yol Ədirnədən (Türkiyə) başlayır, ta Altay dağlarına qədər uzanır.

Obrazlı desək, Azərbaycan türk dövlətlərini birləşdirən yoğun dəmir trosdur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR