İnsanlara hürriyət, millətlərə istiqlal!

20 manatlıq hotellərə gedənlərin sayı niyə artıb?

754 28.07.2024 16:03 Ölkə A A

Bu ilin birinci yarısında Azərbaycanda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 35,8% artaraq 1851,7 min olub.

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, gecələmələrin ümumi sayının 66,5%-i Bakıda, 5,3%-i Qusarda, 4,4%-i Naftalanda, 3,9%-i Qubada, 3,6%-i Qəbələdə, 3,3%-i Şabranda, 2%-i Lənkəranda, 1,2%-i Xaçmazda, 1%-i Naxçıvan Muxtar Respublikasında və 8,8%-i digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı illik müqayisədə 37,1% artaraq 1080,9 min olub ki, bu da ümumi gecələmələrin 58,4%-ni təşkil edir.

Gecələmələrin ümumi sayının 21,1%-i Hindistan, 14,6%-i Rusiya Federasiyası, 7,8%-i Türkiyə, 6,6%-i Səudiyyə Ərəbistanı, 5,7%-i Birləşmiş Ərəb Əmirlikləri, 3,3%-i ABŞ, 2,8%- Küveyt, 2,7%-i Qazaxıstan, 2,4%-i Böyük Britaniya, 2,2%-i Çin, 2,1%-i İsrail, 2,1%-i Özbəkistan, 2,1%-i Pakistan, 1,3%-i Almaniya, 1,1%-i İtaliya, 22,1%-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 82,5%-i Bakıda, 5%-i Qusarda, 3,9%-i Qəbələdə, 3,6%-i Naftalanda, 2,9%-i Qubada, 0,5%-i Şabranda, 1,6%-i isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb. Azərbaycan vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı illik müqayisədə 34% artaraq 770,8 min olub ki, bu da ümumi gecələmələrin 41,6%-ni təşkil edir. 

Maraqlıdır, ölkəmizdə hotellərdən istifadə edənlərin sayının artmasını turizm sektorunun inkişafı kimi dəyərləndirmək olar? 

Məsələ ilə bağlı iqtisadçı-alim Vüqar Qocayev “Cümhuriyət”ə açıqlamasında deyib ki, hotellərdən istifadə edənlərin sayının artmasına bir neçə səbəb var:

“Ölkəmizdə əvvəllər hotellərin sayı çox az idi. Lakin son illər hotel və mehmanxana sektorunda rəqabət mühiti formalaşdı. Belə ki, gecəsi 20-30 manata, hətta 15 manata hotel və hostellər təklif olunmağa başladı. Belə bir rəqabət mühitinin yaradılması öncəliklə paytaxtımızda daha sonra bölgələrdə hoteldən istifadə edənlərin sayının artmasına zəmin yaratdı. Nəticədə hoteldən istifadə edənlərin sayına və əcnəbi turistlərin çoxalmasına müsbət təkan verdi”. 

İqtisadçı bildirib ki, hotel sahəsində turist axını ən çox Asiya ölkələrindən təşkil edir:

“Ölkəmizdə son vaxtlar hindistanlı və pakistanlı turistlər çoxluq təşkil edirdi. Lakin Rusiya-Ukrayna savaşı başladıqdan sonra ölkəmizə Rusiya Federasiyasından toplu halda rus vətəndaşları gəlməyə başladı. Bu, hotel sahəsinə müsbət təsirini göstərdi. Tək Rusiya deyil, həm də digər əcnəbi vətəndaşların, əsasən də ərəblərin gəlişi turizm sektoruna müsbət təsir etdi”. 

Vüqar Qocayev vurğulayıb ki, yerli sakinlər əsasən hotellərdən bir neçə saatlıq istifadə edir:

“Paytaxtda hotellərdən istifadə edənlər əsasən bölgələrdən gələn vətəndaşlardır. Gecəni keçirənlər isə sayca çox azdır. Çox zaman qohumları və yaxınları ilə birgə qalmağa çalışırlar. Çünki günlük mehmanxana və hotellər yerli vətəndaşların büdcəsi üçün nisbətən uyğun deyil. Aylıq kirayə mənzillər isə daha uzunmüddətli qalan vətəndaşlara verilir. O baxımdan, yerli vətəndaşlar bir neçə günü keçirmək üçün ucuz hotellər tapır”. 

İqtisadçı qeyd edib ki, əvvəllər bir çox hotellərdə nikah kağızı tələb olunurdu:

“Hotel və mehmanxana sahəsi inkişaf etmədən öncə bir neçə böyük hotel vardı. Onların da özünəməxsus daxili tələbləri olurdu. Əgər vətəndaş hotelə xanımla gəlirdisə, mütləq qaydada ondan nikah kağızı tələb olunurdu. Bu barədə qanunvericilikdə hər hansısa bir maddə öz əksini tapmayıb. Hətta vətəndaşa hotel sırf nikah kağızı olmadığına görə xidmət göstərməsə, vətəndaş məhkəməyə belə müraciət edə bilər. Ancaq hotel və mehmanxanalar sahəsində rəqabət mühiti formalaşdıqdan sonra hotellərdə nikah kağızı tələbi öz aktuallığını itirdi və hotellərdən istifadə edənlərin sayında xeyli artım oldu”. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR