İnsanlara hürriyət, millətlərə istiqlal!

Külək üçün yerlər

462 28.07.2024 16:40 Yazarlar A A

“Səhərəcən əsən külək,

Səhər də əsən külək.

Kənd-kəsək üzü görmədi,

Şəhərdə əsən külək”

(müəllif)

Bugünlərdə hər bir azərbaycanlı kimi, bizim də qəlbimiz Paris olimpiadasındakı milli idmançılarımız üçün döyünür. Xüsusən boksçu Dominqes və badmintonçu Keyşa xanıma azarkeşlik edirəm, görək axırı necə olur. Onlardan birincisi Biləcəri idman məktəbinin yetirməsidir, ikinci isə Kürdəmir çöllərində top qovmuşdur.

Lakin ana vətəndə də maraqlı idman tədbirləri keçir. Məsələn, təzəlikcə AFFA – milli futbol federasiyamız iclasa toplaşmışdır, Hakimlər Komitəsinə sədr seçmişlər. Bu yoldaş belçikalı Frank de Bleker qoyulmuşdur.

Görəsən öz hakimlərimiz arasından bu komitəyə hansısa namizəd çıxmamışdırmı? Nə üçün milli futbol çempionatımızda dartışmalar, mübahisələri həll etmək əcnəbiyə tapşırılır? Bəlkə xariciləri pulla, tanışlıqla, dayday, xalaşka və sairə milli üsullarla ələ almaq, oyunların nəticələrinə təsir etmək çətindir? Məncə səbəb bu deyil. Ölkəmizdə korrupsiya yoxdur. Ədalət mühakiməsi də hər yerdədir. Mən siyasətə qarışmıram.

Xahiş edirik başqa hakimlər də Belçikadan gətirilsin. Örnək üçün, Bakı Ağır Cinayətlər Məhkəməsində hələ də hansısa “Məmməd”, “Əhməd” və “Fatma” hakimlik etməkdədir. Nəticədə orda çıxan qərarları vətəndaşlar Avropa Məhkəməsinə daşıyır, yenə axırda “Frank de Bleker”ə ürcah oluruq. O da bir qərar çıxarır ki, hökumətimiz Filankəsə (Tofiq, Rafiq, Afiq – məsələn) filan qədər avro kompensasiya ödəməlidir, çünki Azərbaycanda məhkəmə düz olmayıb, hakim ədalətsizlik edib və sairə.

Yəni, sol əllə sağ qulağımızı niyə qaşıyırıq? Nahaq hökmlər olmasın deyə, hakimləri elə öncədən Avropadan gətirək, mövzu qapansın. Biz öz aramızdakı dava-şavanı qərəzsiz çözə bilmirik.

AFFA-nın Hakimlər Komitəsinə xaricdən müdir qoymağı ilk dəfə olan şey deyil. 2018-ci ildə bunun sədri Fritz Stuçlik adında “lemsə” balası idi. 2022-ci ildə Türkiyədən Barış Şimşək əfəndini gətirmişdilər, iki il də o işlədi.

Bütün bu proseslər əslində Əbülfəz Elçibəyin məşhur çıxışlarından birinin (burada bəlkə də “də” ədatının yeri vardır) mənasını itirməyinin əlamətidir. Hakimiyyətdə olduğu qısa zaman kəsiyində hansısa cəbhəçilərin rüşvət almağına, yolunu azmağına münasibətini soruşanda Əbülfəz bəy demişdi ki, nə eləyim, gedib İsveçrədən, Fransadan-zaddan təzə millət gətirəsi deyiləm, nəyimiz varsa budur. Maşallah, indi biz uğurlu şəkildə Belçikadan da millət gətiririk, İndoneziyadan da. Kuba da bizimdir, Quba da. Bizimdir, bizimdir... Nəsə, mahnını özünüz oxuyarsınız.

Ancaq idman və vətəndaşlıq aktlarında düzgün daxili siyasətimizə baxmayaraq, hələlik hidrometeorologiya (bu sözü yazmaqdan zəhləm gedir, düz yazdığıma da çox əmin deyiləm) işlərini tənzimləyə bilmirik. Baxın, 2 gündür külək Abşeron yarımadasının altını üstünə çevirir. Rayonlarda sel-su camaatın meyvəsini, bostanını zibilə döndərir. Halbuki, minlərlə insan şənbə-bazarı gözləyirdi ki, dənizə getsin. Bazardan pomidor-xiyar alsın.

Özü də, fikir vermişik, adətən şənbə-bazar yetişəndə Abşeronun başını fırtına alır, heç ara günlər belə olmur. Keçən həftə də belə olmuşdu. Bəyəm dövlət qurumları istəsələr küləyin qarşısını alıb, buludları dağıda bilməzlər? Biz Günəşi nə üçün saxlayırıq? Çox adamın xəbəri yoxdur, Bakı ətrafında qurulan Günəş panelləri Günəşə enerji verməyimiz üçündür.

Qarşıdan gələn iqlim konfransı ərəfəsində havaların bu cür qarışıq keçməsi xoş deyildir. Hava sabitliyinin pozulması xalqın haqlı narazılığına səbəb olur. Yağmasaq da, guruldamalıyıq. Küləyin əsməsi üçün xüsusi yerlər, fırtına üçün özəl günlər ayrılmalıdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR