İnsanlara hürriyət, millətlərə istiqlal!

Kalpak altındakı oğrular...

1171 03.03.2023 14:30 Yazarlar A A

Korrupsiya ilə mübarizənin Qazaxıstan, Çin, Honduras yollarından hansını seçməli?

Qazaxıstanda korrupsiya ilə mübarizənin çəmini tapıblar. Bu ölkənin maliyyə işlərinə baxan nazirliyin əməkdaşları arayır, axtarır, korrupsionerləri ifşa edir, sərvətlərinə əl qoyur, sonra o pul-paraları, əmlakların hərracda satılmasından gələn tengeləri xüsusi büdcəyə toplayır, oradan da məktəb tikintisinə yönəldirlər.

İndiyə qədər həmin büdcəyə 120 milyard tenge (deyilənə görə, rusların “denqi” sözünün anası elə “tenge”dir) pul yığılıb.

Əlbəttə, 120 milyard tenge 120 milyard dollar və ya 120 milyard manat demək deyil. Qazax qardaşlar vaxtında pullarını denominasiya etsələr, yəni lazımsız sıfırları atsalar, 120 milyardın bizim pulla nə qədər olduğu daha aydın olardı. Amma onlar hələ pul islahatı həyata keçirməyiblər, ona görə də zəhmət bizim kalkulyatora düşür və vurub-bölüb-çıxandan sonra aydın olur ki, 120 milyard tenge bizim pulla 4 milyon 600 min manatdan bir az çox edir. Allah bərəkət versin.

İndi bu pulla 4-5 məktəb tikdirmək olar. Amma bu son deyil. Qazaxıstanda korrupsioner qurtarmadı axı, kalpak (papaq) altında hələ nə qədər ifşa olunmamış korrupsioner və rüşvətxor var. Onları növbə ilə, tələsmədən, ürkütmədən ortalığa çəksələr, Qazax elinin yeni məktəb tikintisi problemi dövlət büdcəsinə əl uzatmadan yaxın illərdə həll olunacaq. Əsas odur ki, mexanizm tapılıb.

Gözəl nümunədir – həm faydalı və effektiv, həm də humanistcəsinə.

Yoxsa Çində korrupsionerlərlə mübarizəni çox qəddarcasına aparırlar, tutub güllələyirlər, heç baxmırlar da ki, adam əməlindən peşmandır, bax, hətta məhkəmə də ağlayır da. Baxmırlar. Güllələyirlər. Çinlilər belə məsələlərdə daşürəkdirlər.

Biz elə deyilik, biz ürəyi yumşaq camaatıq. Ölkəni talayan, camaatı soyan korrupsioner iş başında olarkən nə qədər ona acığımız tutsa da, hiddətlənsək də, işdən götürüləndən, içəri basılandan sonra qəlbimiz yuxalır, adama yazığımız gəlir, deyirik, “onun yerində kim olsaydı, yeyərdi dəə”. Hətta olur ki, yazıq korrupsionerə həbs cəzası kəsib türməyə göndərirlər, bir xeyli adam onun müdafiəsinə qalxır.

Bu cür ürəyi yumşaqlıqdandır ki, bizdə ifşa olunmuş korrupsionerlər türmədə çox yatmır, 2-3 ildən sonra səhhətləri (içəri düşəndən sonra yazıqlar mütləq xəstələnirlər) ilə bağlı azadlığa buraxılırlar və vaxtilə oğurladıqları varidatın bir hissəsi özlərinə qaytarılır ki, acından ölməsinlər.

Geri qaytarılan “bir hissə” isə az deyil, azacıq deyil, o pulla Qazaxıstanda 25-30 məktəb tikmək olar.

Bu baxımdan qardaş ölkədə korrupsionerlərdən müsadirə edilmiş 120 milyard tenge (4 milyon 668 min manat) bizim camaat üçün heç nədir. Bizdə tək bircə İH başçısından o məbləğin iki misli qədər avro, dollar tutulmuşdu. Hələ bunun ifşa olunmuş nazirləri, komitə sədrləri, nazir müavinləri, idarə rəsiləri, generalları var. Namxuda, hamısının tədris kompleksləri tikdirmək imkanı var, sadəcə, onlara ideya verən, başa salan, məcbur edən yoxdur.

Dünya gör-götür dünyasıdır. Çinlilərdən korrupsiya ilə mübarizə üsulunu götürməyə yumşaq ürəyimiz imkan vermirsə, o zaman qazax qardaşlardan korrupsionerlərlə davranış üsulunu əxz etməyə iqtisadi zəkamız rüsxət verməlidir.

Ən yaxşı yol budur və qətiyyən Honduras yolu getmək olmaz. Deyilənə görə, Hondurasda belədir: bir mütəşəkkil dəstə ölkəni yeyir-dağıdır, sonra onların yerinə başqa bir mütəşəkkil dəstə gəlir, onlar köhnə korrupsionerləri ifşa edir, əllərindəki hər şeyi alırlar, amma təzədən dövlətə və ya xalqa qaytarmırlar, özlərinə götürürlər. Sonra gələn mütəşkkil dəstə də elə edir. Nəticədə korrupsionerlər bir-birini əvəz edir, yazıq xalq da oturub gözləyir ki, onlardan çırpışdırılan sərvət nə vaxt dövlətə geri qaytarılacaq və dövlət yeni məktəblər, xəstəxanalar tikəcək.

Çində isə elə etmirlər, əvvəlcədən milyardları korrupsionerlərə qapdırmırlar, məktəb, xəstəxana, olimpiya kompleksi, alış-veriş mərkəzi, zavod, fabrik, hər şey tikirlər. Tikintidə korrupsiyaya yol verənləri isə, artıq, bilirsiniz, nə edirlər.

P.S. Gün o gün olsun ki, Teleqram kanalında “Korrupsionerlərin ifşası” adlı səhifə açılsın və ona çoxli ifşaedici videolar, fotolar yerləşdirilsin, millət də feyziyab olsun.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR