İnsanlara hürriyət, millətlərə istiqlal!

Jurnalist açıqlama və informasiyanı necə almalıdır – ekspert rəyi

1222 24.07.2019 21:50 Ölkə A A

Zeynal Məmmədli: “Burada önəmli olan media etikasını yada salmaqdır”; Əvəz Zeynallı: “O, etiraz əlaməti kimi sakitcə maşının üstünə çıxıb; kəndlərdə gəlin maşınının qabağını saxlayırdılar, onun kimi...”

Bu günlərdə sosial şəbəkələrdə “Kanal13”ün əməkdaşı Nurlan Librenin baş nazirin keçmiş müavini Abid Şərifovun avtomobilinin üzərinə çıxaraq onun hərəkətinə mane olmasını əks etdirən görüntülər müzakirələrə səbəb oldu. Qeyd edək ki, bir qrup jurnalist baş nazirin sabiq müavini Abid Şərifova sual ünvanlasa da, o,  cavab verməkdən imtina edib və avtomobilinə əyləşib. Bu zaman Nurlan Libre maşının qarşısını kəsib və A.Şərifovun avtomobilinin üzərinə çıxıb.

“Kanal13”ün rəhbəri Anar Orucovun bildirdiyinə görə, həmin əməkdaş artıq işdən azad edilib.

Məsələ ilə bağlı Abid Şərifov Modern.az-a açıqlamasında geniş danışmaq istəməsə də, ilk dəfə belə halla rastlaşdığını dilə gətirib:

“Hər şey görmüşdüm, bircə bunu görməmişdim ki, müsahibə almaq üçün maşının üstünə çıxsınlar. Bunlar üçün ayrıca müsahibə verməyə ehtiyac varmı?!”

Abid Şərifov Nurlan ile ilgili görsel sonucu

O, jurnalistin işdən azad edilməsi məsələsi ilə maraqlanmadığını bildirib:

“Mən heç maraqlanmıram da ki, o kimdir, nəçidir, işdən çıxarılıb yaxud çıxarılmayıb. Bunlardan xəbərim yoxdur. Heç vaxtım və həvəsim də yoxdur ki, onunla maraqlanım. Çıxarıblarsa da özləri bilər, saxlayıblarsa da özləri bilərlər. Amma mən belə şeyi nə görmüşdüm, nə də eşitmişdim. Qismətdə bunu da görmək varmış. Allah sonrasından saxlasın. Belə getsə, jurnalistlər çox şey edəcəklər, zorla intervyu də alacaqlar, hələ başqa şeylər də edəcəklər. O hərəkət zorla intervyu almaq idi də, istəyim olmadığı halda maşının belinə minir, maşını saxlayır. Ayıbdır, heç bir çərçivəyə sığmır bu hərəkətlər”.

Qeyd edək ki, bu hadisə ilə bağlı çoxsaylı şərhlər bildirilir. Əksəriyyət jurnalistin bu davranışının yolverilməz, peşə etikasından kənar olduğunu bildirir. Bəs peşəkar media mütəxəssislərinin bu məsələyə münasibəti necədir?

Zeynal Məmmədli ile ilgili görsel sonucu

Mövzu ilə bağlı media eksperti Zeynal Məmmədlinin  mövqeyini öyrənməyə çalışdıq. Media eksperti “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, baş verən hadisədə jurnalistin motivi aydın deyil:

“Burada önəmli olan media etikasını yada salmaqdır. Müəyyən etməliyik ki, jurnalistin hansı etik öhdəlikləri var. Həmin hadisədə jurnalistin motivi aydın deyil. O jurnalist hansı məqsədlə maşının üzərinə çıxıb? Əgər onun məqsədi açıqlamaq istədiyi problem peşə etikasından daha vacib və önəmlidirsə, bundan öncə jurnalist dəfələrlə cəhd edərək, sualına cavab ala bilməyibsə, ictimaiyyətin diqqətini  cəlb etmək üçün belə bir üsula əl atıbsa, məhz problemi qabartmaq istəyibsə, bəli, media tarixində belə olaylar olur. Amma ciddi mediada bütövlükdə bu cür olaylara demək olar ki, rast gəlinmir. Lakin şou-biznes mediasında bu normal hal sayılır. Çox təəssüf ki, ölkəmizdə də bəzən jurnalistlər hansısa olayı işıqlandırmaq əvəzinə, özü olaya çevrilir. Bu da  bulvar, sarı mediaya xas olan bir şeydir.

Diqqət edin, həmin jurnalistin motivi nədir, nəyə görə çıxmışdı? Bu haqda danışmaq belə ciddi media etikasını pozmaq deməkdir”.

Əvəz Zeynallı ile ilgili görsel sonucu

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı isə məsələyə bu cür münasibət bildirdi: “Bu hadisə ilə bağlı bir az öncə məlumat tutdum. Doğrudur, artıq bir neçə gündür ki, belə bir hadisənin baş verdiyi barədə ara-sıra duyurdum. Lakin məsələ ilə bağlı dəqiq bir az öncə məlumat öyrəndim. Nurlan Libre o qədər kreativ hərəkət edib ki,  onun əleyhinə nəinki rəy bildirmirəm, hətta bildirənləri bir qədər də anlamıram. Çünki jurnalist müəyyən qaydalar çərçivəsində hər cür vasitədən istifadə edib, cavab ala bilməlidir. Məsələn, jurnalist Tansu Çillərin 4-5 metrlik hasarını aşıb, bağında ağacın başında yataraq, barəsində məlumat toplamalıdır, Corc Buşun başına ayaqqabı ata bilməlidir və sairə. Nə edib ki, Nurlan? Abid Şərifovu döyməyib, maşınını əzməyib. Sadəcə yaxınlaşıb Abid Şərifova sualına cavab almaq istəyib. Abid Şərifov isə böyük kobudluq nümayiş etdirib. Halbuki jurnalisti Mətbuat Günü münasibəti ilə təbrik etməli, xoş söz deməli idi. O isə kobudluq edib, qaşqabaqlı şəkildə maşınına oturaraq, sürmək əmri verib. Nurlan da hərəkət edərək, etiraz əlaməti kimi sakitcə maşının üstünə çıxıb. Hansı ki, kəndlərdə gəlin maşınının qabağını saxlayırdılar, onun kimi. Mən Nurlanı alqışlayıram və sevinirəm ki, bu cür jurnalistlər var.

Çox təəssüf ki, bəziləri onun bu davranışını peşə etikasından kənar adlandırdı. Amma mən burda pis bir şey görmürəm”.

Jurnalist Seymur Kazımov ile ilgili görsel sonucu

Jurnalist Seymur Kazımov isə baş verən olayla bağlı sosial şəbəkədə bunları qeyd edib: “Jurnalistin etiraz aksiyasında iştirakı və davranış qaydaları haqqında:

Bu məsələ jurnalistin fəaliyyət göstərdiyi media qurumunun peşə davranış qaydaları ilə tənzimlənir. 
Qərb təcrübəsində jurnalist hətta əməkdaşlıq etdiyi (ştatlı olmadıqda belə) media qurumunun davranış qaydaları ilə tanış olmalı və onlara əməl etməlidir. 

Jurnalistin etiraz aksiyasında iştirakına redaksiyanın icazəsi varsa, bu o demək deyil ki, o bütün hərəkətlərində tam sərbəstdir. 

Jurnalist çalışdığı (müvəqqəti də olsa əməkdaşlıq etdiyi) media qurumunun simasıdır və onun istənilən davranışı mənsubu olduğu redaksiyanın mövqeyini əks etdirir. 

Media mənsubu siyasi şüarlar səsləndirməməli, aksiyalardan şəxsi məqsədlər üçün istifadə etməməlidir. 
Jurnalistin qatıldığı etiraz aksiyaları şəxsi deyil, ictimai xarakter daşıyır. 

Etiraz aksiyasında konkret siyasi qüvvəni ittiham edən jurnalistin peşə fəaliyyətinə geri döndükdən sonra, obyektiv və balanslı olacağı şübhə doğurduğundan, emosiyalarına sahib olmalı və tərəflərdən birinə simpatiya və antipatiya nümayiş etdirməməlidir.

Konkret şəxsi korrupsiya və digər əməllərlə ittiham etmək jurnalistin peşə borcu deyil. O, yalnız peşə fəaliyyəti çərçivəsində faktların, sənədlərin dili ilə "qaranlıq məqamları" üzə çıxarmalıdır. 

Hökm vermək jurnalistin hüquq və vəzifələrinə daxil deyil. 

Bu hallara əməl etməyən jurnalist media qurumunun rəhbərliyinin qərarı ilə işdən uzaqlaşdırıla bilər. 
Digər arqumentlər də gətirmək olar, bunlar kifayətdir”.

Xalidə Gəray,
“Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR