İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbulda yeni seçki ölkə iqtisadiyyatını silkələyir

İstanbulda ali seçki qurumu YSK-nın bələdiyyə sədri seçkilərinin təkrar keçirilməsi barədə qərarından dərhal sonra Türkiyə milli valyutası olan lirə sürətlə dəyərsizləşməyə başlayıb. Bir ABŞ dolları 6 lirədən baha satılmağa başlayıb.

YSK-nın qərarı iqtisadi və siyasi baxımdan Türkiyə üçün nə deməkdir?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun “Yeni Müsavat”a dediyinə görə, qərar Türkiyə iqtisadiyyatına təsirsiz ötüşməyəcək: “Bu qərar Türkiyə iqtisadiyyatı üçün yaxşı heç nə vəd etmir. Türkiyə lirəsinin dollara nisbətən məzənnəsində azalmaların davam edəcəyi proqnozlaşdırılır. Qərardan əvvəl dolların qiyməti 6 lirənin altındaydı, indi 6,2 lirəyə çatıb. Seçki tərəfləri arasındakı münasibətlər gərginləşərsə, bu halda yaxın zamanlarda Türkiyə pulu ”1 dollar 7 lirə" məzənnəsinədək ucuzlaşa bilər".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov ile ilgili görsel sonucu

Ekspert bildirir ki, qərarın valyuta bazarına ciddi psixoloji təsirləri də var: “Psixoloji olaraq dollara tələbatın artması müşahidə olunur. Yalnız investirlar deyil, əhalidə də psixoloji qorxu yaranıb. Gözlənilir ki, qardaş ölkədə dollara tələb kəskin artacaq. Həm investorlar, həm də əhali tərəfindən xarici valyuta alışının çoxalacağı gözlənilir. Qərar Türkiyə iqtisadiyyatı, eləcə də İstanbula sərmayə qoyuluşu baxımından da arzuolunan deyil. Təxminən beş ilə yaxındır ki, Türkiyə iqtisadiyyatına investisiyaların axını kəskin şəkildə azalır. Əvvəl Avropa ölkələri ilə siyasi gərginlik, daha sonra ABŞ-la münasibətlərin soyuqlaşması ölkədən investisiya axınını gücləndirib. Bu baxımdan, seçkinin nəticələrinin ləğvi bu axını daha da gücləndirəcək”.

V.Bayramov hesab edir ki, Türkiyə iqtisadiyyatındakı proseslər seçki tərəfləri arasındakı münasibətlərdən çox asılı olacaq: “Tərəflər gərginliyə gedəcəksə, bu, iqtisadiyyatdakı neqativ prosesləri daha da gücləndirəcək. Yox, seçkinin nəticələri hamı tərəfindən qəbul edilib, gərginlik yaranmayacaqsa, iqtisadiyyatda müəyyən stabilləşmə müşahidə oluna bilər”.

Ä°lgili resim

Politoloq Şahin Cəfərlinin fikrincə, İstanbulda seçkilərin təkrarlanmasının ölkədəki siyasi və iqtisadi duruma müsbət təsir etmədiyi ortadadır: “Ali seçki qurumu - YSK-nın bu qərarının tamamilə qanunsuz, məntiqsiz, hətta gülünc olduğu və siyasi tapşırıqla verildiyi şübhə doğurmur. Bunu YSK-nın qərarının mətnindən də görmək mümkündür. Qərar səsvermənin nəticələrinin saxtalaşdırılması, namizədlərdən birinin səslərinin oğurlanması, yaxud səsvermənin gedişində yol verilən və Azərbaycan vətəndaşları olaraq, bizim çox yaxşı bildiyimiz digər tipik seçki pozuntuları ilə əlaqəli deyil. Qərar bəzi məntəqə seçki komissiyaları sədrlərinin dövlət məmuru olmaması ilə əsaslandırılıb. Qanuna görə, bütün komissiya sədrləri məmur olmalıdır. Lakin komissiya sədrlərinin təyinatını müxalifət və ya başqa qeyri-rəsmi çevrələr deyil, dövlət orqanları həyata keçirir. Bu prosesdə vilayət seçki komissiyaları və onların tabe olduqları YSK-nın, valilik və onların tabe olduqları Daxili İşlər Nazirliyinin iştirakı var. Əgər səhv olubsa, burada müxalifətin və seçkiyə qatılıb səsini verən vətəndaşların günahı nədir? Digər tərəfdən, seçki komissiyaları təşkil olunduqdan sonra siyasi partiyalara 1 həftə vaxt verilir ki, komissiyaların tərkibini araşdırıb, qeyri-qanuni saydıqları məsələlərlə bağlı şikayət etsinlər. Əgər qanunsuzluq var idisə, iqtidar partiyası AKP və onun müttəfiqi MHP seçkidən əvvəl niyə etiraz etməmişdi”?

Ş.Cəfərli bildirir ki, seçicilər 31 martda 4 seçkili orqan (böyükşəhər bələdiyyə başqanlığı, şəhərin rayonları üzrə bələdiyyə başqanlığı, bələdiyyə məclisləri və muxtarlıqlar) üzrə səs veriblər və 4 bülleten eyni zərfin içinə qoyularaq qutulara atılıb: “YSK-nın qərarına görə rayon (ilçə) bələdiyyə başqanlığı, bələdiyyə məclisləri və muxtarlıqlar üzrə seçkilərdə problem olmayıb, təkcə böyükşəhər bələdiyyə başqanlığı seçkisində problem var. Bu, necə ola bilər? Axı bütün seçkiləri eyni komissiyalar təşkil edib? Qanunsuzluq varsa, hamısına aiddir, yoxdursa yenə hamısına aid olmalıdır”.

Politoloqun sözlərinə görə, qərar iqtisadi böhrana paralel olaraq siyasi böhranın da başladığını göstərir: “Belə çıxır ki, seçki yolu ilə iqtidara gəlmiş qüvvə 1950-ci ildə ölkə demokratik sistemə keçdikdən bəri ilk dəfə olaraq seçki yolu ilə iqtidarı təhvil verməyəcək və hakimiyyəti uzurpasiya edəcək. Çünki bələdiyyə seçkisindəki məğlubiyyəti ilə barışmayan iqtidar prezident seçkilərini uduzduqdan sonra hakimiyyəti təhvil verməyi heç istəməz. YSK qərarı Türkiyədə məhkəmə hakimiyyətinin də tamamilə siyasi iqtidardan asılı olduğunu sübut etdi”.

YSK qərarından sonra lirənin ucuzlaşmağa davam etməsinə gəldikdə isə, Ş.Cəfərlinin sözlərinə görə, bu tendensiyanın seçkilərlə birbaşa bağlılığı yoxdur: “Lirənin vəziyyəti ölkədəki iqtisadi böhrandan, hökumətin böhrandan çıxış üçün ciddi proqram ortaya qoymamasından, Mərkəzi Bankın valyuta ehtiyatının ciddi şəkildə azalmasından qaynaqlanır. Amma şübhəsiz ki, iqtisadi böhran ölkədəki siyasi proseslərlə də əlaqəlidir. Yəni siyasətin iqtisadiyyata, iqtisadiyyatın isə siyasətə təsirləri var. İqtisadi böhranın səbəblərindən biri Türkiyənin demokratiyadan, hüquq dövləti prinsiplərindən uzaqlaşması ilə bağlıdır. YSK-nın son qərarı ölkədə məhkəmə müstəqilliyinin olmadığını bir daha göstərdi. Ənənəvi media iqtidarın nəzarəti altındadır və müxalifətə qarşı müntəzəm olaraq qarayaxma kampaniyası aparır. Belə bir ölkəyə kənardan investisiya gəlməz, daxildəki kapital isə qaçar. Necə ki, qaçır. Əcnəbilər bir yana, türk milli burjuaziyası da son illər öz kapitalını ölkədən çıxarmağa başlayıb. Təkcə ötən il Türkiyə vətəndaşı olan 4 min nəfər dollar milyoneri ölkəni tərk edərək ABŞ və Avropaya gedib. Ölkədən beyin köçü də var. Bu neqativ tendensiyanı dayandırmağın yeganə çıxış yolu ölkənin yenidən normallaşması, hüquq və azadlıqların, məhkəmə müstəqilliyinin, söz azadlığının bərqərar olmasıdır”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2019

BÜTÜN XƏBƏRLƏR