İnsanlara hürriyət, millətlərə istiqlal!

İsraildə seçkilərin nəticəsi: Netanyahu erası bitir?

İsraildə parlament seçkilərinin nəticəsi baş nazir Benyamin Netanyahu üçün məyusluqla bitib. Son məlumatlara görə, baş nazirin “Likud” partiyası 31, rəqibi Benni Qantzın rəhbərliyindəki “Kahol-Lavan” (Mavi və Ağ) partiyası isə 32 yer qazanıb.

Siyasi müşahidəçilər seçkidə “Vahid ərəb siyahısı”nın 13, rusdilli Aviqdor Libermanın “Bizim evmiz İsraildir” partiyasının 9 yer almasına diqqət çəkiblər.

Ortaya çıxan nəticə radikal sağçı Aviqdor Libermanı olası koalisiya hökumətində kritik mövqeyə qoyub.

Almaniyanın “Die Welt” qəzetinin analitiki Gil Yaronun yazdığına görə, əslində Benyamin Netanyahunun parlamentdə əksər yerləri almamasının əsas günahkarı da elə A.Libermanın özü olub. Keçmiş müdafiə naziri radikal qüvvələr və ravvinlərdən bezən əhalinin səslərinin bir hissəsini özünə çəkməyi bacarıb.

İndi İsraildə ən populyar fikir geniş milli hökumətin qurulmasıdır. Bunu Aviqdor Libermanın özü də müdafiə edir. O, bunun üçün partiyasına gələcək hökumətdə yer verilməsinin zəruri olduğunu söyləyib.

Bu məsələ olduqca çətin görünür. Belə ki, “Mavi-ağ”ların böyük hissəsi vaxtilə baş nazirdən narazı olub “Likud”u tərk edənlərdir. İndi həmin qüvvələr Benni Qantsa Benyamin Netanyahunu kənarlaşdırmağa yardım edirlər. Onların hazırda hakimiyyət partiyası ilə koalisiyaya getməyə etirazları yoxdur. Lakin bunun üçün “Likud” öz liderinin “başını verməli”, yəni ondan imtina etməlidir.

Seçkilərdə ərəb koalisiyasının qazandığı yerlərin sayını artırması Benyamin Netanyahunun vəziyyətini ağırlaşdırıb. İsrail baş nazirinə qatı müxalif sayılan “Ortaq siyahı”nın lideri Ayman Odehin “İnsanlarımıza təşəkkür etmək istəyirəm. 13 yerlə təxribatçı Netanyahunu evinə göndərəcəyimizə inanıram” sözləri bunu göstərir. Ərəblərin Benyamin Netanyuhunu hakimiyyətinə son vermək üçün kənardan Benni Qantza dəstək verməyə hazır olduğu deyilir.

“Ona görə də İsraildə hər şey kimin birinci güzəştə getməsindən asılı olacaq. Yaxın həftələrin yəhudi dövləti üçün gərgin və sürprizlərlə dolu keçəcəyini gözləmək mümkündür”, - deyə Gili Yaron qeyd edir.

Musavat.com

 

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Oktyabr 2019

BÜTÜN XƏBƏRLƏR