İnsanlara hürriyət, millətlərə istiqlal!

“İslahatların əsas məqsədi budur” – VACİB AÇIQLAMA

590 03.07.2026 17:06 Son xəbər A A

“Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sədrliyi altında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk toplantısında gündəlikdəki məsələlər arasında ən çox diqqətimi çəkənlərdən biri məhz qanunvericilik sahəsində baş verəcək dəyişikliklər idi”.

Bunu Musavat.com-a açıqlamasında deputat Sahib Alıyev deyib.

SAHİB ALIYEV.jpg (64 KB)

Milli Məclis üzvü qeyd edib ki, “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı”nın əhatə etdiyi dörd sahənin dördündə də qanunvericilik bazasının yaradılması və yaxud da əhəmiyyətli şəkildə dəyişdirilməsi nəzərdə tutulur:

“Qanunvericilikdə rəqəmsal texnologiyalar, süni intellekt, innovasiya məhsulu, kibertəhlükəsizlik, texnologiya transferi və frilanser fəaliyyəti anlayışlarının hüquqi termin statuslarının tam dəqiqləşdirilməsi gözlənilir. Dünya Bankının araşdırmaları da göstərir ki, rəqəmsal transformasiya sadəcə qanunların məzmununu deyil, həm də qəbul prosesini dəyişir. Yəni qanun layihələrinin hazırlanmasında süni intellekt və təbii dil məlumatlarının avtomatlaşdırılmış təhlili tətbiq edilir ki, nəticədə sənədlərin hazırlanma vaxtı 70%-ə qədər azalır”.

Sahib Alıyevin sözlərinə görə, üstəlik, bu tətbiq qanunvericilikdəki ziddiyyətləri aşkarlayır:

“Rəqəmsal transformasiyanın davamlı və etibarlı şəkildə həyata keçirilməsi üçün kibertəhlükəsizliyin necə önəm daşıdığını yəqin mütəxəssis olmayanlar da bilirlər və burada da hüquqi baza təkmilləşdirilməlidir. Kiberdayanıqlılıq, kibergigiyena, kiberməkan və kibertəhlükəsizlik anlayışlarının hüquqi çəkiləri dəqiqləşdirilməlidir ki, rəqəmsal mühitdə təhlükəsizlik standartları təhdidlərə adekvat olsun. Bunun üçün nə az, nə çox, 34 qanuna, 9 Prezident fərmanına və Nazirlər Kabinetinin 3 qərarına dəyişiklikləri nəzərdə tutan kompleks islahat paketi hazırlanıb. İslahatların əsas məqsədi Azərbaycanı texnologiya şirkətləri, innovativ bizneslər və investorlar üçün regionun ən cəlbedici mərkəzlərindən birinə çevirməkdir. Yəni ölkəmiz təkcə rəqəmsal qovşaq yox, eyni zamanda regional texnoloji mərkəz statusu əldə etmək niyyətindədir”.

Deputat zəruri xatırlatma da edib:

“Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 1-ci Azərbaycan-ABŞ İqtisadi Dialoqu tədbirində rəqəmsal texnologiyalar, süni intellekt və bulud texnologiyaları sahəsində strateji anlaşmalar imzalandı ki, onların ümumi dəyəri 8 milyard dollardan çoxdur. Eyni zamanda 2-ci ABŞ Süni İntellekt Həftəsinin də bu ilin payızında Bakıda keçirilməsi gözlənilir”.

Sahib Alıyev iyulun 1-də Avropa rəsmisinin Bakıya səfərinə və gündəlikdəki mühüm məsələlərə də diqqət çəkib:

“Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin Bakıda səsləndirdiyi bəyanatdan belə bəlli oldu ki, təmsil etdiyi qurum Azərbaycana Bağlantı Tərəfdaşlığını başlamaq fikrindədir ki, orada nəqliyyat və enerji ilə yanaşı, rəqəmsal sahə də əhatə olunur. Bir sözlə, görünən budur ki, yaxın gələcəkdə sürətlənməsi gözlənilən rəqəmsal transformasiyaya tam hazır olmaq üçün dövlətimiz texnologiya nəhəngləri ilə əməkdaşlıq memorandumlarının imzalanması da daxil olmaqla, nə lazımdırsa, edir”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR