NATO ölkələri ABŞ Prezidenti Donald Trampın sərt bəyanatlarına əvvəlki kimi reaksiya vermir. Alyans daxilində getdikcə daha çox hesab olunur ki, Avropa müdafiə xərclərini Vaşinqtonu razı salmaq üçün deyil, öz təhlükəsizliyi naminə artırmalıdır.
Musavat.com xəbər verir ki, bu barədə Politico saytının NATO-nun Ankarada keçirilən sammitini təhlil edən məqaləsində yazılıb.
Yazı müəlliflərinin (Viktor Cek, Kris Lunday və Felisiya Şvarts) qeyd etdiyi kimi, sammit öncəsi Avropa ölkələri Trampın yeni qalmaqallı bəyanatlarının qarşısını almağa çalışsalar da, ABŞ prezidenti yenidən müdafiə xərcləri, İran əməliyyatı və Qrenlandiya məsələsi ilə bağlı müttəfiqlərini tənqid edib.
Bununla belə, bu dəfə alyans üzvləri əvvəlki illərdən fərqli olaraq daha soyuqqanlı davranıblar. Məsələn, Tramp Qrenlandiya ilə bağlı növbəti iddialarını səsləndirdikdən sonra Latviya, İslandiya və digər ölkələrin rəhbərləri açıq şəkildə Danimarkanın mövqeyini müdafiə ediblər.
Politico, həmçinin, yazır ki, Avropa paytaxtlarında artıq yeni yanaşma formalaşır: "Biz müdafiəyə Tramp üçün yox, özümüz üçün daha çox vəsait ayırırıq".
"Mən bura Trampı razı salmaq üçün gəlməmişəm. Mən buraya Avropanın təhlükəsizliyi naminə məsuliyyətimi yerinə yetirməyə gəlmişəm”, - deyə Lüksemburqun xarici işlər naziri Ksavye Bettel nəşrə bildirib.
"Artıq Tramp barədə panikaya düşməkdən bezmişəm. Bunu özümüz üçün etməliyik", - NATO-dakı yüksəkvəzifəli diplomat sayta danışıb.
Politico qeyd edir ki, son bir ildə Avropa və Kanada müdafiə xərclərini 20 faiz, 2026-cı ildə isə daha 11 faiz artırıb. Hazırda ABŞ istisna olmaqla digər 31 NATO üzvü alyansın ümumi müdafiə xərclərinin 43 faizini qarşılayır.
Məqalədə vurğulanır ki, Avropa ölkələri Trampın NATO-dan qoşun çıxarmaq və ya Qrenlandiya ilə bağlı əvvəlki hədələrinin reallaşmamasından sonra onun bəyanatlarına daha ehtiyatlı yanaşmağa başlayıblar. Sayt bu vəziyyəti məşhur "Yalançı çoban" məsəli ilə müqayisə edərək Trampın davamlı hədələri artıq əvvəlki təsiri göstərmədiyini yazıb.
Musavat.com






