İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın ərəb dünyasında yeni strateji addımı, əməkdaşlıq genişlənir

576 09.07.2026 14:00 Siyasət A A

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlər arasında çoxtərəfli və qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi xarici siyasətin əsas prioritet istiqamətlərindən biri hesab olunur. Azərbaycan da xarici siyasət kursuna uyğun olaraq, müxtəlif region ölkələri ilə siyasi, iqtisadi və humanitar əlaqələrin genişləndirilməsinə xüsusi önəm verir.

Bu kontekstdə Yaxın Şərqin mühüm dövlətlərindən olan İordaniya ilə münasibətlərin inkişafı qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın mühüm istiqamətlərindən biri hesab oluna bilər. Son illərdə yüksək səviyyəli qarşılıqlı səfərlər və imzalanan sənədlər iki ölkə arasında əlaqələrin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. Xüsusilə, energetika, investisiya, ticarət, humanitar əməkdaşlıq və insanlararası münasibətlər üzrə formalaşan yeni əməkdaşlıq mexanizmləri tərəfdaşlığın perspektivlərini daha da genişləndirir. Eyni zamanda, regional və qlobal çağırışlar fonunda Azərbaycan-İordaniya münasibətlərinin möhkəmləndirilməsi hər iki ölkənin strateji maraqlarına cavab verir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Lalə Xəlilzadə Musavat.com-şərhində Azərbaycan-İordaniya arasında əmkədaşlığın yeni mərhələsi barədə danışıb. Ekspert bildirib ki, Azərbaycan və İordaniya arasında münasibətlər uzun illərdir qarşılıqlı hörmət, dostluq və etimada əsaslanır:

zapYOEGQd6Ps.jpg (749 KB)

“Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin ərazi bütövlüyü və suverenliyini dəstəkləyir, siyasi dialoq, iqtisadi əməkdaşlıq, humanitar əlaqələr və parlamentlərarası münasibətlərin inkişafına xüsusi önəm verir. Qeyd edə bilərik ki, son illərdə yüksək səviyyəli qarşılıqlı təmasların intensivləşməsi ikitərəfli əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunun göstəricisidir. Bu baxımdan, 8 iyul tarixində İordaniyanın Baş nazirinin müavini, xarici işlər və xaricdə yaşayan iordaniyalılar naziri Əymən Əs-Səfadinin Azərbaycana rəsmi səfəri xüsusi əhəmiyyət kəsb edir. Səfər çərçivəsində iki mühüm sənəd – "Azərbaycan Respublikası Energetika Nazirliyi ilə İordaniya Haşimilər Krallığının Enerji və Mineral Ehtiyatlar Nazirliyi arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu" və "Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında adi pasport sahibləri üçün viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Saziş" imzalanıb.

Energetika sahəsində imzalanan Anlaşma Memorandumu tərəflər arasında əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirən mühüm addım kimi qiymətləndirilə bilər. Belə ki, Azərbaycan Cənubi Qafqazın aparıcı enerji istehsalçısı və ixracatçısı olmaqla zəngin neft və təbii qaz ehtiyatlarına malikdir. Bununla yanaşı, ölkə son illərdə külək, günəş və yaşıl hidrogen kimi bərpa olunan enerji istiqamətlərini sürətlə inkişaf etdirir, Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir və regional enerji mərkəzi kimi mövqeyini möhkəmləndirir. İordaniya isə ənənəvi enerji resursları baxımından məhdud imkanlara malik olsa da, son illərdə günəş və külək enerjisinin inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirib. Ölkə enerji idxalından asılılığını azaltmaq, enerji mənbələrini şaxələndirmək və bərpa olunan enerji istehsalını artırmaq istiqamətində ardıcıl siyasət həyata keçirir. Bu baxımdan, qeyd edə bilərik ki, imzalanan memorandum hər iki ölkənin potensialını tamamlayan əməkdaşlıq platforması formalaşdırır. Sənəd enerji sahəsində təcrübə və texnologiya mübadiləsinin genişlənməsinə, bərpa olunan enerji layihələrinin həyata keçirilməsinə, enerji səmərəliliyi və yaşıl enerji keçidi istiqamətində birgə təşəbbüslərin reallaşdırılmasına, eləcə də qarşılıqlı investisiyaların təşviqinə geniş imkanlar yarada bilər. Azərbaycanın enerji sektorunda topladığı təcrübə İordaniya üçün faydalı olmaqla yanaşı, İordaniyanın bərpa olunan enerji sahəsində qazandığı praktiki nəticələr də qarşılıqlı əməkdaşlığı zənginləşdirə bilər”.

L.Xəlilzadə diqqətə çatdırıb ki, Azərbaycanın ərəb ölkələri ilə enerji əməkdaşlığı artıq formalaşmış və uğurla inkişaf edən istiqamətlərdən biridir:

“Xüsusilə, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı ilə bərpa olunan enerji, yaşıl hidrogen və enerji keçidi sahələrində strateji əməkdaşlıq qurulub, günəş və külək elektrik stansiyalarının tikintisini nəzərdə tutan iri investisiya layihələri həyata keçirilir. Bu baxımdan, İordaniya ilə imzalanan memorandum Azərbaycanın ərəb dünyası ilə enerji əməkdaşlığının daha bir mühüm həlqəsi kimi qiymətləndirilə bilər.
Səfər zamanı habelə, iqtisadi əməkdaşlığın genişləndirilməsi də əsas müzakirə mövzularından olub. Tərəflər qarşılıqlı investisiyaların təşviqi, birgə layihələrin həyata keçirilməsi, biznes dairələri arasında əlaqələrin gücləndirilməsi, işgüzar səfərlərin və biznes forumlarının təşkili istiqamətində fəaliyyətin artırılmasının vacibliyini vurğulayıblar.

Qeyd etmək yerinə düşər ki, iyulun 8-də imzalanan sənədlər cari ildə Azərbaycan və İordaniya arasında əməkdaşlığın inkişafına yönəlmiş ilk addımlar deyil. İlin əvvəlində Azərbaycan Respublikaısnın Prezidentinin fərmanına əsasən, iki ölkə arasında elm və təhsil, mədəniyyət və incəsənət, gənclər və idman, arxeologiya, səhiyyə və media sahələrini əhatə edən 2025–2027-ci illər üzrə İcraedici Əməkdaşlıq Proqramı təsdiq edilib. Bundan başqa, iyun ayında Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının 20-ci Sessiyası çərçivəsində Prezident İlham Əliyev İordaniya Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul edib. Görüşdə ikitərəfli münasibətlərin perspektivləri, parlamentlərarası əməkdaşlığın inkişafı və qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Ümumilikdə, son aylarda baş tutan yüksək səviyyəli təmaslar və imzalanan sənədlər Azərbaycan-İordaniya münasibətlərinin yalnız siyasi dialoqla məhdudlaşmadığını, iqtisadiyyat, energetika, humanitar əməkdaşlıq və insanlararası əlaqələr kimi sahələrdə də sistemli şəkildə inkişaf etdiyini göstərir. Xüsusilə, enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi və viza rejiminin sadələşdirilməsi gələcəkdə ticarət, investisiya, turizm və biznes əlaqələrinin genişlənməsinə, eləcə də iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə töhfə verə bilər”.

Nigar Həsənli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR