İnsanlara hürriyət, millətlərə istiqlal!

İsa Qəmbər harda, mərkəz də orda!..

1403 04.09.2014 19:18 Yazarlar A A

Bərpa qurultayından sonra Müsavatda ilk dəfə başqan dəyişikliyinə gətirəcək və çoxdan gözlənilən növbəti qurultaya bir şey qalmadı. Ölkə ictimai-siyasi həyatında da maraqla izlənən bu məsələ yavaş-yavaş gündəmin daha yuxarı hissəsində qərar tutmaqdadır. 

Artıq başqanlığa iddialılar üçün təbliğat mərhələsi başlayıb. Hələ ki, namizədlər etik çərçivəni gözləməklə öz PR kampaniyasını aparırlar. Olduqca təqdiredicidir ki, təbliğat rəqibin kontur-təbliğatı və ya qara PR üzərində qurulmayıb. Ümid edək ki, sonadək də belə olacaq və iddialılar bütövlükdə Azərbaycan üçün yaxşı bir seçki rəqabəti nümunəsi, yaddaqalan bir presedent qoyacaqlar. 

Müsavatçılar olaraq prosesi təbii ki, ikiqat həssaslıqla izləyirik. Bəri başdan ərz edim ki, qurultay nümayəndəsi deyiləm. Bu üzdən mənim Müsavatın qarşıdakı ali toplantısında başqanlığa iddialılardan kimə üstünlük verib-verməməyimin nəticəyə yəqin ki, təsiri olmaz. Ətrafımdakı dost-tanışlarım, səsvermə hüququ olan partiyadaşlarım isə öz seçimini artıq ediblər.  

Ancaq şəxsən məndən ötrü ən önəmlisi prosesin özüdür. Şəxsiyyətlər yox, dəyərlərdir. Bir az da konkret olsaq, seçkilərin Müsavat Partiyası Nizamnaməsi çərçivəsində və demokratik mübarizənin kurallarına, Müsavatın şanlı tarixinə layiq axarda gedib yekunlaşmasıdır. Belə olacağı halda kimin məğlub, kimin qalib gəlməsindən asılı olmayaraq uduşda sözsüz ki, ən əvvəl Müsavat olacaq... 

Böyük Rəsulzadənin partiyası gec-tez yeni başqanlıq testindən keçməli idi. Burası dəqiqdir. Fəqət, nə edək ki, bu hadisə partiya iqtidarda yox, müxalifətdə olanda yaşanır və ölkədəki repressiv ab-havaya təsadüf edir. Özəllik həm də budur. Və nə edək ki, partiyanın bərpasından keçən böyük bir müddətdə - müstəqil Azərbaycanda onun sükanı arxasında 20 ildən çoxdur eyni şəxs durmalı olub. İsa Qəmbər çapında avtoriteti bütün parametrlər üzrə əvəzləmək isə asan məsələ deyil. 

Ancaq Müsavat demokratik təşkilatdısa – buna şübhə etmirik – o zaman demokratiyada çarə tükənməz. Yetər ki, partiyanın seçkili orqanlarına seçkilərə zərrəcə hiylə, haram qatılmasın. Qalan şeylər düzələcək. O ki qaldı namizədlərin şansına –yəqin ki, onların hərəsi daxilən öz qələbəsinin nə dərəcədə real olub-olmadığını təxminən bilir. Elə biz də. 

Əlbəttə, könül istərdi ki, yeni başqanlıq kimi partiyanın gələcək taleyinə ciddi təsir edəcək strateji bir seçkinin nəticəsi təkcə qurultay nümayəndələrinin səsi ilə yox, bütün müsavatçıların qatılacağı seçki ilə müəyyənləşəydi. Necə ki, bir çox demokratik ölkələrdə bu praktikadan istifadə olunur. Axı, demokratiya daha çox insanın mövqeyinin ciddiyə alınmasıdır. Belədə yeni başqanın legitimliyi də xeyli güclü, kəsərli ola, partiya daxilində seçkisonrası neqativ təmayüllərə zəmin qat-qat zəif olardı.  

Partiyanın hazırkı başqanı İsa Qəmbərə başqanlıqdan üstün status verilməsinə gəlincə, şəxsən mən də bunun əleyhinə olanların sırasındayam. Birinci ona görə ki, belə bir status antidemokratik çalarlı olmaqla yeni başqanın kölgədə qalmasına, onun öz potensialına bütünlüklə açmasına mane olacaq. İkincisi, Müsavatın kadr bankının “qısır” olduğu, onun “ideya yox, şəxsiyyət ətrafında qurulan partiya” olması barədə rəy formalaşdıracaq. Üçüncüsü, Müsavatın böyük tarixi keçmişi və ənənəsi ilə uzlaşmayacaq.  

Bizcə, heç İsa bəy özü də buna razı olmaz. Təkcə ona görə yox ki, bir demokrat olaraq o, yüzdə-yüz partiyada “sultanlıq” yaradılmasına qarşısıdır. Həm də o sadə səbəbə ki, onsuz da İsa Qəmbər hardadısa, mərkəz də ordadır. Hələ bir müddət belə qalacaq bu virtual statusu rəsmiləşdirməyə nə lüzum ki?  

                                   

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR