İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanın yeni sərhəd kələyi, yoxsa Brüssel sürprizi...

2107 11.12.2021 12:08 Siyasət A A

Brüssel görüşü günü Ermənistan parlamenti növbədənkənar iclasda sərhəd məsələsini müzakirəyə çıxarmağa hazırlaşır...

Dekabrın 15-i, saat 12:00-da Ermənistan parlamentinin növbədənkənar iclası çağırılıb. Rəsmi məlumata görə, gündəlikdə bircə məsələ var: Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası.

İclasın tarixi və saat vaxtı (12:00) diqqət çəkir. Niyə məhz 15 dekabr və niyə saat 12:00? Belə çıxır, Nikol Paşinyan Brüsseldə ikən və ya onun İlham Əliyevlə görüşünün nəticəsi bəlli olmadan Ermənistan parlamenti sərhəd mövzusunu müzakirə edəcək? Avropa ilə ciddi zaman fərqini də nəzərə alsaq, Əliyev-Paşinyan görüşü Bakı və İrəvan vaxtı ilə axşam saatlarına, ən yaxşı halda günortaya təsadüf edəcək. Yəni deputatlar nəticəni gözləməyəcklər? Yoxsa, Brüssel görüşü üçün İrəvan Nikolun “əlini gücləndirəcək” hansısa sürpriz hazırlamağa hazırlaşır? Hansı?

Abutalıb Səmədov: Paşinyan orduya nəzarət edə bilmir

 Abutalıb Səmədov 

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə nəzərdə tutulan görüşünün əhəmiyyətini artırmağa çalışanları anlamaq çətindir: “Brüssel görüşünün heç bir ciddi nəticəsi olmayacaq və bunu Ermənistan parlamentində də bilməmiş deyillər. Brüssel görüşü olsa-olsa Nikol Paşinyanın günahı ucbatından pozulan dialoqu bərpa etməyə yönələn bir tədbirdir. Qərbin əsas məqsədi Azərbaycan-Ermənistan arasında baş verən prosesləri Rusiyanın əlindən almaq, yaxud heç olmasa onun monopoliyasından çıxarmaqdır. Avropa Birliyi bu istiqamətdə yalnız ATƏT-in Minsk qrupunun yardımçısı kimi çıxış edə bilər. Müstəqil şəkildə sülh sazişinin imzalanmasını təşkil etmək, Ermənistanın iddia etdiyi kimi ”Qarabağın statusu" məsələsini müzakirə etmək Avropa Birliyinin imkanları xaricindədir.

İki dövlət arasında sərhədlərin müəyyənləşməsinə Qərbin müdaxiləsindən, ümumiyyətlə, söhbət belə gedə bilməz. Bu yalnız Rusiyanın vasitəçiliyi ilə baş tutacaq bir məsələdir və ermənilər bunu yaxşı anlayırlar.

Ermənistan parlamentinin və hökumətin rəhbərliyinin elə həmin görüş ərəfəsində bu məsələni müzakirəyə çıxarması onların bu reallığı dərk etməsi ilə bağlıdır. Bu addım, eyni zamanda, Rusiya nümayəndələrinin Ermənistana gəlməsi hər şeydən əvvəl Soçi görüşünün bu prosesi sürətləndirdiyini və üçtərəfli danışıqların səmərəli keçdiyini göstərir.

Ermənistan parlamentində sərhədlərin delimitasiyası və demarkasiyası ilə əlaqədar keçirilən müzakirə Brüssel danışıqlarında Nikol Paşinyanın əlini gücləndirə bilərmi? Təbii ki, yox. Bu müzakirə Soçi görüşü ərəfəsində olsaydı onun mövqeyinə bir az təsir göstərərdi. Sərhədlərin müəyyənləşməsini istədiyini bir neçə dəfə bəyan etsə də, bu məsələ Brüssel üçün prioritet deyil".

A.Səmədov hesab edir ki, bu səbəbdən Brüssel danışıqları “növbətçi görüş” olmaqdan o tərəfə keçə bilməyəcək və Ermənistanın bütün cəhdlərinə baxmayaraq əsas müzakirələr region dövlətlərinin formalaşdırdığı və Türkiyənin aparıcı rol aldığı “dördlük”, yaxud, “3+3" formatında aparılacaq: ”Bunun üçün, biz indiyə qədər əlimizdən gələni etmişik və bundan sonra da etməliyik. Ermənistan parlamentinin növbədənkənar iclası prosesə təsir edəsi deyil".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR