İnsanlara hürriyət, millətlərə istiqlal!

İranlı deputat yenə həddini aşdı - Bakıya dil uzadanlar tarixdən dərs almayıblar...

533 09.06.2026 20:57 Dünya A A

"Azərbaycanın bizə qarşı addım atmaması daha yaxşı olar, Bakı üç-dörd saat ərzində yer üzündən silinə bilər".

Bu yaramaz cümlələr İran parlamentinin sarsaq deputatlarından sayılan Əbülfəz Zöhrəvəndə məxsusdur. Ölkəmizə qarşı hər zaman qərəzli mövqeyi seçilən parlamentari bu dəfə bütün qırmızı xətləri keçib.

Göründüyü kimi, bu fikirlər diplomatik məsuliyyət daşıyan bir siyasətçinin bəyanatından daha çox, emosiyalarına hakim ola bilməyən, reallıq hissini itirmiş bir şəxsin sayıqlamasını xatırladır. Onun Azərbaycana qarşı səsləndirdiyi bu hədə və təhdid dolu fikirlər regionda sülhə xidmət etmir, əksinə, rəsmi Tehranın bəzi dairələrində hələ də hökm sürən köhnə və təhlükəli düşüncə tərzinin növbəti təzahürüdür. 

IRAN-Mahdi-Sigari.jpg (87 KB)

Bir deputatın çıxıb qonşu ölkənin paytaxtını “xəritədən silməkdən” danışması siyasi arqument yox, siyasi acizlik əlamətidir. Çünki güclü dövlətlər və ciddi siyasətçilər emosional çıxışlarla deyil, məsuliyyətli davranışları ilə yadda qalırlar. Təəssüf ki, Zöhrəvəndin açıqlaması siyasi mövqe nümayişindən daha çox populizm, sarsaqlıq və reallıqdan uzaq təhdid ritorikası təsiri bağışlayır. 

Screenshot_3.png (590 KB)

Maraqlıdır ki, Azərbaycana qarşı bu qədər yekə-yekə danışanlar öz ölkələrinin son illərdə üzləşdiyi təhlükəsizlik problemləri barədə danışmağa gələndə susmağa üstünlük verirlər. İranın daxilində baş verən hadisələr, ard-arda yaşanan təhlükəsizlik böhranları, yüksək vəzifəli şəxslərin hədəfə çevrilməsi fonunda başqa ölkələri hədələmək ən azı qəribə görünür. Öz evindəki problemləri həll edə bilməyənlərin qonşulara barmaq silkələməsi heç vaxt ciddi qəbul edilməyib.

Azərbaycan isə bu cür boş və məsuliyyətsiz bəyanatlarla qorxudulacaq dövlət deyil. 30 ilə yaxın işğalla üzləşmiş, torpaqlarını öz gücü hesabına azad etmiş, regionda yeni geosiyasi reallıq yaratmış bir ölkəyə qarşı təhdid dili işlətmək yalnız həmin təhdidi səsləndirənin siyasi səviyyəsini ortaya qoyur.

İran rəsmiləri, xüsusilə də parlament tribunasından danışan şəxslər əvvəlcə Azərbaycanın illərdir cavab gözlədiyi suallara aydınlıq gətirsinlər.

İşğal dövründə Azərbaycan torpaqlarında qanunsuz iqtisadi fəaliyyətlə bağlı iddialar niyə bu günə qədər cavabsız qalıb?

44 günlük Vətən müharibəsi zamanı Azərbaycana qarşı sərgilənən qərəzli münasibət nə ilə izah olunur? Ermənistanla hərbi əməkdaşlığın genişləndirilməsi və silah tədarükü hansı məqsədə xidmət edir? Bu sualların cavabı yoxdur, amma əvəzində təhdidlər var. 

Iranian_Parliament_2.jpg (284 KB)

Ən təhlükəlisi isə budur ki, belə açıqlamalar iki qonşu xalq arasında münasibətlərə zərbə vurur. Azərbaycan xalqı İran xalqına düşmən münasibət bəsləmir. Lakin Azərbaycan dövlətini və xalqını təhqir etməyə, hədələməyə çalışan hər kəs bilməlidir ki, belə ritorika nə hörmət qazandırır, nə də siyasi nəticə verir.

Zöhrəvəndin bəyanatı bir daha göstərir ki, bəzi siyasətçilər reallıqdan qoparaq hələ də keçmişin təhdid dili ilə danışmağa çalışırlar. Ancaq region dəyişib, güc balansı dəyişib, siyasi reallıqlar dəyişib. Bu gün Azərbaycana qarşı hədə-qorxu dili ilə danışanlar anlamalıdırlar ki, qarşılarında zəif və müdafiəsiz dövlət deyil, öz maraqlarını qorumağı bacaran güclü və suveren Azərbaycan dövləti dayanır.

Cavanşir Abbaslı
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR