İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın dinc qalmayan dili - Tehranın üslubu düzəlmir

1015 15.09.2023 12:39 Siyasət A A

İran “sərhədlərin dəyişdirilməsini qəbul etmirik” deyəndə, daha çox Zəngəzur dəhlizi ilə bağlı mövqeyini ifadə edir

İran hesab edir ki, Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurma yaxın gələcəkdə baş verməyəcək. Bunu İranın müdafiə naziri Məhəmməd Rza Aştiani deyib. “Biz Qafqazda müharibə olmayacağına inanırıq və bu məsələdə İran İslam Respublikasının mövqeyini açıq şəkildə bəyan etmişik”, - deyə “Tasnim” agentliyi onun sözlərini sitat gətirir: “Biz dövlətlər arasında sərhədlərin dəyişdirilməsini qəbul etmirik, lakin yaxın gələcəkdə bölgədə ciddi qarşıdurma olmayacağına inanırıq”. 

Yada salaq ki, İran “sərhədlərin dəyişdirilməsini qəbul etmirik” deyəndə, daha çox Zəngəzur dəhlizi ilə bağlı mövqeyini ifadə edir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani isə mətbuat konfransında deyib ki, İran şimal qonşuları ilə ortaq sərhədlərinin təhlükəsizliyinə böyük əhəmiyyət verir. O, həmçinin qeyd edib ki, İran beynəlxalq səviyyədə tanınmış sərhədlərdə istənilən dəyişikliyə qarşıdır. XİN rəsmisi bir ovuc erməni toplumunun hüquqlarının qorunmasından da dəm vurub.

İrana Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyinin konkret çərçivədə təmin edilməsinin nə dəxli var? Məgər Qarabağ İran sərhədindədir? Üstəlik, İran 30 milyon azərbaycanlı da daxil, ölkəsində “xalqlar koloniyası” yaradıb, hansı haqla başqa ölkədə məskunlaşmış toplumun qayğısını çəkir?

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov İran tərəfin səmimiyyətinə inanmır: “Çox təəssüf ki, İran rəsmilərinin verdikləri bəyanatların ciddiliyini qəbul etmək mümkün deyil. Onların sözlərinə güvənmək mümkün deyil. Azərbaycan hakimiyyəti bu dövlətin xarici siyasətindəki "incəlikləri" çox yaxşı bilir.

Baxın, İran Qarabağ torpaqlarımızın erməni işğalı altında olduğu dövrdə bizə qarşı nə qədər rüsvayçı oyunlar oynadı? Otuz il ərzində Qarabağda işğal altında olan yaşayış məntəqələrimiz məhz yüzlərlə İran şirkətləri tərəfindən talan edilib. Bunu İran rəsmiləri bilmirdimi? Əksinə, bu şirkətlərin fəaliyyətini stimullaşdırırdılar. İran 44 günlük Qarabağ savaşında torpaqlarımızın işğaldan azad olunmasını həzm edə bilmirdi. Münaqişə illərində və ondan sonra Qarabağdakı erməni separatçılarına silah-sursat, yanacaq daşıyan da məhz İran idi. Onlar bu gün də eyni əməllərlə məşğuldurlar.

Fikrət Yusifov: Müharibələrin və terrorun ali məqsədi - İqtisadi maraqlar

İran rəsmiləri davamlı olaraq sərhədlərin dəyişməsinin mümkünsüzlüyündən danışırlar. Azərbaycanın iki yerə bölünməsinin müəlliflərindən biri olan bu molla dövləti indi beynəlxalq ədalətdən, beynəlxalq normalardan danışır. Gəlin özümüzü aldatmayaq, İran əhalisinin 70%-dən çoxu bilavasitə Azərbaycan türkləridir. Bu qədər soydaşımızın bütün hüquqlarını yüz illərdir ki, ayaqlar altına atmış bir dövlətin Qarabağ torpaqlarımızda yaşayan və əksəriyyəti separatçı olan bir ovuc erməni toplumunun hüquqlarının qorunmasından dəm vurması ölçüyə gəlməyən bir həyasızlıqdır.

Son günlər Ermənistanla Azərbaycan arasındakı qarşıdurmada bizə qarşı mövqeyini bir qədər “yumşaldan” İran dövlətinin bu addımları da səbəbsiz deyil. Ermənistan bölgəyə ABŞ hərbiçilərini gətirib və onların iştirakı ilə bölgədə təlimlər keçir. Qardaş bildiyi Ermənistanın bu addımları İranı bərk əndişələndirib. İran ABŞ-ın hər hansı bir formada onun sərhədlərinə yaxınlaşmasından “ilan vuran ala çatıdan qorxan kimi” qorxur. Bu səbəbdən də son günlər İranın bizə qarşı münasibətində müəyyən “yumşalma” hiss olunur. İran kimi ikiüzlü xarici siyasət sərgiləyən bir dövlətin heç bir sözünə inanmaq olmaz.

Zəngəzur dəhlizinə gəlincə... Bu, nə İranın, nə də Ermənistanın istəyindən asılı olmayan məsələdir. Bütövlükdə Zəngəzurun İrana heç bir aidiyyəti yoxdur. Bu ərazi Sovet İttifaqının rəhbərliyi tərəfindən sonradan ermənilərə qanunsuz şəkildə verilmiş Azərbaycan torpaqlarıdır..."

Ermənistana qarşı daha bir məhkəmə-təzminat tələbi

Şəhla Cəlilzadə 

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə bildirdi ki, İranla Azərbaycan hazırda çox kövrək bir normallaşma prosesi içərisindədir: “Bu il yanvar ayının 27-də Tehrandakı səfirliyimizə edilən hücumdan sonra səfirliyin bağlanması, ardından yaşanan bir sıra proseslər ikitərəfli münasibətləri tarixin ən aşağı səviyyəsinə endirmişsə də, İran tərəfindən edilən cəhdlərlə bir normallaşma prosesinə start verilib. İran tərəfi Azərbaycan səfirliyinin maksimum qorunacağı vədləri verməklə onun təkrar açılmasına dəvət edir. Bugünlərdə isə İran XİN "Qarabağ Azərbaycanın bir hissəsidir" açıqlaması verməklə Azərbaycana dəstək mövqeyi ifadə edib. Əslində bu, İranın hər zamankı mövqeyidir. Hətta 44 günlük Vətən müharibəsindən öncə də İran rəsmi olaraq bu mövqeyi səsləndirib, məsələn, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Baqeri 2019-cu ildə eynən bu fikri səsləndirmiş, Qarabağı Azərbaycan ərazisi kimi tanıdıqlarını bildirmişdi. İranın regiona ənənəvi baxışı var və bu baxış regionda sərhədlərin dəyişilməzliyi, regional “status-kvo”nun qorunub saxlanması, “3+3" regional əməkdaşlıq formatının gücləndirilməsi ilə bağlıdır. Lakin çox paradoksal olsa da, İran tərəfindən irəli sürülən tezislər və mövqelər sözdə qalır və real nəticələr doğurmur. Məsələn, İran Azərbaycanın ərazi bütövlüyünü hər zaman tanıdığını bildirsə də, Ermənistana qarşı sərt mövqe ortaya qoymur, əksinə, Ermənistanla əməkdaşlığı daima genişləndirir. Hələ 2022-ci ilin oktyabrında Ermənistan Aİ müşahidəçilərini ölkəyə dəvət edəndə "İran regionda istər Ermənistan, istərsə də Azərbaycan ərazisində xarici təmsilçilərin olmasına qarşıdır" fikri səsləndirilmişdi. Lakin artıq 1 ildir ki, Aİ təmsilçiləri oradadır və İranın qarşı mövqeyi heç bir yeni reallıq yaratmayıb. Ermənistanın ABŞ ilə birgə hərbi təlimləri zamanı da İran buna qarşı olduğunu açıq şəkildə səsləndirdi. Lakin təlimlər keçirildi. O cümlədən İran Cənubi Qafqazda daxili qarşıdurmalara, sərhəd dəyişikliklərinə qarşıdır və bu barədə mövqe açıqlamaları edir. Azərbaycanla Ermənistan sərhədində 2020-ci ildən bəri yaşanan hər hansı gərginlik zamanı da bənzər açıqlamaları eşidirik, İran-Ermənistan sərhədinin “qırmızı xətt” olması ilə bağlı, yəni Zəngəzur dəhlizinin açılması əleyhinə  açıqlamalar da bir ara səngimədi. Lakin bu açıqlamalarla region dövlətlərinin mövqeləri tənzimlənmir. Görəsən, İranda Qərbə yönəlməkdə olan, ABŞ-la birgə hərbi təlimlər keçirən Ermənistana qarşı “Bu bizim qırmızı xəttimizdir” şəklində bir rəsmi mövqe ifadəsi edilsəydi, Ermənistanda bunu necə qarşılayardılar?! Təbii ki, hər bir dövlət öz milli maraqları aspektindən məsələyə yanaşır və müvafiq davranış sərgiləyir. Azərbaycanla Ermənistan arasında hər hansı bir eskalasiya olacaqsa, bunun qarşısını İran ala bilməz, yaxud əksinə. O cümlədən ölkəsində milyonlarla etnik qrup nümayəndələrinin haqlarını tapdalayan bir dövlətin başqa bir dövlət ərazisində mövcud etnik azlıqla bağlı fikir səsləndirməsi olduqca irrasionaldır. Amma nəzərə alsaq ki, hətta uzaq Qabon ölkəsi də Qarabağdakı vəziyyətlə bağlı “narahatlıq” ifadə edir, regiona aid olan və olmayan ölkələr, onlardan tələb olunan və ya olunmayan anlarda “mövqe” səsləndirirlər. Bu da hazırkı beynəlxalq nizamın (o cümlədən regional nizamın) əslində nizamsızlığından irəli gələn tendensiya olaraq qiymətləndirilə bilər".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR