İnsanlara hürriyət, millətlərə istiqlal!

İrandan Ermənistanı məyus edən addım - yeni Bakı-Tehran anlaşmaları

1186 09.12.2021 09:30 Siyasət A A

Şimal-Cənub dəhlizi üzrə Azərbaycanla əməkdaşlıq genişlənir; deputat: “Bu dəhlizin işə düşməsi hər iki ölkəyə böyük fayda gətirəcək”

İranla Azərbaycan arasında iqtisadi əlaqələr yenidən canlanmaqdadır. İki gün əvvəl iki ölkə rəsmiləri Astaraçay üzərində avtomobillər üçün yeni körpünün tikintisinə dair razılıq əldə edib. İranın yol və şəhərsalma nazirinin müavini, ölkənin nəqliyyat infrastrukturunun tikintisi və inkişaf etdirilməsi şirkətinin baş direktoru Xeyrullah Xademi deyib ki, körpünün tikintisi iki ölkə arasında nəqliyyatın gediş-gəlişinin və beynəlxalq tranzitin artırılması məqsədilə həyata keçirilir: “Dekabrın 7-də Astarada İran və Azərbaycan rəsmilərinin müştərək iclası keçirildi. İclasda qərara alındı ki, Astaraçay üzərində dəmir yolu körpüsünün yanında avtomobillərin gediş-gəlişi üçün yeni körpü tikilsin. Körpü 15 ay müddətində tikiləcək”.

Onun sözlərinə görə, 4 zolaqlı körpünün uzunluğu 97 metr və eni 32 metr olacaq: “Körpünün tikintisinə İran və Azərbaycan müştərək sərmayə yatıracaq. Bugünkü iclasda podratçı şirkətin müəyyənləşməsi və layihənin maliyyələşməsi ilə bağlı müzakirə aparıldı. Yaxın günlərdə İranın yol və şəhərsalma naziri Rüstəm Qasiminin Azərbaycan rəsmiləri ilə müştərək iclası olacaq və həmin iclasda layihəyə dair saziş imzalanacaq”.

Xademi qeyd edib ki, iclasda həmçinin Astara dəmir yolu yük terminalının problemləri ilə bağlı müzakirə aparılıb və qərara alınıb ki, yük terminalı daha da təkmilləşdirilsin.

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib ki, İran və Azərbaycan arasında iqtisadi və siyasi münasibətlər həmişə qardaşlıq və yaxşı qonşuluq prinsiplərinə söykənib: “Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun tikintisi bu müştərək əlaqələrin aşkar və uğurlu bir nümunəsidir. Azərbaycan Astaraçay üzərində avtomobillər üçün yeni körpünün tikintisində maraqlıdır və bunun üçün hazırdır”.

Azərbaycan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizində mühüm ölkə olacaq  - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan və İran rəsmiləri Astara-Astara dəmir yolu körpüsünün yaxınlığında tikiləcək yeni avtomobil körpüsünün yerinə və İranın Astara şəhərində yerləşən dəmir yolu terminalına baxış keçiriblər.

Qeyd edək ki, İranla dəmir yolu və avtomobil yolu əlaqəsinin genişləndirilməsi Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi çərçivəsində həyata keçirilir. Bu layihə əsasən Hindistandan və İran Körfəzi regionundan yüklərin Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə çatdırılmasına hesablanıb. Şimal-Cənub Tranzit Dəhlizinin digər marşrutlarla müqayisədə əsas üstünlüyü tranzit məsafəsinin və tranzit vaxtının iki-üç dəfə az olmasıdır. Əgər dəniz yolu ilə daşıma İran körfəzi və Hind Okeanı, Süveyş kanalı, Aralıq Dənizi, Baltik Dənizindən keçərək Helsinki şəhərinə 45-60 gün ərzində daşıma müddəti təşkil edirsə, Şimal-Cənub Tranzit Dəhlizi ilə bu müddət 20-25 gün təşkil edir.

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Azərbaycan və İran dəmir yollarının birləşdirilməsinə dair işlər görülür. Azərbaycanın Astara stansiyasından İranın Astara şəhərinə qədər dəmir yolu artıq inşa edilib. Eyni zamanda Azərbaycan İran Astarasında yük terminalı inşa edir. 2017-ci ildən inşasına başlanan Astara terminalı, İranın Astara şəhərində 35 hektar ərazidə, Azərbaycan-İran sərhədindən 1,4 km aralıqda yerləşir. Tikintisi “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən aparılan Astara terminalı 25 il müddətinə Azərbaycana icarəyə verilib. Astara terminallar modulunun inşaat işləri davam etməsinə baxmayaraq, artıq terminalın bir neçə modulu hazırdır və 2018-ci ilin əvvəlindən burada yükaşırma əməliyyatları həyata keçirilir. Astara terminalında yükaşırma əməliyyatları “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC tərəfindən aparılır. 2020-ci ildə Astara terminalında aşırılan yüklərin ümumi həcmi 422 100 ton və ya 8918 vaqon təşkil edib ki, bu da 2019-cu illə müqaisədə 16 faiz çoxdur. Belə ki, 2019-cu ildə Astara terminalında aşırılan yüklərin ümumi həcmi 363 842 ton təşkil edib. Orta hesabla 2020-ci il ərzində Astara terminalında gündəlik aşırılan yüklərin həcmi 1384 ton və ya 29 vaqon təşkil edib.

Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Astara yük terminalından keçən yüklərin əksəriyyəti Rusiya və İrana aiddir. 2020-ci ildə buradan keçən yüklərin 75 faizi Azərbaycan ərazisindən nəql edilən tranzit yüklərin payına düşüb.

Dəhlizin tam fəaliyyətə başlaması üçün İran və Azərbaycan dəmir yollarının tam birləşdirilməsi lazımdır. İran tərəfi artıq Qəzvin-Rəşt dəmiryol xəttinin çəkilişini başa  çatdırıb. Bu xəttin Azərbaycan dəmir yolu ilə birləşməsi üçün 167 km uzunluğunda Astara-Rəşt dəmir yolunun tikintisi vacibdir. Bunun üçün 2017-ci ildə Azərbaycan tərəfi İrana 500 milyon dollar kredit ayırmaq barədə qərar qəbul etmişdi. Lakin 2018-ci ildə İrana qarşı ABŞ sanksiyalarının tətbiqi problemlər yaradıb və kredit prosesinin dayanmasına səbəb olub. Bu ilin iyununda İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan mətbuatına bildirib ki, texniki xarakterli bu problemlərin həlli ilə bağlı Prezident İlham Əliyevlə görüşündə də müzakirələr aparılıb. Hazırda İran tərəfi öz vəsaiti hesabına yolun tikintisini davam etdirir, lakin proses ləng gedir.

Dəhliz üzrə bütün işlər yekunlaşandan sonra Skandinaviya ölkələri, Rusiya, Azərbaycan və İranın dəmir yolları bir şəbəkədə birləşəcək və Şimaldan İran körfəzinə qədər vahid dəmir yolu formalaşacaq.

Astarada yeni avtomobil körpüsünün inşası Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində avtomobil daşımalarında da İranın Azərbaycan ərazisində istifadə edəcəyini göstərir. Bundan əvvəl İranın Yollara Texniki Xidmət və Nəqliyyat üzrə Təşkilatının (RMTO) Beynəlxalq Tranzit və Daşımalar İdarəsinin Baş direktoru Cavad Hedayəti bildirib ki, İran, Azərbaycan və Gürcüstan Fars körfəzini Qara dənizə birləşdirən tranzit marşrutunun yaradılması üzrə razılığa gəliblər. İran rəsmisinin sözlərinə görə, Azərbaycan və Gürcüstanla (avtomobil nəqliyyatı ilə bağlı) iki görüş keçirilib, iki ölkəyə regional yaxınlaşma üçün yeni tranzit dəhlizinin yaradılması təşəbbüsü təklif olunub: “Əlbəttə, bu plan artıq səkkiz il əvvəl təklif edilib, lakin bir çox ölkələrin bu sazişə cəlb olunması səbəbindən hələ də həyata keçirilməyib və tərəflər konsensus əldə edə bilməyib. Bu yeni marşrutun yaradılması Fars körfəzini Qara dənizə birləşdirə bilər. Gürcüstan və İran sazişin iki əsas tərəfidir, çünki İran Fars körfəzi vasitəsilə sərbəst sulara bağlıdır və Gürcüstan isə Qara dənizin şərqində iki mühüm ticarət limanına malikdir. Digər tərəfdən, Gürcüstan və Azərbaycan öz nəqliyyat infrastrukturunu yaxşılaşdırmaq və inkişaf etdirmək üçün böyük səylər göstəriblər, ona görə biz bu iki ölkə ilə əməkdaşlığı artırmağa çalışdıq”.

İran və Azərbaycan arasında yükdaşıma-tranzit xərclərinin azaldılması  ticarətin inkişafı ilə nəticələnəcək – İranlı rəsmi (ÖZƏL)

Cavad Hedayəti

Cavad Hedayəti müqaviləyə əsasən qeyd edib ki, ilk növbədə, yaxın 4 ay ərzində İran mallarının Astara sərhədindən Azərbaycana, həmçinin Gürcüstanın Qara dənizdəki limanları vasitəsilə Bolqarıstana və ya digər Şərqi Avropa ölkələrinə çatdırılması üçün İrandan bəzi pilot yüklər göndəriləcək: “Biz bu layihənin pilot mərhələsini cari (İran təqvimi) il sonunadək (2022-ci ilin martın 20-dək) həyata keçirməyə çalışırıq ki, maneələr və problemlər müəyyən olunsun və nəhayət, üç ölkə arasında göndərmə xərclərini və vaxtı azaltmaq üçün mexanizmin yaradılması ilə bağlı yekun üçtərəfli görüş keçirilsin”.

Xatırladaq ki, uzun illərdir Hindistandan gələn yüklərin İran üzərindən Ermənistan ərazisi ilə Gürcüstana, oradan da Bolqarıstan və Avropaya çatdırılması planı müzakirə olunur. Bu payız İran-Azərbaycan münasibətlərində gərginləşmə yaranan zaman Ermənistan tərəfi təkidlə layihənin dirçəldilməsinə çalışdı. Bu zaman ermənilər layihə çərçivəsində öz ərazilərindən keçəcək dəyəri 2 milyard dollar qiymətləndirilən magistral avtomobil yolunun tikintisini İranın üzərinə qoymağa çalışdılar. İran tərəfi yolun tikintisinə dəstək verəcəyini açıqlasa da, real addımlar hələ də atılmayıb. Astarada avtomobil yolu ilə daşımaların artırılması üçün körpü tikilməsinə dair qərar, həmçinin İran tərəfinin açıqlamaları göstərir ki, Ermənistanla dostluq nə qədər dərin olsa belə, Tehran öz iqtisadi maraqlarını daha üstün tutur. İran Hindistandan axını başlayacaq yükləri Ermənistan ərazisində infrastruktur yarananadək gözlətmək deyil, Azərbaycanın təklif etdiyi və kiçik təkmilləşməyə ehtiyac duyulan hazır infrastrukturdan istifadə etməyə üstünlük verdi.

Artıq “Vahid elektron lövhə” tətbiqi bu problemi həll edəcək” – Vüqar  Bayramov » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı

Vüqar Bayramov

İqtisadçı-alim, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun “Yeni Müsavat”a dediyinə görə, İran Azərbaycanın regionda əsas ticarət tərəfdaşlarından biridir: “İki ölkə arasında strateji münasibətlər inkişaf edəcəyi təqdirdə həm qarşılıqlı ticarətdə, həm turizm mübadiləsi sahəsində böyük nailiyyətlər əldə edilə bilər. Şimal-Cənub nəqliyyat dəhlizinin işə salınması istiqamətində iki ölkə arasında yaxşı əməkdaşlıq əlaqələri var. Bu əlaqələr imkan verir ki, dəhlizin tezliklə fəaliyyətə başlaması təmin olunsun. Bu isə hər iki ölkə üçün böyük faydalar gətirəcək: həm tranzit yükdaşımalar, həm də öz məhsullarını dünya bazarlarına çıxarmaq baxımından”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR