İnsanlara hürriyət, millətlərə istiqlal!

“İranda milli qarşıdurmalara rəvac verilə bilər...” – Politoloq Güneyin taleyi haqda

812 02.03.2026 15:03 Ölkə A A

İran yeni və son dərəcə kritik bir mərhələyə daxil olub. Ali dini liderin öldürülməsindən sonra ölkədə müvəqqəti rəhbərlik şurası formalaşdırılıb. İranla bağlı gedən proseslər fonunda və nəticəsində Güney Azərbaycanın taleyi necə olacağı isə aktual və dünyada yaşayan azərbaycanalıları maraqlandıran suallardandır.

İranla bağlı proses Güney Azərbaycan məsələsini də gündəmə gətirə və ya Güneydə 1945-ci il hadisələrinə oxşar proses başlana bilərmi?

Politoloq Oqtay Qasımov Musavat.com-a bildirib ki, İrandakı hazırkı vəziyyətlə 1945-ci ildəki vəziyyət fərqlidir: “O zaman ikinci dünya müharibəsi nəticəsində İrana ən azı iki dövlət tərəfindən nəzarət olunurdu. Ölkənin şimal hissəsini SSRİ, cənub hissəsi isə Böyük Britaniya nəzarətə almışdı. Ozamankı İran şahı Rza Pəhləvinin Hitler Almaniyası ilə yaxın münasibətləri də məhz Rusiya və Böyük Britaniyanı bu addımı atmağa sövq etmişdi. Şübhəsiz ki, həm Güney Azərbaycanda, həm də İranın Kürdüstan vilayətində baş verən hadisələr, milli-demokratik hərəkat uğurla nəticələnmişdi və müəyyən qədər də SSRİ-nin dəstəyi ilə orada Azərbaycan Muxtariyyəti yaradılmışdı”.

Politoloq daha sonra qeyd edib ki, bugünkü proseslərə baxdığımızda İranın parçalanmasının hələlik real olduğu müşahidə edilmir, İrana müdaxilə edən ölkələrin də ən azından bu gün belə bir planının olduğu görünmür: “İndiki savaşın əsas məqsədi İranda teokratik rejimin dəyişməsi göstərilir və hazırkı hakim elitanın sıradan çıxarılması əsas məqsədlərdən biridir. Güney Azərbaycan məsələsi ilə bağlı konkret vəziyyət, mövqe bir müddət sonra bilinə bilər. İran çoxmillətli dövlətdir, orada 70-dən artıq millət yaşayır, onların da hamısının hüquqları pozulub. Əksəriyyəti də milli azadlıq mübarizəsi aparmaqdadır.

Güney Azərbaycanda da insanlar təbii ki, özlərinin haqq və hüquqlarının təmin olunmasını istəyirlər. Bir müddət öncə baş verən etiraz aksiyalarında da soydaşlarımızın mövqeyi ortada idi. Onlar sadəcə olaraq, hansısa qlobal böyük gücün əlində alətə çevrilmək istəmirlər. Soydaşlarımızın taleyi əlbəttə ki, hər birimizin diqqətindədir. Azərbaycan dövləti bu məsələyə həssas yanaşır. İranda bütün proseslərin dinc yolla getməsini istəyən mövqe qoymuşuq. Amma bizim istəyimizdən asılı olmayaraq İranda çox ciddi proseslər getməkdədir və proseslərin soydaşlarımıza da təsir göstərdiyi, göstərəcəyi şübhəsizdir. Qlobal güclərin mövqeləri əsas rol oynayacaq. Hələlik isə bu mövqelərə baxdığmızda İranın bölünməsi və parçalanması ilə bağlı hansısa mövqe ifadə olunmur”.

O.Qasımova görə, sözügedən məsələyə münasibətdə ABŞ-nin öz baxışı, İsrailin öz baxışı var: “Hansısa məqamda etnik-milli qarşıdurmalara da rəvac verilə bilər. O zaman İranda çox ciddi şəkildə xaos yaşanar. Amma bütün hallarda İranda rejim dəyişəcəksə və ya yumşalacaqsa, biz çox istəyirik ki, orada bizim soydaşlarımızın hüquqları təmin olunsun, onlar İranda tamhüquqlu vətəndaş kimi öz dillərində təhsil almaq, danışmaq, yazmaq və digər bu kimi fundamental hüquqları təmin olunsun. Öz taleləri ilə bağlı qərarı Cənubda yaşayan soydaşlarımız verməlidir”.

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR