İnsanlara hürriyət, millətlərə istiqlal!

İran-Türkiyə razılaşdı - Bakı da uduşda...

1901 17.11.2021 08:20 Siyasət A A

Oqtay Qasımov: “Münasibətlərinin yaxşılaşması 3+3 formatda əməkdaşlıq modelinin reallaşmasına gətirib çıxara bilər”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun İrana rəsmi səfərində bir sıra mühüm razılaşmalar əldə edilib. İranın xarici işlər naziri Əmir-Abdollahian bildirib ki,  görüşdə hər iki tərəf müxtəlif regional və beynəlxalq məsələlərlə bağlı faydalı müzakirələr aparılıb.

“Görüşdə iqtisadi və ticarət əməkdaşlığının inkişaf etdirilməsi, energetika sahəsində əməkdaşlığın genişləndirilməsi, tranzit daşımalarının asanlaşdırılması, transsərhəd ticarətin və konsulluq məsələlərinin müzakirəsi aparılıb və biz əməkdaşlığın sürətləndirilməsi üçün heç bir ciddi maneə görmürük”, - deyə Əmir-Abdollahian qeyd edib. İran və Türkiyənin uzunmüddətli əməkdaşlıq üçün yol xəritəsi hazırlamaq barədə razılığa gəldiklərini deyən İranın xarici işlər naziri Əmir Abdollahian Türkiyə prezidenti Ərdoğanın Tehrana nəzərdə tutulmuş səfəri zamanı anlaşmaların başa çatdırılacağını bildirib.

Mövlud Çavuşoğlu isə hər iki tərəfin İran və Türkiyə arasında 7-ci Ali Əməkdaşlıq Şurasının hazırlanmasını müzakirə etdiyini, İran tərəfinin təklifi əsasında bu şuranın kuluarlarında iki ölkə arasında uzunmüddətli yol xəritəsinin hazırlanacağını və imzalanacağını da söyləyib. "Biz həmçinin qeyri - qanuni immiqrasiya, qaçaqmalçılıq və sərhəd problemləri də daxil olmaqla, müxtəlif məsələləri müzakirə etdik", - deyə o əlavə edib. "Hazırda iki ölkə yalnız ikitərəfli məsələlər üzrə deyil, həm də Əfqanıstan, İraq və Cənubi Qafqaz regionunda sabitlik kimi regional məsələlərdə əməkdaşlıq edir və biz təklif olunan 3+3 formatı çərçivəsində İranla əməkdaşlıq etməyə hazırıq".

O, həmçinin Vyanada danışıqların bərpasını da qeyd edib. “SVPD-ni tərk edənlər sazişə qayıtmalı və İrana qarşı birtərəfli sanksiyaları ləğv etməlidirlər”.

Qardaş Türkiyə ilə İranın yaxınlaşması, 3+3 və ya altılıq formatının işləməsindən Azərbaycan da qazanclı çıxacaqmı? Regionda Türkiyə artıq balanslaşdırıcı gücə çevrilib və bunu Tehran da qəbul etməkdədirmi?

Oqtay Qasımov: “Türkiyə dəfələrlə ABŞ-a xəbərdalıq etdi, sonda özü hərəkətə  keçdi” -

Oqtay Qasımov 

Siyasi şərhçi Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Türkiyə xarici işlər nazirinin İrana səfəri həm iki arasında münasibətlər baxımından, həm də bölgədəki proseslərin inkişafı baxımından əhəmiyyətli hadisə sayılır. Bu görüşdən sonra hər iki tərəfin verdiyi açıqlamalarda xeyli nikbin notlar var və bunlar təbii ki, yaxşı haldır: “Amma nəzərə almaq lazımdır ki, İranla Türkiyə arasında münasibətlər heç də göründüyü qədər hamar deyil. Bunun həm müasir dövrdə iki ölkə arasında bölgədə rəqabət baxımından, eyni zamanda onun müəyyən qədər tarixi köklərə dayanan rəqabətə söykənən kökləri var. Burada əsas önəmli olan Türkiyədən daha çox İranın Türkiyəyə olan münasibətidir. Türkiyənin bölgədəki mövqeyi və onun türk dünyasına yönəlik siyasəti ilə bağlı İran dövlətinin strategiyası ilə əlaqədar məsələlər də var. İran özü doktrinasında etiraf edir ki, Türkiyənin türk dünyası ilə əlaqələr qurmasına mane olmağa çalışıb. Amma artıq nəzərə almaq lazımdır ki, şərtlər dəyişib. İranın Türkiyəyə münasibəti dəyişəcəksə, həm sərhəddəki qaçaqmalçılıqla, həm qeyri-qanuni miqrantların İran ərazisindən Türkiyə sərhədlərinə buraxılması məsələsi ilə bağlı problemlər də həllini tapmalıdır. İran tərəfindən real konstruktiv addımlar atılmalıdır ki, Türkiyə ilə münasibətlər qaydaya düşsün. Digər tərəfdən, İran ən azı 30 il Ermənistanı dəstəkləyib, Ermənistanı ayaq üstə saxlayıb, keçənilki savaş zamanı və sonrakı dönəmdə də çox ziddiyyətli mövqelər ortaya qoyub və faktiki olaraq Ermənistana dəstəyini gizlətməyib. O cümlədən İran 10 noyabr üçtərəfli bəyanatının şərtlərinə görə açılmalı olan Zəngəzur dəhlizinin açılmasına qarşı çıxıb. Yəni bu cür məsələlər həm Türkiyə-İran, həm də Azərbaycan-İran münasibətlərə çox böyük zərbə vurur. O baxımdan əgər Türkiyə xarici işlər nazirinin Tehranda İran rəhbərliyi ilə görüşlərindən sonra verilən bəyanatlardakı fikirlərə əməl ediləcəksə, bu, çox müsbət hal, yaxşı başlanğıc olar”.

Ekspertin sözlərinə görə, İran-Türkiyə münasibətlərinin yaxşılaşması 3+3 formatda əməkdaşlıq modelinin real olaraq baş tutmasına, işləməsinə də gətirib çıxara bilər: “Bu formatın işləməsi həm Azərbaycanın, həm digər region dövlətlərinin, həmçinin İranın marağına uyğun olardı. Çünki bu formatın reallaşması Cənubi Qafqazda 6 dövlətin bir ciddi əməkdaşlıq formatının yaradılması deməkdir. Əməkdaşlıq və mehriban qonşuluq münasibətlərinin olduğu yerdə təbii ki, hər kəs qazanclı çıxar. O baxımdan Türkiyə ilə İranın əməkdaşlığının güclənməsi hər iki dövlətlə bərabər, həmçinin Azərbaycanın xeyrinə olacaq. İran Türkiyənin bölgədə sabitləşdirici faktor olduğunu qəbul etməyə başlayıb. Bu proses davam edərsə, bu, çox önəmli hadisə olar və hər kəs üçün faydası dəyər. Türkiyə prezidentinin İrana gözlənilən səfərində də qeyd olunan əməkdaşlıqla bağlı yol xəritəsi qəbul ediləcəksə, bu, hər iki tərəfin, həmçinin bütün bölgənin xeyrinə olacaq. Hər halda, ümid edək ki, İran verdiyi son bəyanatları əməldə də reallaşdırmaq xəttini yürüdəcək”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

   

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR