İnsanlara hürriyət, millətlərə istiqlal!

İran şər atır, biz sübut göstəririk - terror sponsoru, separatçı dəstəkçisi, narkobaronlar ölkəsi...

1654 07.10.2021 18:13 Gündəm A A

Postmüharibə dövründə İran özünü heç də dost, qonşu kimi aparmadı. Əksinə, regionda davamlı sabitliyin, sülhün mövcudluğunda qətiyyən maraqlı olmadığını əməli hərəkətləri ilə ortaya qoydu. Artıq belə qənaət yaranır ki, İran Qarabağın azadlığından pəjmürdədir, bu onun hansısa planlarını (aşağıda buna qayıdacağıq) alt-üst edib. Faktiki olaraq mənzərə belədir ki, Azərbaycanın Ermənistanın başına vurduğu dəmir yumruq deyəsən, Tehranın da “beynini silkələyib”...

Hər kəs regionda sülh, barışdan danışdığı bir vaxtda İran Azərbaycana qarşı şər-böhtan, gözdənsalma, təhdid kampaniyasına start verib.
Əlbəttə, real bir əsasları yoxdur, yalnız saxta iddialarla “hücuma” keçiblər.

Maraqlıdır, niyə? Səbəb nədir? Axı Azərbaycan İrana qarşı hər zaman səmimi və dostca davranıb. Heç zaman ona qarşı öz ərazisindən istifadəyə imkan verməyib, İİR-na qarşı proseslərdən uzaqda dayanıb, hətta sanksiyaların başladığı vaxtda birgə nəqliyyat layihəsi icra etmək riskinə də getmişdik.

Ancaq İkinci Qarabağ müharibəsində və ondan dərhal sonra İran nə etdi? Xankəndinə qanunsuz yüklər daşıdı, erməni separatçılarına yardım göstərdi.
Buna etirazımızı bildirən də isə daha biabırçı davranış səsləndirdilər. Qanunsuz hərəkətləri dayandırmaq, normal qonşuluq əlaqələri saxlamaq əvəzinə özünü “tin uşağı”, pis işinin üstü açılmış “inadkar”, “idealist” kimi apardı. Öz günahlarını ört-basdır etmək üçün bizi rəsmən şərləməyə başladılar. Çürük “sionist rejim” iddiasını ortaya atdılar. Guya Azərbaycan öz ərazisindən İran İslam Respublikasına qarşı plasdarm kimi istifadəyə razılıq verib. Bu, açıqca böhtan və Ermənistanla birgə özünün qanunsuz hərəkətlərinə siyasi, əslində “allı-güllü” don geyindirmək cəhdindən başqa bir şey deyil.

Bu məsələyə Azərbaycanın birinci şəxsi səviyyəsində reaksiya verildi.

Prezident İlham Əliyev 4 oktyabrda Cəbrayıl rayonunda çıxışında İrandan sübut və fakt tələb etdi. Sitat: “Biz xoş niyyət göstəririk. Amma bu, o demək deyil ki, biz özümüzə qarşı əsassız ittihamları qəbul edəcəyik. Mən bunu burada – Cəbrayılda, bax, burada Araz çayının kənarında deyirəm, Azərbaycan xalqına və bütün dünyaya, bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq. Biz bu ittihamları rədd edirik, qəbul etmirik və sübutlar tələb edirik. Bilirsiniz, bu yaxınlarda İranın hansısa əyalət mollası ağzını açıb Azərbaycana qarşı iftiralar uydurmuşdur. Mənə məlumat verildi, mən dedim ki, fikir verməyin. Hansısa əyalət mollasının sözləri ilə biz indi bu fikirlərə əhəmiyyət verəsi deyilik. O kimdir ki?! Sadəcə olaraq, əhəmiyyət verməyin. Amma sonra, əfsuslar olsun ki, rəsmi şəxslər bizə qarşı əsassız ittihamlar irəli sürməyə başlamışlar. Guya ki, Azərbaycan bu bölgələrə İsraili gətirib. Gözlərini açsınlar, görsünlər. Onlar İsraili burada harada görüblər?! Burada bir adam da yaşamır. Burada bir bina da yoxdur. Sübutlar var? Yoxdur. Sübutlar yoxdursa, hər kəs gərək dediyi sözlərə görə cavabdehlik daşısın. Biz imkan verə bilmərik ki, bizə qarşı kimsə əsassız iftira uydursun".
Cənab Prezident dünyanın ən ciddi siyasi liderlərindən biri olaraq İrandan fakt və sübut istədi. İran isə dünyanın ən qeyri-ciddi ölkələrindən biri olduğunu isbatlamaqdadır. Heç bir fakt və sübut göstərə bilmirlər. Çünki belə bir fakt, sübut yoxdur. Sadəcə, İran öz əyri əməllərini pərdələmək üçün böhtanla, şərlə belə bir rəy yaratmaq istəyir ki, guya biz İsraili ona qarşı bölgəyə gətirmişik, İran da buna görə Ermənistanla, separatçılarla əlaqə yaradır, “kompensasiya” edir.
Belə bir utanc duruma gətirib İran rəhbərliyi özünü.

Onlar İslamın 7 böyük günahından birini işləyirlər, qalib, haqlı Azərbaycana açıqca şər atırlar, öz əyri işlərini şirələmək üçün.


Amma biz İranın nə qədər səhvlər etdiyini, özünü dost kimi aparmadığını fakt və sübutlarla göstərə bilirik:


- Azərbaycan torpaqlarını işğalda saxlamış, regionda islam irsini məhv etmiş, məscidləri, dini ocaqları murdarlamış Ermənistanla “dost və qardaş” siyasəti aparıblar və aparmaqda davam edirlər;

- İranla sərhəd zonadakı Füzuli, Cəbrayıl, Zəngilan rayonlarında işğal dövründə ermənilərlə əlbir olaraq, yanacaq qarşılığında azərbaycanlıların evlərinin dam örtüyünü, darvazalarını, daşları söküb daşıyıblar;

- İşğal altındakı ərazilərimizdən narkotranzit kimi istifadə ediblər. Yeri gəlmişkən, bəzi təhlilçilər hesab edir ki, İranın indiki aqressiyasının bir səbəbi də Qarabağ azad olunandan sonra bu narkotranzitdən məhrum olmalarıdır. Azərbaycan artıq İranla sərhədlərinə tam nəzarət edir. Son aylarda isə Azərbaycanın müvafiq orqanları İrandan Azərbaycan vasitəsi ilə Avropaya, Asiyaya daşınması nəzərdə tutulan tonlarla narkotik vasitəni müsadirə edib.

e44736f9e8b46ba0931352eae2926446.jpg (184 KB)

Heç də inandırıcı deyil ki, İranda bu narkobaronlar özbaşınadır. Onları rəsmi dairələr dəstəkləyir, şərait yaradır, dövlət səviyyəsində. Yoxsa milyon tonlarla narkotik İrandan dünyaya yayıla bilməz!

- Birinci Qarabağ müharibəsində Ermənistanın blokadadan çıxarılması üçün düşmənə kömək ediblər;

- İkinci Qarabağ savaşı - 44 günlük müharibə zamanı İran ərazisindən Ermənistana maşın karvanları gedirdi. Humanitar yük adı altında silah daşınırdı. Müharibədən sonra isə Xankəndinə qanunsuz qanunsuz yük daşımaları da göz önündədir.

xankendi.jpeg (361 KB)

- İran faktiki olaraq Zəngəzur dəhlizinin açılmasına qarşı çıxır və bütövlükdə bölgənin inkişafına səbəb olacaq layihənin baş tutmaması üçün mümkün bütün təxribatları törətməkdədir.

                                                                                ***

İranın Azərbaycana qarşı digər böhtanı isə “bölgəyə terrorçuların gətirilməsi” haqda uydurmalardır. Bu şəri hətta İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın ölkəsinin birinci kanalına müsahibəsində də atıb. Bununla nəyə işarə etdikləri sirr deyil. Ermənistan və anti-Azərbaycan qüvvələr 44 günlük müharibə zamanı iddia edirdilər ki, guya Azərbaycan döyüşlərdə xarici muzdlulardan istifadə edir.
İran da bu xora qoşulub. Yeri gəlmişkən, müharibənin gedişində Nikol Paşinyana şərait yaratmışdılar ki, “İran” qəzetinə müsahibəsində bunu söyləsin. Həmin qəzetdə 2020-ci ilin oktyabrında Paşinyan iddia edib ki, “Qarabağda Azərbaycan tərəfdən terrorçu qruplar döyüşür və region ölkələri bundan narahat olmalıdır”.
Prezident İlham Əliyev xarici televiziyalara verdiyi müsahibələrində bununla bağlı dəfələrlə bəyanatlar verib və bu cür sərsəm iddialar səsləndirənlərdən bircə fakt tələb edib. Nə Fransa, nə Ermənistan, nə də digər hansısa ölkə və ya şəxs bir sübut da göstərə bilməyib. Ancaq Azərbaycan müxtəlif üsullarla və görüntülərlə sübut etdi ki, Ermənistan tərəfdən xeyli muzdlu döyüşüb. Hətta onlardan bəzilərinin barəsində Fransada cinayət işinin də başlanmasına nail olunub. İran bundan danışsın...

33322-1601382655.jpg (58 KB)

Bir halda ki, İran terrorçu məsələsindən belə narahatdır, onun diqqətinə çatdıraq ki, İİR dünyada ən böyük terror sponsoru kimi tanınır. PKK-nın ən radikal qollarından biri İran ərazisində fəaliyyət göstərir.

Bu faktlar beynəlxalq səviyyədə, hüquqi müstəvilərdə sübut olunub və nəticədə beynəlxalq sanksiyalar tətbiq olunub. Şərqdə böyük bir regionda – Suriya, Livan, Fələstin və s. fəaliyyət göstərən terror təşkilatların maliyyəsi, silahı və siyasi dəstəyi açıq-aşkar Tehrandan gəlir və bu bütün beynəlxalq səviyyələrdə təsdiqini tapmış faktdır.
Və sonda bir fakt da göstərək: 2018-ci ildə İrandakı bəzi dairələrin fitvası ilə Gəncədə terror hadisəsi törədildi. İranda beyni yuyulmuş, təlimatlandırılmış, terror düşərgəsində təlim keçmiş Yunis Səfərov və digərləri Azərbaycanı qarışdırmağa çalışdılar. Onların haradan təlimat alması istintaqla müəyyən edildi və barələrində məhkəmə hökmü – konkret sübut və dəlillər var...

gencehadiseleri.jpg (68 KB)

Eyni zamanda İran uzun illərdir ki, azərbaycanlıları dini təhsil adı altında Tehrana, Ərdəbilə, Quma aparır və orada şirnikləndirici üsullarla Azərbaycana qarşı yetişdirir. Belələrinin sayı onlarladır – onlardan bəziləri həbsdədir, bəziləri isə axtarışda...
İran bu ayıblarına kor olmalıdır, dinməməlidir, normal, ciddi dövlət olmağa qərar verməlidir.

Elşad MƏMMƏDLİ
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR