İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Putinin iqtisadi ittifaqına qoşulur-saziş hazırdı   

3637 22.10.2023 12:28 Siyasət A A

 

Avrasiya İttifaqının üzvlərinin sayının artması Qərb tərəfindən Rusiyanın tərəfdarlarının çoxalması kimi qəbul olunur və  Kreml də bu tip qavrayışa qarşı çıxmır...  

 

Avrasiya İqtisadi İttifaqı ilə İran arasında azad ticarət sazişinin 2023-cü ilin sonuna qədər imzalanması planlaşdırılır. Musavat.com BELTA-ya istinadən xəbər verir ki, bu barədə Belarus hökumətinin mətbuat xidməti məlumat yayıb.

Belarus hökumətinin Aİİ Şurasının iclasının yekunlarına dair bəyanatına əsasən, Aİİ və İran arasında azad ticarət sazişi layihəsi üzərində iş başa çatıb. İclasın gündəliyinə beynəlxalq əməkdaşlıq, o cümlədən texniki və gömrük tariflərinin tənzimlənməsi sahəsində 33 məsələnin daxil olduğu deyilir. 

15587768_0_0_1440_1080_1920x0_80_0_0_3ecd43785f54e1aab9ef45acaacb7610.jpg (258 KB)

İranın  Avrasiya İttifaqı ilə azad ticarət zonası yaradacağı ilə bağlı danışıqlar hələ 2017-ci ildən başlayıb. 2018-ci ildə Avrasiya İqtisadi İttifaqı və İran Astanada keçirilən iqtisadi forum zamanı azad ticarət zonası haqqında müvəqqəti saziş imzaladılar. Sazişə ilkin malların siyahısı daxil edildi.  Sazişin əhatə dairəsi qarşılıqlı ticarətin həcminin 50 faizini təşkil edirdi. Avrasiya İttifaqı Şurasının İrəvanda keçirilən genişləndirilmiş iclasında  İranın o vaxtkı prezidenti Həsən Ruhani də iştirak etmişdi. 

 2022-ci ildə isə  İranla Avrasiya İttifaqı arasında azad ticarət zonasının yaradılmasına dair razılıq əldə olunub. Bundan sonra İran parlamenti hökumətin Rusiyadan 5 milyard dollar kredit almasına icazə verilməsi haqqında qərar qəbul etdi.  Bu qərarın qəbul edilməsindən sonra İranın Avrasiya İttifaqına üzvlüyü məsələsi də gündəmə gəldi.

İddia olunurdu ki,  İran  Avrasiya İttifaqına tamhüquqlu üzv də ola bilər.  Ancaq bəllidir ki, İran iqtisadiyyatı Avrasiya İttifaqına üzv dövlətlərin iqtisadiyyatından xeyli fərqlənir. Avrasiya İttifaqında postsovet ölkələri cəmləşib və onların iqtisadiyyatları oxşar xüsusiyyətlərə malikdir. İran isə tamamilə başqa iqtisadi və siyasi sistemə malikdir. Bu baxımdan da İranın mövcud iqtisadi və siyasi sistemini Avrasiya İttifaqı sisteminə uyğunlaşdırmaq çox çətin məsələdir.

d7fcb52832bd09dbfa11a9a61bc5ef6c.jpg (76 KB)

 Avrasiya İqtisadi İttifaqına üzv ölkələr Belarus, Ermənistan, Qazaxıstan, Qırğız Respublikası və Rusiya Federasiyasıdır. Mahiyyət etibarilə bu ittifaq üzv ölkələrin bir-birindən qarşılıqlı iqtisadi səmərə görməsindən daha çox, Moskvanın postsovet məkanında nüfuz dairəsinin möhkəmlənməsinə hesablanıb. Bu səbəbdən, Avrasiya İttifaqının üzvlərinin sayının artması Qərb tərəfindən Rusiyanın tərəfdarlarının çoxalması kimi qəbul olunur və əslində Kreml də bu tip qavrayışa qarşı çıxmır. Əksinə, bu amilin Vaşinqtonla qarşıdurmada onun siyasi çəkisini artıran faktor olduğu fikrindədir. İran hələ üzvlük sazişi imzalamasa da, artıq buna çox yaxınlaşıb. “İslanmışın yağışdan nə qorxusu...”

Orxan ƏLİYEV,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR