İnsanlara hürriyət, millətlərə istiqlal!

İran nüvə müqaviləsindən çıxmasına İsrail və Rusiyadan reaksiya

3617 08.05.2019 20:15 Gündəm A A

Həsən Ruhani müqavilədə tərəf olan 5 ölkəyə müraciət etdi, 60 gün ərzində ciddi təklif olmasa İran nüvə fəaliyyətini bərpa edəcək

İranın nüvə anlaşması çərçivəsində maraqları qorunmasa 60 gün içində uranın zənginləşdirilməsi səviyyəsini yüksəldəcək. Bu barədə açıqlamanı İran prezidenti Həsən Ruhani ötən gün ABŞ-ın nüvə anlaşmasından çəkilməsinin bir illiyi ilə bağlı çıxışında bəyan edib.

Həsən Ruhani bildirib ki, İran nüvə anlaşmasında yer alan iki öhdəliyi dayandırır. Belə ki, nüvə anlaşmasının 26 və 36-cı maddələrində qeyd olunur ki, qarşı tərəf öhdəliklərə riayət etmədiyi təqdirdə anlaşma tərəfi müqavilə ilə bağlı öhdəlikləri dayandırma haqqına sahib olur. Ruhani deyib ki, nüvə anlaşmasındakı iki öhdəliyi dayandırmaları ilə bağlı digər ölkələri də məlumatlandırıb.

Nüvə anlaşmasına əsasən İran yalnız 300 kiloqram zənginləşdirilmiş urana sahib ola bilər, artıq qalanları isə müvafiq ölkələrə satmalıdır. Həsən Ruhani deyib ki, artıq Tehran artıq uranı satmayacaq. Eyni zamanda İran anlaşmaya əsasən yalnız 130 ton ağırlaşdırılmış su saxlaya bilər. Daha artıq qalan su isə digər ölkələrə satılırdı. Artıq İran ağır suyu da satmağı dayandıracaq.

Xatırladaq ki, BMT-nin də vasitəçiliyi ilə 2015-ci ildə İran və “altılıq” ölkələri (BMT TŞ-nin 5 daimi üzvü və Almaniya – K.R.) arasında “Əhatəli Ortaq Əməliyyat Planı” adlı anlaşma imzalanıb. Bu anlaşmaya əsasən İran yalnız dinc məqsədlər üçün yetəcək 3,67 faiz uran zənginləşdirmək hüququna malik olur və maksimum 300 kiloqram urana sahib ola bilər. daha artıq zənginləşdirilmiş uranı isə Tehran beynəlxalq bazarda sata və əvəzinə təbii uran ala bilər. eyni zamanda uran zənginləşdirilməsi üçün vacib olan ağır suyu da yalnız 130 ton həcmində saxlaya bilər.

Eyni zamanda anlaşmanın 26 və 36-cı maddələrinə əsasən embarqoların yenidən bərpa edilməsi və tərəflərdən birinin öhdəliyi yerinə yetirmədiyi halda İran nüvə anlaşmasındakı öhdəliklərin hamısından və ya bir qismindən çıxa bilər.
Həsən Ruhani mayın 8-də dövlət televiziyası ilə etdiyi çıxışında bildirib ki, anlaşmada iştirak edən digər ölkələrə İranın maraqlarını qoruyacaq addımlar atmaları üçün 60 gün müddət veriblər.

Sitat: “Əgər nüvə anlaşmasında iştirak edən tərəf ölkələrlə 60 gün ərzində danışıqlar masasında əyləşərsək və neft satışı, bank fəaliyyətləri mövzularında milli mənfəətlərimiz təmin olunarsa, bugünkü vəziyyətə geri dönə bilərik. Ancaq 60 gün ərzində 5 ölkə ilə bri nəticə əldə edə bilməsək, o zaman 3,67 faiz uran zənginləşdirmə ilə bağlı öhdəlikdən imtina edəcəyik.

İran prezidenti deyib ki, artıq vəziyyətlə bağlı nüvə anlaşmasında tərəf olaraq iştirak edən 5 ölkənin - Rusiya, Çin, İngiltərə, Fransa və Almaniyaya – dövlət başçılarına məktub göndərib. Onun sözlərinə görə, məktubda atılacaq addımlar və cavab tədbirləri haqda məlumat qeyd olunub.
Sitat: “Əgər atdığımız addımı bəhanə edib BMT TŞ-yə şikayət edərlərsə, o zaman əks-hücumla qarşı-qarşıya qalacaqlar. Məktubda atacağımız qəti addımları da qeyd etmişəm. Sizin tövsiyənizlə bir il daha gözlədik. Bu, tarixi bir ruh və milli gücün səbri idi. Eyni şəkildə müqavimət və diplomatiyamız da tarixidir. Biz bu müddətdə öhdəliklərimizə sadiq qaldıq. Bu gün də nüvə anlaşmasından çıxmaq istəmirik. İran xalqı və bütün dünya xalqları bilməlidir ki, bu gün nüvə anlaşmasının sonu deyil”.
H.Ruhani deyib ki, 60 gün ərzində müzakirələrin davam edəcəyinə ümid etdiyini və ABŞ-ın istədiyi kimi bir tərəfin qazanıb digər tərəfin itirməsi olmayacaq, “əgər bir şey olacaqsa, bu hər iki tərəfin itirməsi olacaq. Nüvə anlaşmasında ya hər iki tərəf qazanacaq, ya da hər iki tərəf itirəcək. ABŞ-ın istədiyi kimi bir tərəfin qazanıb. Digər tərəfin itirməsi olmayacaq”.

Bundan başqa Həsən Ruhani iqtisadi embarqolar səbəbilə İranın bəzi beynəlxalq öhdəlikləri, o cümlədən narkotik tranzitinə qarşı mübarizəni əvvəlki səviyyədə apara bilməyəcəyini qeyd edib.

Artıq məktublar 5 ölkəyə göndərilib. İran xarici işlər nazirinin müavini Abbas Əraqçi deyib ki, qeyd olunan 5 ölkənin Tehrandakı səfirləri XİN-ə dəvət olunub və Həsən Ruhaninin haqqında danışdığı məktub səfirlərə təqdim olunub.
Bundan başqa xarici işlər naziri Cavad Zərif AB xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali təmsilçi Federika Moqeriniyə nüvə anlaşmasındakı bəzi maddələri dayandırmaları ilə bağlı məktub göndərib.

İranın əsas düşməni İsraildən bu açıqlamaya operativ cavab gəlib. Baş nazir Benyamin Netanyahu bildirib ki, ölkəsi İranın nüvə silahına sahib olmasına imkan verməyəcək: “İranın nüvə silahına malik olmasına imkan verməyəcəyik. Bizi öldürə biləcək qüvvələrə qarşı savaşmağı davam etdirəcəyik”.
Artıq Rusiya hökuməti Həsən Ruhaninin bəyanatına münasibət bildirib. Xarici işlər naziri Sergey Lavrov deyib ki, artıq məktub onlara yetişib. Eyni zamanda o, Cavad Zəriflə görüşündə də bu mövzunu müzakirə edəcəyini deyib. Lavrov deyib ki, Rusiya İranın nüvə anlaşmasına sadiq qalmasını təqdir edir.

"Xarici təzyiqlərə görə rəsmi Tehran nüvə razılaşmasından geri çəkilib".

ONA-nın “Sputnik” saytına istinadən verdiyi xəbərə görə, bunu da Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.

"Biz ABŞ-ın İrana qarşı hərəkətlərinin nəticələrini görürük. Əlbəttə ki, diplomatlarımız bu razılaşmanı qorumaq üçün avropalı tərəfdaşlarımızla müzakirələri davam edəcəklər",- deyə o bildirib.

Bu qərar faktiki olaraq İranla nüvə anlaşmasının sona çatdırılması mənasına gəlir. Əlbəttə, iki ay ərzində Avropa ölkələrinin İrana ciddi alternativ təklif etməsələr. Lakin gedişat onu göstərir ki, Avropanın hazırda faktiki olaraq ABŞ-ın iradəsinə qarşı hər hansı ciddi addım atması mümkün deyil. Bu isə o deməkdir ki, vəziyyət yenidən 5 il əvvəlkinə geri dönəcək. İranın əlindəki imkanları səfərbər etməsi Yaxın Şərqdə gərginliyi daha da yüksəldəcək.

Kənan Rövşənoğlu,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR