İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentin “Valyuta tənzimi haqqında” Qanunu imzalamaması təqdir edilir

2474 12.02.2016 08:45 İqtisadiyyat A A
Dövlət başçısı İlham Əliyevin “Valyuta tənzimi haqqında” Qanunu imzalamadan geri qaytarmasını əksər ekspertlər   düzgün addım hesab edir. Bununla belə, Milli Məclisdə müzakirəyə çıxarılıb qəbul edilən qanunun dövlət başçısı tərəfindən geri qaytarılması hökumətdaxili ziddiyyətlərin nəticəsi kimi də təqdim edilir. 

Qeyd edək ki, İ.Əliyev yanvarın 19-da qəbul edilmiş qanunu Milli Məclisə geri qaytarıb. Bu qanun 50 min dollardan artıq vəsaitin ölkədən çıxarılması zamanı 20 faizlik verginin tətbiqini nəzərdə tuturdu.


Ekspert Samir Əliyev məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, bu qanunun müzakirəyə çıxarılıb parlamentdə qəbul edilməsi səhv addım idi: “Çünki Azərbaycanın xarici investisiyaya ehtiyacı olduğu bir dövrdə belə addım neqativ təsir edə bilərdi. Elə qanununun parlamentdə qəbulundan sonra xarici mətbuatda bununla bağlı kəskin reaksiya onu göstərdi ki, hökumətin addımı düşünülməmiş və qısamüddətli nəticəyə yönəlik olub. Bu qanunun qəbulu xarici investorların gəlişini əngəlləyirdi.



Xüsusilə də nəzərə alaq ki, iri neft şirkətləri üçün problem yaradırdı. Düzdür, maliyyə naziri bunun onlara şamil edilməyəcəyini bildirmişdi. Ancaq qanunda həm rezidentlərə, həm də qeyri-rezidentlərə valyuta çıxışı ilə bağlı əlavə ödəniş nəzərdə tutulurdu. Bu baxımdan qanunun geri qaytarılması düzgün addımdır. Ancaq digər tərəfdən, qanunların qəbulu və sonradan ləğvi kimi hadisələr də imicimizə pis təsir edir”.

Ekspertin sözlərinə görə, investorlar hökumətin addımlarında, davranışlarında qeyri-müəyyənlik, sistemsizlik müşahidə edirlər: “Və əmin deyillər ki, bu gün onların xeyrinə qəbul edilmiş qərar bir neçə aydan sonra ləğv edilməyəcək. Bütün bunlara fikir verilməlidir. Hökumət davranışlarından korrektələr edərək məsələlərə soyuqqanlı yanaşmalıdır və qərarlar strateji nəticəyə uyğun verilməlidir”.


Ekspert Natiq Cəfərli isə qeyd edib ki, hökumətin düşünülmüş strategiyası yoxdur: “Hökumət bilmir nə etsin, necə etsin, həm savadları, bilikləri çatmır, həm də öz şəxsi korrupsiya maraqları da imkan vermir ki, doğru olanı etsinlər. Verilən qərarların nə məntiqi var, nə ardıcıllığı, nə də 1 həftəyə belə hesablaması, ona görə də dövlət adına ayıb olur, verilən qərarlar sonra ləğv edilir.

Həm deyirlər ki, ölkədə özəlləşmə olacaq, xarici sərmayədarlar gələcək, investisiyalar artacaq, həm də ölkədən çıxarılan 50 mindən yuxarı vəsaitə 20 faiz vergi tətbiq edirlər. Bunu duyan xarici sərmayədar nəinki ölkəyə gələr, heç xəritədə belə Azərbaycanın yerinə baxmaz. Xarici investoru qoyaq bir qırağa, yaxşı, tutaq ki, mən vicdanlı iş adamıyam. Xaricdən mal-məhsul gətirmək istəyirəm, 200 min dollarlıq müqaviləm var, pul çıxardanda məndən 40 min dollar vergi alacaqlar? 

Bəs o zaman mən gətirdiyim malı neçəyə satmalıyam? Deməli, qiymətlər bahalaşacaq, ya da şanlı prokurorluq orqanları qapımı döyəcək ki, sən süni qiymət artırırsan, hələ 40 min də onlara verib, canımı qurtarmalıyam, eləmi? O zaman qiymət yenə artacaq. Qayıdaq əvvələ, şanlı gömrük orqanları gətirdiyim 200 minlik mala rüşvət almasalar belə, 30-36 faiz arası rüsum tutacaqlar- deməli, qiymət yenə qalxacaq. Sonra vergi orqanları gələcək ki, 20 faiz gəlir vergisi, 18 faiz ƏDV ver- qiymət yenə qalxacaq. Bunları təzəcə yola salan kimi Əmək Müfəttişliyi gələcək, deyəcək ki, bütün işçilərlə müqavilə bağla, işəgötürən kimi Sosial Müdafiə Fonduna maaşlardan 20 faiz ödə- qiymət yenə qalxacaq. Təzəcə nəfəs almaq istəyən kimi, Elman Rüstəmov çıxacaq TV-yə və deyəcək ki, narahat olmayın, 9-cu devalvasiya olmayacaq- dollarla aldığım malın qiyməti yenə qalxacaq. Yəni mən 200 min dollarlıq mal gətirmək üçün azı, bir 200 min dollar da pul xərcləməliyəm. Absurddur".


Ekspert Qubad İbadoğlu isə bildirib ki, prezidentin qanuna dəyişikliyi imzalamadan geri qaytarmasını düzgündür: “Hələ  Milli Məclis qərar verərkən mən  bu dəyişikliyi şərh edərək, onun yarada biləcəyi fəsadlar barədə fikirlərimi mətbuat vasitəsilə ifadə etmişdim. Odur ki, prezidentin addımını  təqdir edirəm. Eyni zamanda hesab edirəm ki, indiki həssas zamanda bununla kifayətlənmək olmaz. İnvestorlar üçün güclü biznes və investisiya mühitini dəstəkləyən siyasi şərait yaradılmalı və onların təhlükəsizliyi təmin olunmalı, onlara müvafiq zəmanətlər verilməli, xüsusilə də vergi və gömrük qanunvericiliyində sabit rejim yaradılmalı, hökumətin fəaliyyətində açıqlıq və səffaflıq artırılmalı, biznes korrupsiyadan azad olmalı, yaxşı idarəetmə tətbiq edilməlidir.

Bununla yanaşı, hər bir investor əmin olmalıdır ki, investisiya yatırımı təhlükəsizdir, ölkədə dövlət və məhkəmə orqanları tərəfindən ədalətli və qərəzsiz davranış təmin edilir, biznesin qarşılaşdığı çətinliklər və üzləşdiyi mübahisələr müstəqil məhkəmələrdə qanun çərçivəsində ədalətlə həll edilir. Nəhayət, hər bir ölkədə investorların görmək istədiyi müəyyən təminatlar və zəmanətlər var”. 

RÖYA 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR