İnsanlara hürriyət, millətlərə istiqlal!

İqlimin dəyişmə səbəbi: metereoloji silah, yoxsa...

875 25.07.2019 10:20 Ölkə A A

Ekspertlərdən məsələ ilə bağlı ziddiyyətli fikirlər

Ekoloq-alim Telman Zeynalov tez-tez mətbuata açıqlamasında dünyada və Bakıda baş verən iqlim dəyişikliyini metereoloji silahlarla əlaqələndirir. Alim bildirir ki, dünyada  istifadə edilən silahlar havaya da təsir göstərir.

Zeynalov bu barədə modern.az saytına açıqlamasında yenə eyni mövqedən çıxış edib. Öncə bildirib ki, Bakının iqlimi, bütün Azərbaycanın hava şəraiti yaşamaq üçün uyğundur: “Bakı küləklər şəhəridir. Dəniz sahilində yerləşir, yarımada formasında Xəzərin içərisinə uzanır. Ona görə paytaxtımızda küləklər əsir, hava şəraiti dəyişkən olur. İstəyir qərb və şərqdən, istəyir şimal və cənubdan olsun, həmişə külək əsir. Bəzən insanlar iddia edirlər ki, Bakı iqlim cəhətdən yaşamaq üçün əlverişli şəhər deyil. Halbuki biz Bakının qədrini bilmirik. Hər kəsin həqiqət hesab etdiyi iddialar ortaya atıblar - guya Yer kürəsinin iqliminin dəyişməsinə səbəb olan karbon qazıdır. Bu, çox əsassız və gülünc fikirdir. İqlimin dəyişməsinə, qlobal istiləşməyə səbəb olan münaqişələrdə, müharibələrdə metereoloji silahlardan istifadə edilməsidir. Bütün dünyada müşahidə edilən kəskin hava dəyişkənliyindən Azərbaycan da öz payını götürür”.

Ekspert Əzim Məsimov isə “Yeni Müsavat”a açıqlamasında məsələnin silahla əlaqəsinin olmadığını bildirdi: “Bu hadisələrin baş verməsinin səbəbi odur ki, Yer kürəsi öz qütbünü dəyişir. Bir neçə il öncə qütb ildə yerini 10 kilometr dəyişirdi. Hazırda isə dəyişmə 58 kilometrə bərabərdir. Yəni şimaldan qərbə doğru dəyişmə var. Bu, cavabı tapılmayan səbəbdir. Alimlər öyrənə bilmirlər ki, qütbün bu cür sürətlə yerdəyişməsi nə ilə bağlıdır? Bunun nəticəsində Rusiyanın Sibir istiqamətində istiləşmə prosesi gedir. Eləcə də Qərbi Avropada-Fransa, İspaniya, İtaliyada qar yağır, temperatur mənfiyə doğru dəyişir. Asiya ölkələrində də görünməmiş dərəcədə yağışlar, sellər düşür”.

Bu barədə “Nature” jurnalında da məqalə dərc edilib. Ölkə.az saytı həmin məqaləyə istinadən bildirir ki, artıq alimlərə elektron naviqasiya sistemlərinin xəritəsi üçün təcili yenilənmənin işə salınması barədə göstəriş verilib. Tədqiqatçıların sözlərinə əsasən, hazırda şimal maqnit qütbü Kanadadan Sibir istiqamətində hərəkət edir. Hərəkətin sürəti bir il ərzində 50 km təşkil edir.

Ekspert Əzim Məsimov ile ilgili görsel sonucu

Qeyd edilib ki, maqnit qütblərinin yerdəyişməsi adi haldır, amma bu, əslində çox ləng prosesdir. Məsələn, Cənub maqnit qütbü il ərzində 10 km yer dəyişir. Alimlər hazırda Şimal maqnit qütbünün yerdəyişmə sürətini artıran əsas səbəbi tapa bilmirlər. Ehtimal edilir ki, maqnit qütblərinin hərəkətinə Yerin tərkibindəki maye təsir edir. Kanada və Sibirin altındakı axınlar şimal qütbünə təsir edir. Son məlumatlara əsasən, Sibir nöqtəsi daha güclüdür. Əgər yerdəyişmənin sürəti artmaqda davam etsə, Yerin maqnit qütbləri yerlərini dəyişə bilərlər. Bu isə tarix boyu çox nadir hallarda, bir neçə yüz min ildə bir dəfə baş verib. Amma bu yerdəyişmələr qlobal kataklizmlərlə müşayiət olunub.

Qütblərin yerdəyişməsi elektrik sistemləri və peyk naviqasiyalarının sıradan çıxması ilə nəticələnə bilər. Amma ən böyük təhlükə başqadır. Maqnitosferin zəifləməsi ilə birlikdə zərərli kosmik radiasiya planetin səthinə düşəcək. Sonuncu dəfə Yerin qütbləri 780 min il əvvəl dəyişib. İlk dəfə şimal qütbünün anomal hərəkəti 2007-ci ildə müşahidə edilib. O dövrdə mətbuat qütbün Böyük Britaniyaya doğru dəyişdiyini yazmışdı. O vaxtdan etibarən hərəkətin sürəti dəyişməyib və şimal qütbünün Sibirə doğru hərəkət etdiyi məlum olub. Bir neçə onillikdən sonra qütbün son nöqtəsinə çatacağı ehtimal edilir.

Hərbi ekspert Rəşad Süleymanov ile ilgili görsel sonucu

Hərbi ekspert Rəşad Süleymanov “Yeni Müsavat”a söylədi ki, əslində dünyada metereoloji silahlar mövcuddur: “Lakin onlar ümumən iqlimi dəyişmək gücündə deyillər. Metereoloji silahlardan, sadəcə olaraq, yağış, dolu yağdırmaq, bulud qovmaq və digər bu kimi hallar üçün istifadə edilir. Bu isə qeyd etdiyim kimi, bütün dünyada iqlimi dəyişməyə imkan vermir. Bu cür silah yoxdur. Olsa da bu haqda kimsədə məlumat mövcud deyil. Ancaq bir məsələ var ki, radiodalğalar vasitəsilə müəyyən maqnitlənmiş mühit yarada bilirlər. Bu cür qurğuların sayəsində ərazidə maqnitlik səviyyəsi normadan artıq olur. Ona görə də həmin bölgədə yaşayan meteohəssas  insanlarda baş ağrıları, dərilərində qızartılar olur. Türkiyədə tədqiqatlar aparıldı və məlum oldu ki, Fars körfəzi, Ərəbistan yarımadasında radiolokasiya sistemlərinin gücləndirilməsi və eləcə də Aralıq dənizindəki döyüş gəmilərində istifadə edilən hava hücumundan müdafiə sistemlərinin fəaliyyətinin artması səmada ləkələr yaradıb. Bu ləkələr radioelektron şüalanmanın dərəcəsindən asılı olaraq çoxalır. Məsələn, telefonumuzda dalğanı göstərən hissə var. Dalğa tam göstəriləndə onun normadan nə qədər artıq olması ilə bağlı heç bir bildiriş gəlmir. Əslində isə radioelektron dalğaların təsirləri ölçülməlidir. Normal radiolokasiya işləyən zaman ətrafda yaşayan insanlarda baş ağrısı olur. Təsəvvür edək ki, bir ərazidə yüzlərlə gəmidə olan radioelektron şüalar tuşlanır və fasiləsiz döyüş növbəsi aparılır. Bu, fasiləsiz şüalanma deməkdir. Şüalanma isə nəticədə havadakı maqnitləşməni artırır. İnsanlarda baş ağrıları, bədəndə əzginlik əmələ gəlir. Bu kimi faktorlar iqlim dəyişikliyinə təsir edə bilir. Ancaq bu, ərazidə müvəqqəti olan haldır. Eyni zamanda konkret olaraq lokal ərazidən söhbət gedir. Radioelektron şüalanma daimi hal deyil. Cihazlar işləməsə, dayanır. Yəni bunu da heç iqlim dəyişdirən cihaz saymaq olmaz. 2003-cü ildə ABŞ İraqa hücum edən zaman orada tətbiq etdiyi radioelektron mübarizə sistemləri, Rusiyanın Krasnodar vilayətinə qədər böyük bir ərazidə öz təsirini göstərib. Bu, tədqiqatlar nəticəsində sübut olunub”.

Əli RAİS,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR