Apple-ın yeni nəsil smartfonlarının qiymətində ciddi artım ola bilər.
Musavat.com xəbər verir ki, Apple yaddaş çipləri və məlumat saxlama qurğularının bahalaşması səbəbindən məhsullarının qiymətlərini artırmağa hazırlaşır.
Şirkətin baş direktoru Tim Kuk bildirib ki, uzun müddət müştəriləri qiymət artımından qorumağa çalışsalar da, mövcud vəziyyət artıq davamlı deyil.
Məlumata görə, xüsusilə iPhone 18 Pro modelinin qiyməti təxminən 270 dollar arta bilər. Bahalaşmanın iPhone, iPad və Mac seriyalarını da əhatə edəcəyi qeyd olunur.
Ekspertlər hesab edirlər ki, süni intellekt funksiyalarının inkişafı istifadəçilərin daha böyük yaddaş tutumuna malik cihazlara tələbatını artırır. Bu isə yaddaş komponentlərinin qiymətlərinin yüksəlməsinə səbəb olur.
Qeyd edək ki, oxşar qiymət artımı addımlarını son vaxtlar Samsung, Microsoft, Sony və Dell şirkətləri də atıblar.
Musavat.com






